Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu, bir daha sübut edir ki...”

19.09.18, 10:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dilavər Əzimli: ““Bir millət, iki dövlət” olan iki ölkənin arasına girmək mümkün deyil”


“Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı şəhərinin erməni-daşnak-eser-menşevik-ingilis hərbi birliklərinin işğalından azad olunmasının yüz illiyi ilə bağlı Azərbaycana gəlişinin çox böyük əhəmiyyəti var”. Bu sözləri tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli deyib. Onun fikrincə, bu, bir daha sübut edir ki, “bir millət, iki dövlət” olan iki ölkənin arasına girmək mümkün deyil: “Bu addım, xüsusilə keçirilən parad bütün dünyaya bir nümayiş idi. Əslində, bu addım Turan Birliyi yolunda atılan ikinci ən böyük addım idi. Birinci addım kimi, türk dövlət rəhbərlərinin Bişkek görüşünü saymaq olar. Düzü, buna qədər enerji məsələlərində türk dövlətləri bir araya gəliblər. Amma Bişkek görüşü həm də siyasi birliyi nümayiş etdirdi. Bu görüşdə Macarıstanın iştirakı xüsusilə qeyd olunmalıdır. Həmçinin, Özbəkistan da iştirak edirdi. Qalır bir Türkmənistan. İnanırıq ki, o da birliyə qoşulacaq. Bütün bunların yolu isə təbii ki, Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsindən keçir”.
D. Əzimli hesab edir ki, Azərbaycan türk dünyasını birləşdirən ölkədir: “Azərbaycan Turanın mərkəzidir. İstər prezident cənab İlham Əliyev, istərsə də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında olduqca vacib məqamlara toxundular. Bildirdilər ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, bu dostluğa heç bir qüvvə mane ola bilməz. Mənim üçün ən həyəcanlı dəqiqələr Azərbaycan və Türkiyə hərbçilərinin birgə paraddan keçməsi idi. Türkiyə ordusu Osmanlı hərbi formasında paraddan keçdi. Sanki Nuri Paşa özü öz hərbi dəstəsi ilə bu paraddan keçirdi. Hər iki ölkənin prezidentləri də bunu qürur hissi ilə seyr edirdilər. İnsanlar arasında göz yaşlarını silənlər də var idi. Bu sevinc göz yaşları idi. Ərdoğanın ölkəmizə 15 sentyabrda gəlişi Azərbaycanın Türkiyə üçün necə əhəmiyyət kəsb etdiyini göstərdi. Artıq bir həqiqət var ki, dünyada iqtisadi və siyasi cəhətdən türk birliyi formalaşmaqdadır. Bundan sonra bədxah qüvvələrin planları həyata keçə bilməz. Azərbaycanın səmasında ölkəmizə məxsus hərbi təyyarələrin və “Türk Ulduzların”nın uçuşu əksər tamaşaçını kövrəltdi. Əminik ki, bir gün gələcək, bu hərbi dəstələr Azərbaycanın bütövlüyünü təmin edəcək və vahid türk ordusu fəaliyyət göstərəcək”.

Bu xəbər oxundu
- - -