Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalı

19.09.18, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Daşkənddəki “Tashkent Palase lotte” otelində Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü ilə əlaqədar “Tasanno-2018” milli mətbəx festivalı keçirilib.
Festivalda Azərbaycanla yanaşı, Çin, Rusiya, Macarıstan, İndoneziya, Qazaxıstan, Latviya, Banqladeş, Tacikistan, Türkmənistan və digər ölkələr iştirak edib.
Ölkəmizi tədbirdə Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təqdim ediblər.
Bayrağımızın asıldığı guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurları ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəximizlə əlaqədar nəşrlər, suvenirlər nümayiş etdirilib. Qonaqlara milli xörəklərimiz - dolma, plov, dovğa, həmçinin kükü, kətə, müxtəlif qutablar, həmçinin şəkərbura, paxlava, qoğal və şərbətlərimiz təklif olunub.
Festivalı giriş sözü ilə Özbəkistanın Nazirlər Kabineti yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri və Millətlərarası Münasibətlər Komitəsinin sədri Rüstambek Qurbanov açaraq tədbirin əhəmiyyətindən danışıb, son illərdə Özbəkistanda bütün sahələrdə geniş islahatların aparıldığını, ölkədə mədəniyyət sahəsində də böyük tədbirlərin keçirildiyini qeyd edib. O “Tasanno-2018” milli mətbəx festivalına marağın böyük olduğunu və builki festivalda müxtəlif ölkələri təmsil edən musiqi və rəqs kollektivlərinin iştirakının da nəzərdə tutulduğunu qeyd edib.
Sonra festivalda iştirak edən musiqiçilərin iştirakı ilə bədii proqram təqdim olunub. Müxtəlif ölkələrin milli rəqsləri, musiqiləri nümayiş edilib.
AMM-nin hazırladığı konsert proqramı iştirakçıların böyük marağına səbəb olub, Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi Azərbaycan və özbək mahnıları tamaşaçıların alqışları ilə qarşılanıb. AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri isə milli rəqslərimizi ifa ediblər.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev festivalda iştirak edib.

Bu xəbər oxundu
- - -