Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gürcüstanda Nəriman Nərimanova həsr olunan tədbir keçirilib

19.09.18, 14:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gürcüstanın Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun həyat və yaradıcılığının təbliğinə həsr olunan görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin təşkilatı dəstəyi ilə baş tutub.
Görüşdən öncə Nəriman Nərimanovun Bakıdakı Ev Muzeyinin direktoru Kamilə Hüseynova, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə, azərbaycanlı ziyalılar və gənclər Nəriman Nərimanovun Marneulidəki büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Çay evində keçirilən tədbirdə çıxış edən gənc fəal Aygül İsayeva bildirib ki, əsas məqsəd Nəriman Nərimanovun gənclər arasında düzgün və tarixi faktlar əsasında tanıdılmasıdır: “Nəriman Nərimanovun həyat və fəaliyyəti Gürcüstanla sıx bağlı olub və o, həmişə bu ölkədə xüsusi hörmət və ehtiramla yad edilib. Onun Gürcüstanda böyük xidmətləri olub və Nəriman Nərimanov iki xalq arasında dostluq simvolu kimi tanıdılmalıdır. Azərbaycanlı gənclər və Gürcüstan ictimaiyyəti arasında Nəriman Nərimanovun olduğu kimi təbliğ olunmasına böyük ehtiyac var. Ədibin tanıdılması üçün onun əsərləri gürcü dilinə tərcümə olunmalıdır”.
Nəriman Nərimanovun Bakıdakı Ev Muzeyinin direktoru Kamilə Hüseynova isə bildirib ki, görkəmli dövlət xadimi və yazıçının zəngin irsinin gənclər arasında tanıdılmasının böyük əhəmiyyəti var: “Gənclər Nəriman Nərimanovun yaradıcılığı, onun haqqında tədqiqat işləri ilə yaxından tanış olmalıdırlar. Tbilisidəki böyük ədibin Xatirə Muzeyinin zəngin fondu var. Məktəblilər və gənclər Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə tanış olmaq üçün muzeyə baş çəkməlidirlər. Bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür”.
Kamilə Hüseynova qeyd edib ki, 2020-ci ildə Nəriman Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Gürcüstanda da tədbirlərin keçirilməsi planlaşdırılır.
“SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov da Nəriman Nərimanovun Gücüstan azərbaycanlıları arasında tanıdılmasının vacib olduğunu qeyd edib: “Nəriman Nərimanovu tanımaq yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur. Onun Gürcüstanda tanıdılması üçün gələcəkdə belə görüşlər daha geniş formatda keçirilməlidir”.
Azər Məmmədov atası, Nəriman Nərimanovun ilk tədqiqatçısı olan Vəli Məmmədovdan da söz açıb. O, atasının Nəriman Nərimanovun həyatı və irsinə dair zəngin materialları necə topladığının şahidi olduğunu vurğulayıb.
Görüşdə Nəriman Nərimanovun Gürcüstanda tanıdılması, adının əbədiləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib və onların ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Nəriman Nərimanovun Bakıdakı Ev Muzeyinin adından Marneuli Çay evinə üzərində böyük dövlət xadimi və ədibin şəkli olan xalça hədiyyə olunub.

Bu xəbər oxundu
- - -