Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney azərbaycanlıların diasporunun ana dili uğrunda mübarizəsi

20.09.18, 7:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

30-31 may 1998-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda DAK-ın II qurultayı keçirildi. Bu dönəmdən etibarən DAK-a Kaliforniyada yaşayan Əli Nəzmi başçılıq edirdi. Vaşinqton qurultayında İranda insan hüquqlarının pozulmasını və orada yaşayan 30 milyonluq Azərbaycan türkünün haqqının tapdalanmasını ifadə edən etiraz bəyanatı qəbul olunmuşdu. Güney Azərbaycan haqqında qəbul edilən qətnamədə ana dilinin qorunması ilə bağlı müddəalar da əks olunurdu: “İran dövlətindən istənilir ki, Güney Azərbaycanın tarixi torpaqlarında yaşayan 30 milyonluq Azərbaycan türklərinə ilk məktəbdən başlayaraq universiteti qurtarana qədər ana dilində təhsil alma imkanı yaradılsın...”, “Güney Azərbaycanda ana dilində və ədəbi formada radio və televiziya proqramları hazırlanıb verilsin, ana dilində mətbuat azadlığı təmin edilsin...”. Burada qaldırılan məsələlər I Qurultayda qaldırılan məsələlərdən fərqlənməsə də daha konkret və aydın qoyulmuşdu.
Güney azərbaycanlıların diasporunun intellektual müstəvidəki fəaliyyətinin davamı olaraq 20-21 noyabr 1998-ci ildə Berlində (Almaniya) “Əsrin astanasında Güney Azərbaycan” mövzusunda keçirilmiş elmi seminarda professor M.Zehtabi (Təbriz), doktor Ziya Sədrul Əşrəfi (Paris), Həsən Şəriətmədari (Hamburq), Stokholmda çıxan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili, yazıcı Behruz Həqqi (Köln) və Mayntsda (Almaniya) nəşr edilən “Azərbaycanın səsi” dərgisinin baş redaktoru Sirus Mədədinin Güney Azərbaycanla bağlı məruzələri dinlənmiş və müxtəlif siyasi baxışlara malik olan mühacirlər həmin tədbirdə Güney Azərbaycanın tarixi, bu günü və gələcəyi barədə elmi fikir mübadiləsi aparmışdılar.
DAK-ın III Qurultayı 3-5 oktyabr 1999-cu ildə 300-dən çox nümayəndənin iştirakı ilə Köln şəhərində keçirilmiş və əsasən 4 məsələ ətrafında (Güney Azərbaycanda milli-azadlıq hərəkatı, Quzey Azərbaycanın işğal olunmuş əraziləri və Qarabağ məsələsi, Azərbaycanda demokratiya və insan haqları, dünyada fəaliyyət göstərən Azərbaycan cəmiyyət, dərnək və təşkilatları ilə sıx əlaqələrinqurulması) müzakirə keçirərək Güney Azərbaycanda insan haqlarının pozulmasını əks etdirən, Şeyx Məhəmməd Xiyabaninin “Müstəqil olmayan bir millətin hörmət və izzəti olmaz. Ey ölməz Azərbaycan, başını qaldır və əbədi yaşa” sözləri ilə başlayan bəyanat qəbul etmişdi. Bu sənəd BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasına göndərilmişdi.
DAK-ın IV Qurultayı ABŞ, Kanada, Fransa, Almaniya, Belçi¬ka, İsveç və İsveçrədən 100-dən çox nümayəndənin iştirakı ilə 21-22 oktyabr 2000-ci ildə Fransanın Strasburq şəhərində keçirilmişdi. Qurultayda əsas mövzular İran rejiminin Güney Azərbaycandakı müstəmləkəçilik siyasəti, Güney Azərbaycanda gedən milli-azadlıq hərəkatının vəziyyəti və onun qarşısında duran vəzifələr, işğal olunmuş ərazilər və Qarabağ problemi, Azərbaycanda demokratiya və insan haqları idi. Qurultayda Güney Azərbaycanda ana dili və hakim rejim məsələləri, azərbaycanlıların diaspora fəaliyyəti, lobbiçiliklə bağlı problemlərdən daha geniş bəhs olunmuş və vahid informasiya məkanının yaradılması məsələsi qaldırılmış, “Dünya azərbaycanlıları” dərgisinin təsis edilməsi qərara alınmışdı. Bu təşəbbüslər DAK-ın V Qurultayında da (10-12 avqust 2001-ci il, Malmo) irəli sürülmüşdü. Bununla yanaşı, fars şovinizminin qurbanı olan şəxslərin, təşkilatların, mətbuat orqanlarının qarşılaşdığı problemlərin beynəlxalq təşkilatlara çatdırılması, onların haqlarının müdafiə edilməsi, bölünmüş millət məsələsinin BMT səviyyəsinə qaldırılması müzakirə mövzusu olmuşdu. Qurultaylarda Güney Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bəyanat və müraciətlər qəbul edilərək BMT-nin baş katibinə və BMT-nin Təhlükəsizlik Şurasına göndərilmişdi. Bütün bunlar bizə onu deməyə əsas verir ki, ana dili məsələsi əvvəllərdə olduğu kimi yalnız Güney Azərbaycanın elementar milli-mədəni hüquqları problemi səviyyəsində deyil, artıq qlobal, əsaslı milli-siyasi maraqlar problemi kimi önə çəkilirdi.
80-ci illərin sonundan müzakirə mövzusu olan vətən-diaspor əlaqələri, diasporun intellektual və iqtisadi potensialının milli maraqlar istiqamətində hərəkətə gətirilməsi məsələsi nəhayət 8-9 noyabr 2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının I qurultayında dövlət əhəmiyyətli məsələ kimi qoyuldu və azərbaycançılıq əsas milli-ideoloji doktrina elan edildi. Konkret olaraq qurultaya Güney Azərbaycandan qonaq dəvət olunmamasına, mühacir cənubi azərbaycanlıların İranda ana dilindən istifadə hüquqlarının təmin edilməsi uğrunda mübarizəsinə dövlət dəstəyi müşahidə edilməməsinə baxmayaraq, güneyli mühacirlərin bu qurultaya qatılmasını İran hökuməti etirazla qarşılamış, Tehrandan yayımlanan radio və televiziyalarda qeyd olunan tədbir çox kəskin tənqid olunaraq “İranın daxili işinə müdaxilə” kimi qiymətləndirilmişdi.
Hər il dekabrın 12-də 21 Azər Hərəkatının ildönümünün qeyd edilməsinin özü milli oyanışın əlaməti kimi başa düşülməlidir. 2001-ci ildə milli məsələnin həllinə müxtəlif yanaşmaları olan çeşidli partiyaların bir araya gəlib (DAK, ADF, BAB, 21 Azər və s.) Milli Hökumətin ildönumünü qeyd etməsi və vahid platforma ətrafında birləşməyə dəvət etməsi, xaricdəki güneyli milli qüvvələrin daha geniş tutumlu ictimai-siyasi, mədəni fəallıq müstəvisi üzərinə keçmək arzusunda olduğunu açıq göstərirdi.
2001-ci ildə həbsdən azad edilən Doktor M.Çöhrəqanlı 2002- ci ilin əvvəllərindən öz fəaliyyətini xaricdə davam etdirməyə başladı və GAMOH-un varlığını rəsmi şəkildə elan etdi. Bu ildən etibarən qurumun xaricdə 24 bürosu fəaliyyət göstərməyə başladı.
2001-ci ilin mayında Berlində GAMOH-un Avropa üzrə “Səhənd” adlı mətbuat və informasiya mərkəzi açıldı. Eyni zamanda Almaniya, ABŞ, İsveçrə, İsveç, Danimarka və Türkiyədə GAMOH-un təmsilçilikləri fəaliyyətə başlayıb. Çöhrəqanlı Azərbaycandakı bir sıra təşkilatlarla görüşündə bütövlük ideyasını müdafiə etmişdi: “Allah Əbülfəz bəyə rəhmət eləsin ki, Məhəmməd Əmin Rəsulzadə kimi böyük örnəklərdən bütövlük amalını alıb və onu indiki vətənsevər nəsillərə bağışlayıb... İnşallah, birləşdikdən sonra Quzeydəki rus, Güneydəki fars mənşəli sözlərdən imtina edib ortaq ifadələr işlədəcəyik”. Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsində Çöhrəqanlının beynəlxalq təşkilatlarda, eyni zamanda qəzet və televiziyalardakı çıxışları da böyük rol oynadı. 2002-ci ilin yanvarında Çöhrəqanlı Avropa Şurasının baş katibi Valter Şvimmerlə görüşmüş və İranın ümumi vəziyyəti, demokratik məsələlər, bəşəriinsan haqlarının tapdanması və cənubi azərbaycanlıların assimilyasiyaya məruz qalması barədə məlumatlar vermiş, İran konstitusiyasındakı 15 və 19-cu maddələrin icrasının, eyni zamanda İranın 1948-ci ildə imzaladığı İnsan Haqları Bəyannaməsinin reallaşdırmasının vacibliyini vurğulamışdı. Bundan sonra Çöhrəqanlı Almaniyanın Xarici İşlər Nazirliyində, nazirliyin İnsan Haqları Komitəsində və Xristian Sosialist İttifaqında, Danimarka Milli Məclisində, Danimarka Sosial-Demokrat Partiyasının xarici əlaqələr şöbəsində keçirdiyi görüşlərdə qeyd etdiyimiz məsələləri müzakirə etmişdi.
DAK-ın nümayəndəlikləri ilə ABŞ Dövlət Departamentinin İran üzrə mütəxəssisi Coanna Levinson arasında keçirilən görüşdə İranda insan haqlarına dair vəziyyət, xüsusilə azərbaycanlıların üzləşdiyi problemlə bağlı müzakirələr aparılmışdı. C.Levinsona Tehran rejiminin qədim Azərbaycan abidələrini qəsdən dağıtması, coğrafi adları dəyişməsi, dərsliklərə Azərbaycan qəhrəmanlarının və tarixi şəxsiyyətlərinin adlarının salınmasını qadağan etməsi, həmçinin İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün ictimai-siyasi təşkilatların yaradılmasına məhdudiyyət qoyması barədə faktlar açıqlanmışdı.
Belə demək mümkünsə, mübarizənin nəticəsi kimi Cənubi Azərbaycan məsələsi 2002-ci ilin əvvəllərində beynəlxalq təşkilatların və böyük dövlətlərin diqqətini çəkməyə başladı. 2 fevral 2002-ci ildə ABŞ Dövlət Departamentinin Dünya üzrə insan haqlarının vəziyyətinə dair illik hesabatında İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarının pozulması faktı öz əksini tapdı. Departamentin İrandakı azərbaycanlılara diqqət yetirməsinə ABŞ-la İran arasında gərginliyin nəticəsi kimi baxılsa da, bu məsələnin Dövlət Departamentin hesabatında yer almasında Qərbdəki, xüsusən də ABŞ-dakı Güney azərbaycanlı mühacirlərin mübarizəsinin təsiri qeyd olunmalıdır.
2002-ci ildə digər mühüm hadisə Güney Azərbaycan məsələsinin BMT-də qaldırılması oldu. İnsan Haqları Komissiyasının 50-ci sessiyasında İran üzrə məruzəçisi Moris Koptorn öz çıxışında bildirmişdi: “İranda Azərbaycan dilinə sayğısızlıq, Azərbaycan mədəniyyətinin assimilyasiyası baş verir... Bu gün azərbaycanlı ziyalıların nümayəndələri mərkəzi hakimiyyəti mədəni hüquqlar uğrunda mübarizə aparanların təqib olunmasında, azərbaycanlı adı qoyulmuş uşaqların qeydiyyatının yasaq edilməsində, azərbaycanlıların türk köçərilərinin təsiri altında öz dilini dəyişmiş etnik farslar olması barədə təbliğatda ittiham edir”. Bu, dünya birliyinin İranda yaşayan Azərbaycan türklərinin milli problemlərinə diqqətinin artdığını göstərir. 11 sentyabr hadisələrindən sonra dünyada terrorizmi dəstəkləyən ölkələrə münasibətin dəyişməsi, ABŞ prezidenti C.Buşun 2002-ci ildə İranı “şər üçbucağı” ölkələrinə aid etməsi, Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında Cənubi Azərbaycan türklərinin durumuna diqqət yetirməsi, Çöhrəqanlının Avropada yüksək səviyyədə qarşılanması bu sənədlərin təsadüfi xarakter daşımadığını göstərir.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -