Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rus təyyarəsinin vurulmasında fransız tapmacası

20.09.18, 8:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qəzəblənmiş Moskva İsraildən necə qisas alacaq?

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon söhbətində İsrailin hava hücumlarının müstəqil Suriya dövlətinin ərazi bütövlüyünü pozması olduğunu söyləyib.
Qeyd edək ki, Suriya ərazisinə hücum zamanı dörd “F-16” döyüş təyyarəsi səmada təhlükəli vəziyyət yaradıb, nəticədə, Rusiyaya məxsus “Il-20” təyyarəsi 15 nəfərlik hərbi personalla birlikdə Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən “S-200” raketi ilə vurulub və təyyarənin qalıqları Aralıq dənizinə düşüb.
İsrail tərəfi əməliyyatın gedişi barədə Rusiya hərbi birliyini xəbərdar etməyib. Bu, iki tərəfin hava qəzalarının qarşısını almaq üzrə razılaşmasına ziddir.
Strateq “Təsnim” İA-ya (İran) istinadən yazır ki, Vladimir Putin İsrailin baş nazirinə belə bir hadisənin təkrarlanmasına icazə verməyəcəyini xatırladıb.
Bu arada, Netanyahu hadisəyə görə Suriya ordusunu təqsirləndirməyə çalışaraq, Rusiya hərbçilərinin ölümünə təəssüfləndiyini bildirib. O, həmçinin İsrail hərbi hava qüvvələri komandanının hadisəni araşdırmaq üçün Moskvaya səfər edəcəyini deyib.
“Kommersant” qəzeti hadisə ilə əlaqədar yazısında qeyd edir ki, Rusiya prezidenti bunu “dəhşətli hadisələr zənciri” adlandırıb. Rusiyanın Müdafiə Nazirliyi başlanğıcdan İsrailin 15 hərbçinin ölümünə baiskar və bunu isbat etmək üçün sübutların olduğunu bildirsə də, israilli səlahiyyətlilər hadisəyə görə məsuliyyəti boyunlarına götürmək istəmirlər.
Hər halda, Vladimir Putin Rusiyanın bu hərəkətə hər kəsin başa düşəcəyi şəkildə mütləq cavab verəcəyini vəd edib. İsrail tərəfi isə Moskvanın tezliklə Suriyaya hava hücumlarına reaksiya verəcəyindən narahatdır.
İsrailin Moskvadakı səfiri Qeri Korn da Rusiya XİN-ə çağırılıb və Rusiya hökuməti tərəfindən tənbeh edilib. Söhbət zamanı xarici işlər nazirinin müavini Sergey Verşin Moskva səlahiyyətlilərinin Təl-Əvivin hərəkətini qeyri-qanuni və məsuliyyətsiz olaraq qiymətləndirdiyini vurğulayıb.
Rusiya Federasiyası Şurasında (Senatda) və Dövlət Dumasında İsrailin davranışı “təcavüz hərəkətlər” adlandırılıb və Moskvanın buna kəskin təpki verməsi çağırışı səslənib. Hətta İsraillə diplomatik əlaqələrin dayandırılması və hərbi zərbə tələbi irəli sürülüb.
İsrailin Moskvadakı səfirliyi bu günə qədər vəziyyətə şərh verməkdən imtina edib, amma İsrail hərbi rəsmiləri hadisənin səbəbini araşdırmaq üçün Rusiyaya bütün lazımi məlumatları təqdim etməyə söz veriblər.
“Kommersant”ın məlumatına görə, Rusiya, əlbəttə, məlum hərbi səhvə görə İsraillə hərbi münaqişəyə girməyəcək, bu, Moskvanın maraqlarına uyğun deyil. Ancaq bu hadisədən sonra Rusiya artıq Suriya torpağına İsrailin hərbi zərbələrinə səssizcə qalmayacaq və kəskin münasibət göstərəcək.
Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının sabiq rəisi, general-polkovnik Leonid İvaşov “Nezavisimaya qazeta” nəşrinə verdiyi müsahibədə Suriya səmasında İsrail təyyarələrinin hücumuna Rusiyanın cavab tədbirlərindən birini açıqlayıb. Onun sözlərinə görə, çətin ki, İsrailin hücumlarından özünü müdafiə etmək üçün Rusiya “Hizbullah” hərəkatını qabaqcıl hərbi texnika ilə təmin etsin.
Qocaman rus hərbçisi deyib ki, Moskva Suriya ordusunun hava hücumundan müdafiə imkanlarını müasir avadanlıqla təchiz etməli, öz təyyarələrinin xarici təyyarlərdən fərqləndirə bilməsi imkanlarını gücləndirməlidir.
Hərbi ekspert Yuri Nitkaçev “Nezavisimaya qazeta”ya xatırladıb ki, “İl-20” təyyarəsinin fəlakəti Rusiyanın İsrail, hətta ABŞ-la əlaqələrində maraqlı bir vəziyyət yaradır. Onun sözlərinə görə, məlum raket hücumlarında Fransa donanması tərəfindən həyata keçirilən hücum faktı dəqiqləşdirilməlidir.
Ekspert qeyd edib ki, prosesin bu dərəcədə sıxlaşması ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə Rusiyanın birbaşa hərbi toqquşmasına gətirib çıxara və ümumilikdə Suriyada deyil, bütün Yaxın Şərqdə gərginliyin dərinləşməsinə səbəb ola bilər.

Bu xəbər oxundu
- - -