Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Özbəkistan BTQ vasitəsilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır

20.09.18, 14:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin dəmir yolu administrasiya rəhbərlərinin ilk görüşündə ölkəmizi müşahidəçi qismində təmsil edib.
Görüşdə qurumun sədri Cavid Qurbanov son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməkdə olduğunu, beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atıldığını, mövcud dəmir yolu infrastrukturunun modernləşdirildiyini deyib. Qeyd edib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. Həmin nəqliyyat dəhlizlərinin fəal iştirakçıları məhz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Azərbaycanın nəqliyyat sisteminin ŞƏT-ə üzv olan dövlətlər ilə əməkdaşlıq şəraitində beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası gücləndirilib.
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan Cavid Qurbanov diqqətə çatdırıb ki, bu marşrut Asiyanı Avropa ilə birləşdirir. İstismara verildiyi 10 ay ərzində bu marşrutla 3000-ə yaxın konteyner və digər təmayüllü vaqonlarda yük daşınıb.
Qeyd olunub ki, Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.
İclasın sonunda müvafiq protokol imzalanıb.
Tədbir iştirakçıları "Mərkəzi Asiya beynəlxalq nəqliyyat dəhlizləri sistemində: strateji perspektivlər və reallaşmamış imkanlar" adlı konfransda da iştirak edəcəklər.

Bu xəbər oxundu
- - -