Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İsrailin yeni başağrısı

21.09.18, 12:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çin İsrailin müdafiə və sənaye sahələrinə "təcavüz edir"
Çin Aralıq dənizində “Bir qurşaq-Bir yol” layihəsini (BRI) həyata keçirmək istədiyindən bəzi İsrail analitikləri bunu İsrailin müdafiə və sənaye kimi həssas sahələrə Pekinin təcavüzü kimi qiymətləndirirlər. Ön cəbhədə Çinin Şanxay Beynəlxalq Liman Qrupu (SIPG) 2021-ci ildə Hayfa sahilində xüsusi olaraq inşa edilmiş dəniz limanının rəhbərliyini ələ keçirməyi planlaşdırır. Son bir neçə ildə limanın genişləndirilməsinə kömək etdikdən sonra onun istismarına dair 25 illik müqavilə imzalanıb.
“Strateq” “The Media Line”yə (İsrail) istinadən yazır ki, Hayfa limanı ABŞ hərbi gəmilərinin bölgəyə giriş yeridir. SIPG limanın kommersiya hissəsini ələ keçirdikdə, bu, çinlilərin ABŞ hərbi gəmilərinə və qurğularına yaxın olacağı mənası verir. Beləliklə, Çinin təhdidi, habelə mühüm sənaye və müdafiə sirlərini oğurlamaq potensialı da daxil olmaqla, təhlükəsizlik riskləri ilə bağlı suallar ortaya çıxır. Bu baxımdan, Çinin limanın hətta bir hissəsini ələ keçirməsi belə, İsraillə uzun müddətli və ən mühüm müttəfiqi, yəni ABŞ arasında əhəmiyyətli qırılma yarada bilər.
İsrailin perspektivindən daha çox narahatlıq doğuran sözügedən limanın yaxınlığında İsrailin nüvə silahı imkanları olan sualtı donanma bazasıdır. Müqavilənin tənqidçilər bildirirlər ki, Çinin gəmiləri donanma üçün qəbuledilməz təhlükə təşkil edir. Məxfi xidmət agentliyi olan “Mossad”ın sabiq rəhbəri Efraim Halevi Çinin İsraildə artan mövcudluğunun milli təhlükəsizliyə risklərindən narahatlıqlarını dilə gətirib. “Əgər Hayfa mülki rejimlə birbaşa çinlilər tərəfindən nəzarət edilən liman halına gəlirsə, bu, strateji ərazidə Çin üçün sadəcə simvolik olaraq qədəm basma mənası vermir”.
Halevi əlavə edib: “Əlbəttə, İranla əlaqələrin genişlənməsinə vurğu edən Çinin siyasəti bir çox suallar yaradır”. ABŞ-ın İsraillə münasibətlərinə gəldikdə, Halevi deyib: “Dünyada belə bir kombinasiyanın mövcudluğunu xatırlamıram. ABŞ-ın dünyanın müxtəlif əsas sahələrində bir sıra limanları var, amma hələ də Çin və ABŞ-ın birlikdə “çobanlıq etdiyi” liman barədə heç bir sübut görməmişəm”.
Çinin BRI Təşəbbüsü – ətraf və digər ölkələrin iqtisadiyyatlarını artırmaq üçün böyük infrastruktur qurma planıdır. BRI Çin, Rusiya, Türkiyə, İndoneziya, Banqladeş və Pakistan bazarlarını birləşdirən artıq qurulmuş və ya planlaşdırılan yerüstü marşrutlara şamildir. O, 2013-cü ildə Çin prezidenti Sinin təklif etdiyi köhnə İpək Yoluna, minlərlə il əvvəl Avropa və Çin sivilizasiyalarını bir-birinə bağlayan quru ticarət yolları şəbəkəsinə qayıdış deməkdir.
“Yol” perspektivi paradoksal olaraq Çini Mərkəzi Avropa ilə Hind okeanı, Süveyş kanalı və Aralıq dənizi vasitəsi ilə əlaqələndirən dəniz marşrutlarını da nəzərdə tutur. Bu marşrutlar boyunca nəqliyyatın asanlaşdırılmasını təmin etmək üçün Çin bir çox ölkələrdə limanlara investisiya qoyma və inşaat işlərini hədəfləyir.
Pekinin bu plana 8 trilyon dollar sərmayə qoyması gözlənilir. Prezident Sinin hakimiyyətdə qalmağı arzuladığı müddətdə (Kommunist Partiyası artıq iki dövrlük məhdudiyyəti ləğv edib), gələcəkdə BRI qlobal siyasət və iqtisadi məsələlərin təməl quruluşu ola bilər. ABŞ-ın Hayfa limanında iştirakı məsələsinə gəldikdə, hərbi dəniz əməliyyatları üzrə sabiq başçı admiral Qari Ruqhed bu yaxınlarda “Newsweek” jurnalına bildirib ki, körfəzdə yerləşən Çin limanı ABŞ-ı öz hərbi gəmilərini başqa yerə köçürməyə məcbur edə bilər. “Çünki çinli operatorlar ABŞ gəmilərinin hərəkətlərini yaxından təqib edə biləcək, təmir sahələrinə gedən avadanlıqlara çıxış tapacaq və ekipajlarımızla sərbəst şəkildə qarşılıqlı əlaqə quracaqlar”.
Ötən ay Hayfa Universitetində keçirilən konfransda Ruqhed deyib: “İnformasiya sistemləri və limanlara ayrılan yeni infrastruktur, elektron müşahidə sistemləri ABŞ-ın informasiya və kibertəhlükəsizliyinə təhlükədir”. Müşahidəçilər, həmçinin deyirlər ki, SIPG-nin publik şirkət olsa da, səhmlərinin böyük hissəsi Şanxay əyalət hökumətin sərəncamındadır.
SIPG kimi Çin şirkətləri Təl-Əvivin dəmiryol sistemi də daxil olmaqla, İsrail ərazisində müxtəlif infrastruktur layihələrinin, o cümlədən Tel-Əviv-Qüds dəmiryolunun tikintisində əhəmiyyətli rol oynayıb. 2014-cü ildə bir Çin şirkəti, İsrailin Tnuvadakı ən böyük süd istehsalçısının paylarının böyük hissəsini satın alıb. Bəzilərinə görə, Çinin infrastruktur layihələrində və yeyinti sənayesində artan “barmaqları” iqtisadiyyatın böyük hissəsini İsrailin nəzarətindən kənarlaşdıra bilər.
Aİ ölkələri, eləcə də Kanada və Avstraliya artıq xarici şirkətlərin müdafiə, kibertəhlükəsizlik, enerji istehsalı və nəqliyyat da daxil olmaqla, həssas sektorlarda 25%-dən çox səhm əldə etməsinə maneə törədən qanunlar qəbul edib. Halevi də İsrail hökumətini bənzər qanunların qəbuluna çağırıb. Lakin İsrail və SIPG arasında müqavilə artıq imzalanıb.
İsraildəki Çin Media Mərkəzinin təsisçi direktoru Aleksandr Pevzner “Media Line”-a bildirib ki, “İsrailin strateji sahələrinə istənilən sərmayə qoyuluşu araşdırma tələb etsə də, ölkədəki Çin investisiyaları ilə bağlı narahatlıqlar böyük ölçüdə şişirdilib”. “Birincisi, Çin iqtisadiyyatı o qədər sürətlə böyüyür ki, xaricdəki sərmayə qoyuluşu normaldır. İkincisi, İsraildə, hər hansı bir ölkədə olduğu kimi, xarici sərmayəçilərə məhdudiyyət qoyulmalı sektorlar var, lakin ölkədəki Çin sərmayəsi hələ ilk günlərini sayır. Son yeddi ildə İsraildə yığılmış Çin sərmayəsi təxminən 15 milyard dollar qiymətləndirilir. Ümumi 120 milyard dollarla müqayisədə, bu, İsrailin Çin fondları üçün əsas bir yer olmadığını aydınlaşır. Təbii ki, təhlükəsizlik və limanlara aid olan müəyyən sektorlarda daha çox araşdırma aparılmalıdır, lakin bu, yalnız Çin investorlarına yönəldilməməlidir”.
Tel-Əvivdəki Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun Çin-İsrail əlaqələri üzrə mütəxəssisi Oded Eran “Media Line”-a deyib ki, SIPG ilə müqavilə imzalananda strateji və təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət yetirilməyib. “ABŞ donanması müntəzəm olaraq Hayfa limanına gəmilər göndərir. Beləliklə, bu məsələ ətrafında bir çox suallar yaranır. Buna baxmayaraq, strateji aktivlərin hər hansı bir hissəsi ilə bağlı imtiyaz verilərkən, məsələ tam nəzərdən keçirilməli və təhlil edilməlidir. Söhbət təkcə Çindən getmir. Milli aktivlər və maraqlara gəldikdə, daha yaxşı tənzimləməyə ehtiyac var”.

Bu xəbər oxundu
- - -