Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

100 ilin parlamenti

21.09.18, 13:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oqtay Əsədov: “Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb”

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdı.
Bu sözləri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin siyasi, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul etdiyi mütərəqqi qanunvericilik aktları bu dövlətin səmərəli fəaliyyətinə şərait yaradıb. “Şərq aləmində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətində kişilər və qadınlara bərabər seçki hüququ təsbit edilib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Ölkədə mövcud olan bütün siyasi qüvvələr və cərəyanlar, müxtəlif millətlərin nümayəndələri bu qanunvericilik orqanında təmsil olunub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında mühüm rol oynayıb. Bu parlamentin uğurlu fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlət qurmağa qadirdir”, - deyə Milli Məclisin sədri vurğulayıb.

“Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bildirib ki, biz eyni millətin övladlarıyıq: “Azadlığımız, əmin-amanlığımız bir-birinə bağlıdır. Sevincimizi və kədərimizi birgə bölüşürük. Ümidlərimiz, xəyallarımız, ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmirik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”.
Binəli Yıldırım bildirib ki, Azərbaycan və Türkiyə 100 il əvvəl tarix səhnəsindən silinməmək üçün böyük bir mübarizə aparıblar. Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan parlamenti 100 il əvvəl vacib bir vəzifəni icra edib. Bu gün də Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük inkişaf yolu keçib və iqtisadi nailiyyətlər əldə edib. Bakı küçələrində gəzərkən bu inkişafı görmək mümkündür. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb, bölgədə sülh və sabitliyə mühüm töhfə verib. Türkiyə hər zaman Azərbaycanın yanında olub, onun müstəqilliyini dəstəkləyib. Azərbaycan və Türkiyə bölgədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm layihələri birgə reallaşdırıblar. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi və bu kimi digər təşəbbüslər əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.


“Azərbaycan müasir dövlət kimi inkişaf edir”

Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərib, lakin buna baxmayaraq Azərbaycanın sonrakı tarixində mühüm rola malik olub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dəfə kişilərə və qadınlara bərabər seçki hüququ verib və bu kimi bir sıra mühüm mütərəqqi addımlar atıb.
“Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan öz demokratik inkişaf yolunu davam etdirir, müasir dövlət kimi inkişaf edir”, - deyən Tsveta Karayançeva qeyd edib ki, Bolqarıstan Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan və Bolqarıstan parlamentləri arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələr mövcuddur.
Sədr bildirib ki, Azərbaycan və Bolqarıstan beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Bolqarıstan Azərbaycan və Avropa İttifaqı arasında aparılan danışıqlara öz müsbət töhfəsini verir.
Azərbaycanın Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığını söyləyən Tsveta Karayançeva deyib: “Həmçinin qeyd etməliyəm ki, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər geniş potensial mövcuddur. Hesab edirəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Biz enerji, kənd təsərrüfatı, ticarət və digər sahələrdə əməkdaşlığımızı genişləndirə bilərik”.


“Küveyt Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”

Küveyt Millət Məclisinin sədri Mərzuq əl Ğanim bildirib ki, ölkəsi Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini heç vaxt unutmayacaq: “Azərbaycan hər zaman prinsipial mövqe tutaraq bizi dəstəkləyib. Bunun bariz nümunəsi kimi, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzü dəstəkləməsini göstərmək olar. Buna görə də hazırda qardaşlarımızın və dostlarımızın əhatəsində olmaqdan şərəf duyuruq”.
İki ölkə arasındakı əlaqələrdən danışan Küveyt Millət Məclisinin sədri qeyd edib ki, Azərbaycan ilə Küveyt arasında son illər siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə olunub. Ancaq əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var. “Biz həssas və müstəsna coğrafi mövqeyə malik, Şərq ilə Qərb arasında iqtisadi və mədəni körpü rolunu oynayan Azərbaycan kimi mühüm ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. Azərbaycan kimi mühüm dövlətlə əlaqələrin inkişafı müstəsna əhəmiyyət kəsb edir. Hər şeydən öncə Azərbaycan bir çox sahələrdə mühüm nailiyyətlər əldə edən dövlətdir. Sevindirici haldır ki, keçən il Azərbaycana 20 min küveytli səfər edib. Lakin biz bu rəqəmin iki dəfə artırılması əzmindəyik. Bu, iki ölkə arasında ticarət dövriyyəsinə və investisiya qoyuluşuna müsbət təsir göstərəcək. Eyni zamanda, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın intensivləşdirilməsi əzmindəyik. Həmçinin gənclər və idman sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq”, - deyə Küveyt Millət Məclisinin sədri vurğulayıb.
O qeyd edib ki, Küveyt Millət Məclisi Azərbaycan Milli Məclisi ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. İstər beynəlxalq parlament təşkilatları çərçivəsində, istərsə də parlamentlərarası dostluq qrupları müstəvisində əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur.

“Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib”

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib.
Georgi Tsereteli deyib: “Bu müasir “Alov qüllələri”nin kölgəsində dayandığımız zaman biz Azərbaycan irsini artıq hiss edə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri görə bilərik. Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib, regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib”.


“Azərbaycan xalqı demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib”

Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan parlament müasir parlamentarizm modeli əsasında fəaliyyət göstərirdi.
O deyib: “Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. 1920-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini itirdi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə sadiq qalaraq müstəqil dövlət yarada bildi. Əlbəttə ki, Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən siyasətçi Heydər Əliyevin ölkənin müstəqilliyini qoruyub saxlamasında, inkişafında rolu əvəzsizdir. Məhz onun səyləri nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, ölkə inkişaf yoluna qədəm qoydu. Konstitusiya qəbul olundu, milli ideologiya formalaşdırıldı, müxtəlif sahələrdə geniş və dərin islahatlar həyata keçirildi. Həyata keçirilən bütün islahatlarda parlament də fəal rol oynayıb. Belə ki, fəaliyyətini demokratik və qanunun aliliyi prinsipləri əsasında həyata keçirən parlament tərəfindən qəbul olunan qanunlar Azərbaycanın demokratik inkişafı üçün əsaslı zəmin yaradıb”.
Dastanbek Cumabekov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsi xalqın öz tarixinə verdiyi dəyərin göstəricisidir. Bu gün Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir, siyasi və iqtisadi müstəqilliyini yüksək dəyərləndirir. Azərbaycanın turizm cəhətdən cəlbedici olması, səhiyyə və təhsil sahələrində inkişaf etməsi və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi ölkənin inkişafının göstəriciləridir.
Azərbaycan Milli Məclisinin parlamentlərarası əməkdaşlığa önəm verdiyini deyən sədr vurğulayıb ki, Milli Məclis bir çox parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir.
Qırğızıstan ilə Azərbaycanı ümumi köklərin, dini və mədəni eyniliklərin birləşdirdiyini deyən Dastanbek Cumabekov qeyd edib ki, tarixən xalqlarımız arasında dostluq əlaqələri mövcud olub və bu münasibətlər bu gün də var.


“Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib”

Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən bildirib ki, Azərbaycan parlamentinin 100 illik yubileyinin qeyd edilməsi böyük tarixi əhəmiyyətə malik hadisədir: “Azərbaycanda 100 il əvvəl qadınlara seçki hüququ verilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu, lakin Azərbaycan xalqı 70 ildən sonra öz müstəqilliyini bərpa etdi”.
Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu vurğulayan Bob Bləkmən deyib ki, Britaniya Azərbaycan iqtisadiyyatında yaxından iştirak edir. Bu gün Azərbaycan-Britaniya əlaqələri müxtəlif sahələrdə genişlənir. Keçirilən yüksək səviyyəli görüşlər də əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayır.
“Bu gün demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib. Ölkə mühüm beynəlxalq tədbirlərə, o cümlədən “Eurovision” mahnı müsabiqəsinə, Avropa Oyunlarına, Formula 1 yarışlarına uğurla ev sahibliyi edib. Mən son 8 il ərzində Azərbaycanda 6 dəfə olmuşam və ölkədəki inkişafın canlı şahidiyəm”, - deyə Bob Bləkmən vurğulayıb.
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsinin vacibliyini ifadə edən Böyük Britaniya parlamentinin deputatı deyib: “Uzun müddətdir davam edən bu münaqişə qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib ki, yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin yaradılması mühüm addım idi: “Müsəlman aləmində ilk demokratik dövlət yaratmaqla Azərbaycan həm də müxtəlif dinlərin, xalqların nümayəndələrinin bir yerdə yaşamalarının nə qədər önəmli olduğunu nümayiş etdirdi”.
Jan-Fransua Mansel vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament 300-dən çox sənədi, o cümlədən qadınlara səsvermə hüququ verilməsinə dair qərarı təsdiq edib. Bu, bütün dünyaya bir nümunə olub.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə toxunan Jan-Fransua Mansel bu dövrdə parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun misilsiz xidmətlərindən söhbət açıb.
O, Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlərin xüsusi rol oynadığını vurğulayıb.

“Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir”

Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər bildrib ki, Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunması böyük məna kəsb edir: “Parlament azadlıq, demokratiya, ədalət prinsipləri və insanlar arasında bərabərliyin gücləndirilməsi istiqamətində böyük rola malikdir. Parlament demokratik quruculuğun əsas sütunlarından biridir. Qanunverici orqan, həmçinin dövlət və cəmiyyət arasında əlaqələri müəyyən edən strukturdur. Hesab edirəm ki, Azərbaycanın bu tarixi təntənəli qeyd etməsi qanunverici orqana verilən yüksək qiymət kimi dəyərləndirilməlidir.
Sudanın Azərbaycan ilə yüksək səviyyəli əlaqələrə malik olduğunu söyləyən sədr deyib: “Ölkəmiz müstəqil Azərbaycan Respublikasını tanıyan və paytaxt Bakıda 1993-cü ildə səfirlik açan ilk dövlətlərdən olub. Sudan Azərbaycan ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir. Ölkələrimizin rəhbərləri arasında təşəkkül tapmış yüksək səviyyəli siyasi dialoq parlamentlərarası əməkdaşlığın layiqli müstəviyə çatdırılmasına müsbət təsir göstərir. Bu tədbirdə iştirakımız parlamentlərarası əlaqələrin inkişafına olan marağımızın və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində parlamentlərin rolunun vacibliyinin bariz nümunəsidir. Parlament diplomatiyası xarici siyasətin ən vacib istiqamətlərindən biri olaraq rəsmi diplomatiyanın güclü yardımçısına çevrilib”.
Sudan Milli Assambleyasının sədri qeyd edib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Müxtəlif sahələrdə 16 saziş imzalanıb. Regional və beynəlxalq müstəvidə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanlar var.

Bu xəbər oxundu
- - -