Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kolumbiya mətbuatı Azərbaycandan yazıb

24.09.18, 10:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistan Dağlıq Qarabağ bölgəsini işğal edib”


Kolumbiyanın “Diario la Economía” xəbər portalında jurnalist Xerman Enrike Nunyesin “Qafqazın incisi Azərbaycan turizmə və investisiyalara dəvət edir” sərlövhəli məqaləsi dərc olunub.
Müəllif Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu məqaləsində Azərbaycanın tarixi, coğrafiyası və iqtisadi potensialı barədə ətraflı məlumat verir. O yazır ki, Qərbi Asiya ilə Şərqi Avropanın qovuşuğunda yerləşən bu gənc müstəqil ölkə 1991-ci ildən sonra əhəmiyyətli dərəcədə inkişaf edib. Azərbaycan həm öz millətini, həm də brendini təmsil edir. Bunu məsələn, “Atlético de Madrid” komandasının formasında və Formula 1 yarışlarında da görmək olardı.
Nunyesin sözlərinə görə, mübaliğəsiz demək olar ki, Azərbaycan tərəqqi paradiqmasıdır. Demokratiya və asayişin mövcud olduğu bu ölkə insan inkişafının yüksək səviyyəsi, iqtisadi tərəqqi və savadlılığın artması, işsizliyin və cinayətkarlığın aşağı səviyyəsi müşahidə olunan uğurlu bir məkandır.
Məqalə müəllifi Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalovun sözlərinə istinadla qeyd edir ki, Azərbaycanın iki qitə arasında yerləşməsi bu ölkənin strateji əhəmiyyətini daha da artırır. Bu, tarixən Azərbaycanda çoxsaylı mədəniyyətlərin üstünlüyünə və tolerantlığa şərait yaradıb. Məqalədə daha sonra qeyd edilir ki, dünyada iqtisadi böhranın gücləndiyi son onillikdə Azərbaycan artım dinamikasının davam etdiyi azsaylı ölkələrdən biri olub.
Hazırda ölkə rəhbərliyi turizm sektorunun inkişafını davam etdirməyə çalışır. Azərbaycanın Boqotadakı diplomatik missiyasının rəhbəri ilə söhbət zamanı Azərbaycanın iqtisadi investisiya potensialını müzakirə edən müəllif yazır ki, Azərbaycanda qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı sektoru fəal inkişaf edir. Məqalədə Azərbaycanın balıq ovu potensialı və balıq kürüsü istehsalı mövzusuna da yer ayrılıb.
Nunyes neft-qaz sahəsi mövzusuna toxunaraq qeyd edir ki, hazırda Azərbaycanda hər gün 800 min barrel neft, “Şahdəniz” yatağından 300 milyon kubmetrə yaxın qaz çıxarılır, məşhur transmilli korporasiyalar, yeni avtomagistrallar, dəmiryol şəbəkələri fəaliyyət göstərir, qədim İpək yolu dirçəldilir.
Məqalədə daha sonra Kolumbiya ilə Azərbaycan arasında geniş iqtisadi əlaqələrin potensialından bəhs edilir. Bakı ilə Boqota arasında birbaşa aviareyslər açılması ticarəti fəallaşdırmağa və dostluq münasibətlərini daha da möhkəmləndirməyə kömək edə bilər. Müəllif qeyd edir ki, gələn il Kolumbiya Prezidenti İvan Dukenin Azərbaycana səfər etməsi gözlənilir. Həmin səfər müddətində iki ölkə arasında əməkdaşlıq və ticarət haqqında mühüm sazişlər imzalana bilər.
Azərbaycanın Kolumbiyadakı səfirliyinin mühüm təşəbbüslərindən biri də iki ölkənin sahibkarlarını, ticarət missiyalarını bir-birinə yaxınlaşdırmaq məqsədilə ikitərəfli ticarət palatası yaradılması təklifinin dəstəklənməsidir.
Məqalədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, qısa müddət mövcud olmuş Cümhuriyyətin 100 illiyinin bu il təntənəli şəkildə qeyd olunması haqda məlumat verilir, qeyd olunur ki, Azərbaycan hələ o vaxt qadınlara hüquq bərabərliyi verib.
Nunyes Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov ilə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini də müzakirə edib. Məqalədə göstərilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edib, bundan sonra bir milyona yaxın azərbaycanlı oradan qovularaq öz ölkəsində qaçqın vəziyyətinə düşüb.

Bu xəbər oxundu
- - -