Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ADEX kimi sərginin ölkədə təşkil olunması...”

24.09.18, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rəşad Süleymanov: “Müdafiə sənayemizin öz potensialını daha yaxından tanıtmaq imkanı qazandırır”

“ADEX sərgisi dünyadakı müdafiə sərgiləri arasında “ən gənc” sərgilərdəndir. Prezident cənab İlham Əliyevin sərgilərin açılış mərasimlərində iştirakı dövlət rəhbərliyinin ADEX-ə yüksək diqqətinin təzahürüdür”. Bunu “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.
Onun sözlərinə görə, ADEX kimi sərginin ölkədə təşkil olunması müdafiə sənayemizin öz potensialını daha yaxından tanıtmaq imkanı qazandırır: “Sevindirici haldır ki, ADEX sərgilərinə Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə yanaşı qatılan yerli şirkətlərin də sayı artıb. Yaxın perspektivdə bu siyahıya şübhəsiz ki yeni istehsalçılar da qoşulacaq. Sərgi yerli və xarici istehsalçılar, eləcə də Azərbaycan Ordusu, güc strukturları ilə istehsalçılar arasında əlaqələrin qurulmasında mühüm rola malikdir. ADEX bu gün həm də regional əhəmiyyətli müdafiə platformasıdır və buradan region ölkələri də yararlana bilirlər.
Bu gün Bakıda işə başlayan üçüncü ADEX-2018 sərgisində Azərbaycan MSN tərəfindən bir sıra yeniliklər nümayiş olunacaq. Nazirliyin Elmi Tədqiqat institutu idarə olunan taktik raket, betondələn aviasiya bombaları, sərbəst düşən aviasiya bombaları üçün qanadlı və mühərrikli yönləndirmə dəstlərini, Türkiyənin “ASELSAN” şirkəti ilə birlikdə hazırlanan lazer yönləndirmə dəsti inteqrasiya olunmuş aviasiya bombasını, idarə olunmayan 57 və 80 mm-lik raketlər, radioelektron mübarizə sistemləri, eləcə də digər müəssisələri yeni snayper tüfənglərini, 30 mm-lik avtomat top, mini taktik pilotsuz uçuş aparatlarını (PUA), “Tufan” minaya qarşı qorumalı nəqliyyat vasitəsini, mühəndis vasitələrini, mina detektoru, RPQ-26 reaktiv qumbaraatan, AKG-30 avtomatik qumbaraatan, yeni növ sursatlar və s. sərgiləyəcək.
Bu il sərgidə MSN ilə yanaşı ANAMA və DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzi, habelə özəl sektor şirkətləri də təmsil olunur. Sərgidə “Vitta Elmi Texniki Şirkət”i vertikal qalxma qabiliyyətinə malik PUA, süni intellektli dronlar, AMEA Yüksək Texnologiyalar Parkının rezident şirkəti “Elm və Texnologiyalar Parkı” müxtəlif kamikadze PUA-larını, “AzMonbat” şirkəti hərbi təyinatlı akkumulyatorlar, “Buta Armor” şirkəti zirehli gödəkcə və dəbilqələri sərgiləyir. Azərbaycanın digər özəl sektor şirkəti High Tech Solitions isə atış simulyatorları, tanklar üçün yanacaq sərfini azaldan reduktor, Bakı Tikiş Evi hərbi geyimlər, “Azersun Holding” orduya verilən konservləşdirilmiş əsgər yeməklərini sərgiləyir”.
Ekspert bildirib ki, sərginin mühüm yeniliklərindən biri də Fransa müdafiə sənayesinin geniş qatılımıdır: “Azərbaycana silah embarqosunu aradan qaldırmış Fransanı sərgidə bu ölkənin aparıcı hərbi sənaye şirkətləri təmsil edirlər. “ADEX-2018” sərgisi həm də tarixə ilk dəfə İran və İsrail hərbi sənayesinin bir arada olduğu beynəlxalq sərgi kimi düşür. İndiyədək İran dünyada çox az sayda sərgidə təmsil olunub. Bakı sərgisində isə ilk dəfədir İsrail şirkətləri ilə eyni sərgidə, eləcə də eyni zalda təmsil olunurlar”.

Bu xəbər oxundu
- - -