Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Akopyan öz ranqında olan erməni analarına müraciət etməlidir”

24.09.18, 13:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Anna Akopyan əvvəlcə erməni əsirliyində olan 4000-ə yaxın insanın – ananın, uşağın, qocanın taleyi ilə bağlı bir açıqlama versin, özündən əvvəlki rejimin azərbaycanlılara qarşı apardığı soyqırımlara, Ermənistanın eks-prezidenti Sərkisyanın belə etiraf etdiyi Xocalı qətliamına, Ağdabanda günahsız ailələrin bir gecədə vəhşicəsinə öldürülməsinə bircə cümlə ilə münasibət bildirsin, sonra azərbaycanlı analara müraciət etmək haqqına sahib olsun!
“Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı belə deyib. Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Avrasiya Qadın Forumunda Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin qarşısının alınması üçün Ermənistan və Azərbaycan qadınlarının səylərinin birləşdirilməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, əgər həqiqətən Anna Akopyan və erməni analar gənclərinin, oğullarının ölümünü istəmirsə, onları Qarabağa göndərməsinlər:
“Akopyan ilk növbədə öz əri Paşinyana müraciət etməlidir ki, erməni ordusu Azərbaycanın tarixi və əzəli torpaqlarından çıxarılsın! Akopyan sülh tərəfdarıdırsa, niyə öz oğlunu Ermənistanın işğal etdiyi Azərbaycan torpağında hərbi xidmətə göndərir? Əgər Anna doğrudan da sülh istəyirsə, ilk növbədə oğlunu işğal altında olan Azərbaycan ərazisindən geri çağırmalı, erməni analarına çağırış etməlidir ki, onlar yad torpağa övladlarını göndərməyə imkan verməsinlər. Nə qədər ki, onlar bizim torpağımıza övlad göndərəcəklər, gənclərinin meyitlərini də qarşılamalı olacaqlar”.
Aynur Camalqızı vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hələ 2016-cı ildə sülh çağırışı etmişdi:
“Akopyan bir daha sübut etdi ki, bu millətin heç bir ideyası yoxdur, necə ki torpağı, vətəni heç zaman olmayıb. Akopyan özünü Mehriban xanıma bənzətməyə cəhd edib və guya “sülh çağırışı” səsləndirib. Mehriban xanım Əliyevanın gördüyü iş, missiyası bütün dünyaya bəllidir: Azərbaycanın Birinci vitse-prezidenti bütün dünyada humanizmin, alicənablığın ünvanlarından biri olaraq qəbul edilir. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində humanitar aksiyalar, uşaqlara qayğı, mədəni-tarixi abidələrin qorunması üçün görülən böyük işlər Mehriban xanımın adı ilə bağlıdır. Təsadüfi deyil ki, Mehriban xanım YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adını daşıyır. Ermənistanın birinci ledisi adını aldığı bir neçə ayda yalnız öz stilistini ərinin müşaviri təyin etdirməklə xarici səfərlərində saç düzümünün də yükünü dövlət büdcəsinin üzərinə yıxmaqdan başqa heç bir xidməti, təşəbbüsü olmayan, oğlunu işğal edilmiş Azərbaycan torpağına göndərməklə, işğalı təşviq edən bir insan hansı əsasla özünü “sülhpərvər” libasında göstərə bilər?”
Politoloq bildirib ki, sülh çağırışı edən o qadın Qarabağda müharibəni təhrik edən, hətta 7 rayonun Dağlıq Qarabağa qatılmalı olduğu barədə sərsəm bəyanatla sülh danışıqlarından qaçan, işğalı heç nədən çəkinmədən dilə gətirən və beləliklə, müharibəyə rəvac verən əri ilə danışmalıdır: “Akopyan öz ranqında olan erməni analarına müraciət etməli, öz balalarını qorumaq üçün əhalisi sürətlə azalan və boşalan Ermənistanın dərdini çəkməli, ölkəsini iqtisadi-siyasi və demoqrafiq uçurumdan xilas etmək naminə işğaldan geri durmaq barədə təşəbbüs göstərməlidir. Mehriban xanıma müraciət etmək üçün onun nə ictimai-siyasi çəkisi, nə xidmətləri, nə də şəxsi keyfiyyətləri yetərincədir”.

Bu xəbər oxundu
- - -