Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hərraca 170 dövlət əmlakı çıxarılıb

24.09.18, 13:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. ƏMDK-dan bildirilib ki, hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyət, 9-u isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri xidmət, kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarında yerləşən bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2634 kvadratmetr aralığındadır. Xidmət sahəsində yüksək gəlir qazandıracaq əmlaklardan biri Göygöl şəhəri, Hümmel küçəsində yerləşən “Göygöl” Kardiorevmatoloji Sanatoriyadır. Ümumi faydalı sahəsi 1117,9 kvadratmetr olan bu obyektin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır. Sanatoriyanın fəaliyyətinin bərpası ilə bölgə əhalisinin tibbi xidmətlərə olan tələbatı yüksək səviyyədə ödənilə bilər.
Özəlləşdirilməyə çıxarılan qeyri-yaşayış sahələrindən 29-u paytaxtda, digərləri isə Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kvadratmetr və 213,7 kvadratmetr aralığında olan bu obyektlərin ilkin hərrac qiymətləri müxtəlifdir. Belə ki, hər kəsin büdcəsinə uyğun ola biləcək bu əmlaklardan müxtəlif biznes sahələri üzrə ofis və ya xidmət obyekti kimi istifadə etmək olar. Sərfəli ilkin hərrac qiyməti olan qeyri-yaşayış sahələrindən biri də Daşkəsən şəhəri, T.İsmayılov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 86,6 kvadratmetr olan bu dövlət əmlakı üzrə özəlləşdirmə hərracına qoşulmaq istəyən vətəndaş 975 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.
Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlər müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Material Təchizat, Zərdab Aqrotexservis kimi səhmdar cəmiyyətlərin 30 faiz ilə 45 faiz intervalında olan səhm paketləri hərraca çıxarılıb. Hərraca çıxarılan avtomobillərin isə buraxılış tarixləri 2005 və 2007-ci illərdir. Nəqliyyat vasitələri “Kia” və “Daewoo” markalarına aiddir.
Bütün kateqoriyalar üzrə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat komitənin rəsmi saytı (www.emdk.gov.az) və Özəlləşdirmə portalında (www.privatization.az) yerləşdirilib. İştirak etmək istəyən hər kəs seçdiyi dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi miqdarında beh ödəyərək sifarişçiyə çevrilə bilər. Təyin olunan vaxtda istər sifarişçilər, istərsə də ziyarətçilər prosesdə canlı və onlayn formada iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirmədə fəal iştirak etməyə dəvət edir.

Bu xəbər oxundu
- - -