Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Naxçıvanda tibb işçisi yerləri üzrə əmək yarmarkası təşkil olunub

26.09.18, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə müəssisələrində vakant həkim və orta tibb işçisi yerləri üzrə əmək yarmarkası təşkil edib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Naxçıvan bürosuna bildirilib ki, səhiyyə naziri Niyazi Novruzov tədbirdə çıxış edərək səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. O qeyd edib ki, muxtar respublikada tibbi kadrların hazırlanması diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetində ali, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadrların hazırlanması üçün lazımi şərait mövcuddur. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatını ödəmək, eləcə də muxtar respublikada hazırlanan ali və orta ixtisas təhsilli kadrların işlə təminatı məqsədilə hər il tibb işçilərinin əmək yarmarkası keçirilir. Ötən il işaxtaranlara 428 həkim, 127 orta tibb işçisi olmaqla, 555 vakant yer təklif edilib, 14 həkim, 19 orta tibb işçisi işə götürülüb. Tibb işçiləri üçün muxtar respublikada bütün zəruri şərait yaradılıb. Kənd yerlərindəki səhiyyə müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Son illər iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasında və əhalinin işlə təminatında əsaslı rol oynayır.
Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisası üzrə 2018-ci il məzunu, işaxtaran Əminə Seyidzadə gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, işəgötürənlər tərəfindən yaradılan şəraitə görə öz minnətdarlığını bildirib. Sonra işaxtaran ali və orta ixtisas təhsilli məzunlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin binasında təşkil edilmiş əmək yarmarkasında iştirak ediblər. Yarmarkada Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturundakı səhiyyə müəssisələri də daxil olmaqla, 579 vakant yer təklif edilib, işaxtaranları maraqlandıran suallar cavablandırılıb. Gün ərzində davam edən əmək yarmarkasında 12 həkim, 29 orta tibb işçisi işə göndəriş alıb.

Bu xəbər oxundu
- - -