Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dövründə

27.09.18, 11:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

Müharibənin uzanmasının xanlıq üçün pis nəticə verəcəyini başa düşən Məhəmməd xan sultana şikayət məktubu yazaraq ondan İshaq paşanın düşmən hərəkətlərinin qarşısını almağı xahiş etir. Bu dövrdə Rusiya ilə müharibə edən Osmanlı dövləti Azərbaycan xanlarını özündən incik salmaq istəmirdi. Belə bir mürəkkəb vəziyyətdə İshaq paşanın İrəvana qarşı düşmən hərəkəti burada möhkəmlənmək istəyən Osmanlı sarayının siyasətinə uyğun gəlmirdi. İrəvan xanından məktub alan sultan təcili tədbir görmək qərarına gəldi. Münaqişə edən hər iki tərəfə fərman göndərildi. Fərmanda «keçmişlərin unudulması, narazılıqların aradan qaldırılması barədə əvvəlki hadisələri unudub səmimi qonşuluq münasibətlərinin, dostluq, mehribançılıq göstərilməsi əmr olunmuşdu». Sultanın fərmanından sonra hər iki tərəf döyüşləri dayandırmışdı. 1789-cu ilin payızında Ərzurum hakimi Abdulla paşanın vasitəçiliyi ilə Məhəmməd xanla İshaq paşa razılığa gələrək barışmış və tərəflər arasında sülh müqaviləsi bağlanmışdı.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, İrəvan xanı Bəyazid paşası ilə sülh müqaviləsi bağladıqdan sonra Xoy xanlığı ilə müharibəyə başlayır. Buna səbəb Məhəmməd xanla Bəyazid paşası arasında döyüşlər gedərkən Xoy xanı Hüseyn xanın İsaq paşaya gizli kömək etməsi olmuşdu. Xoy xanını cəzalandırmağa bəhanə axtaran Məhəmməd xan vaxtilə anasının saxlamaq üçün Xoya göndərdiyi qiymətli əşyalarını geri qaytarmağı tələb etdi. Lakin Hüseyn xan bu tələbə məhəl qoymadı. Belə olduqda Məhəmməd xan Xoya hücum etmək üçün qoşun toplamağa başladı. Naxçıvan hakimi Kəlbəli xan (1787-1820) bu əməliyyatda ona hərbi yardım göstərdi. Hazırlıq başa çatdıqdan sonra 1790-cı il mayın 10-da Məhəmməd xan və müttəfiqi Kəlbəli xan Xoy şəhərinə hücum etdi. Açıq döyüşdə müttəfiqlərin təzyiqinə davam gətirə bilməyən Hüseyn xan Xoy qalasına sığınır. Müttəfiq qoşunları Xoy şəhərini ələ keçirərək qalanı mühasirəyə alır. Xoyluların ciddi müqaviməti nəticəsində mühasirə uzanır. Mühasirənin uzandığını görən Məhəmməd xan və Kəlbəli xan Hüseyn xanla danışıqlara başlayır. Vəziyyətinin acınacaqlı olduğunu başa düşən Xoy xanı müttəfiqlərin təklifini qəbul etmək məcburiyyətində qalır. O, qiymətli əşyaların bir hissəsini geri qaytarır, digər hissəsi isə geri qaytarılana qədər qardaşı Cəfərqulu bəyi girov təklif edir. Bununla razılaşan müttəfiqlər Xoy xanı ilə sülh müqaviləsi bağlayaraq geri qayıdır. Bir neçə həftədən sonra qalan bütün qiymətli əşyalar da təhvil verilir. Bundan sonra Cəfərqulu xan azadlığa buraxılır. Tərəflər arasında baş verən bu hadisə mayın 10-dan iyulun 7-dək davam etmişdi. Lakin tərəflər arasında sülh uzun sürmədi. Xoy xanı İrəvana cavab zərbəsi endirməyi qərara aldı. O, ilk növbədə hiylə işlədərək Məhəmməd xanla Kəlbəli xanın arasını vura bildi. Nəticədə Xoy hakimi Kəlbəli xanla barışdı. Dünənki müttəfiqlər isə düşmənə çevrildi.
Kəlbəli xanın xəyanətinə görən Məhəmməd xan onu cəzalandırmağı qərara alır. İlk olaraq İrəvan qoşunu yürüşə başlayır. Lakin İrəvan qoşunu sərhədyanı Tiza qalasını mühasirəyə alsa da onu tuta bilmədi. Naxçıvanlıların güclü müqaviməti nəticəsində irəvanlılar böyük itkiyə məruz qaldı. İlk hücumda müvəffəqiyyətsizliyə düçar olan Məhəmməd xan tezliklə, Xoy xanının qardaşı Cəfərqulu bəyin və Kəlbəli xanın başçılığı ilə müttəfiq qoşunlarının İrəvana hücum etməsi xəbərini aldı. Bu xəbəri eşidən İrəvan qoşunu təcili geri çəkilərək İrəvan qalası yaxınlığında «Müxənnət təpə» adlanan yerdə düşərgə saldı. Lakin burada mövqe tutan qoşunun bir hissəsi üzücü yürüşdən sonra dağılıb gedir.
Xoy və Naxçıvanın birləşmiş qoşunlarının hücumu yerli əhali arasında təşvişə səbəb olmuşdu. Xan müdafiə tədbirləri görməyə başladı. Onun əmri ilə əhalinin bir hissəsi İrəvan qalasına, digər hissəsi isə əlçatmaz yerlərə sığındı. Müttəfiq qoşunları xanlığın ərazisinə daxil olaraq Şəruru ələ keçirir və yol üstündə olan kəndləri dağıdaraq üç gündən sonra İrəvan qalasına yaxınlaşdı. Müttəfiq qoşunlarının yaxınlaşdığını görən Məhəmməd xan azsaylı qoşunla açıq döyüşə girməyi qərara aldı. Bu onun bağışlanılmaz səhvi idi. Döyüşə girən İrəvan qoşunu məğlub olaraq qalaya geri çəkildi. Qalaya qədər irəvanlıları təqib edən müttəfiq qoşunu onlardan xeyli adam öldürməyə müəffəq oldu. Onlar qalaya yaxınlaşaraq Yeniköy kəndində düşərgə saldı.
İrəvan qalasını mühasirəyə alan Xoy və Naxçıvan qoşunu güclü müqavimətə rast gəldi. Buna baxmayaraq, tezliklə müttəfiqlər Hüseyn xandan əlavə hərbi kömək alır. Vəziyyətin çıxılmaz olduğunu görən Məhəmməd xan kömək üçün II İrakliyə və Axalsıx paşasına müraciət etdi. Lakin gözlədiyi köməyi ala bilmədi. Mühasirənin uzanması müttəfiqləri də pis vəziyyətdə qoymuşdu. Orduda ərzaq çatışmazlığı hiss olunurdu. Digər tərəfdən qoşun içərisində Kartli-Kaxetiyadan irəvanlılara kömək gəlməsi haqqında şayiə yayılmışdı.
Bu səbəblərə görə, 7 gün İrəvan qalası yanında qaldıqdan sonra müttəfiq qoşunları mühasirəni götürərək 1790-cı il avqustun 29-da Eçmiədzin istiqamətində geri çəkilir. Yolları üstündə bir neçə kəndi qarət edərək yandıran qoşun kilsəyə gəlib çataraq, burada çoxlu mal-qara və digər qiymətli şeylər ələ keçirdi. Eçmiədzin ətrafında çox ləngiməyən Xoy və Naxçıvan qoşunları Araz çayı istiqamətində hərəkət edərək yolları üstündə yerləşən kəndləri qarət edə-edə Makudan keçməklə vətənlərinə qayıtdı.
E.Qarayevin İrəvan xanlığı bağlı araşdırmasında daha sonra bildirilir ki, Xoy və Naxçıvan qoşunlarının bu yürüşü İrəvan xanlığı üçün böyük dağıntılara səbəb oldu. Xeyli kənd dağıdılmış, əhalisi öldürülmüş və yerlərindən didərgin düşmüşdü. Vəziyyətinin ağır olmasına baxmayaraq, Məhəmməd xan ona xəyanət edən Kəlbəli xanı cəzalandırmağı qərara aldı. O, yenidən qoşun toplamağa başladı. Bu xəbəri eşidən II İrakli hər iki xanı barışdırmağa cəhd etsə də, onun bu cəhdi baş tutmadı. Beləliklə, Məhəmməd xan güclü qoşunla Naxçıvana hücum etdi. Hətta İrəvan qoşunu Naxçıvan qalasını mühasirəyə də aldı. Lakin havaların vaxtından əvvəl soyuduğunu görən Məhəmməd xan burada ləngiməyin mənasızlığını görərək geri qayıtmaq əmri verdi.
Məhəmməd xan ölkədə dağıntıları aradan qaldırdığı vaxt, 1791-ci ilin sonlarında Ağa Məhəmməd xan Qacarın Təbriz yaxınlığına gəlməsi xəbərini aldı. Bu da bəzi xanlar arasında olan düşmən münasibətlərin aradan qalxmasına və Qacar təhlükəsinə qarşı birləşməsinə gətirib çıxardı. 1779-cu ildə Kərim xan Zənd vəfat etdikdən sonra İran taxt-tacını ələ keçirmək uğrunda Zəndlərlə Ağa Məhəmməd xan arasında mübarizə başlayır. Azərbaycanın Qacarlar tayfasından olan Ağa Məhəmməd xan Zəndlər arasında düşmənçilikdən istifadə edərək qısa dövr ərzində İranda hakimiyyəti ələ keçirdi.
İranda hakimiyyətini möhkəmləndirən Ağa Məhəmməd xan Qacar Azərbaycan və Kartli-Kaxetiya çarlığına da iddia etməyə başladı. Artıq 1791-ci ildə Qacar xanı Azərbaycanın cənub xanlıqlarının əksəriyyətini özünə tabe edə bilmişdi. Lakin onun Azərbaycanın şimal hissəsində yerləşən xanlıqları özünə tabe etmək cəhdi müqavimətlə rastlaşdı. Ağa Məhəmməd xanın Azərbaycan xanlarını saymaması, Azərbaycana Səfəvi dövlətinin «əzəli və əbədi» ərazisi kimi baxması və Kartli-Kaxetiya çarlığı daxil olmaqla bütün Azərbaycanı bu imperiyanın sərhədləri çərçivəsində birləşdirmək cəhdi xanların güclü müqavimətilə rastlaşdı.
1791-ci ilin əvvəllərində Ağa Məhəmməd xan Qacar güclü qoşunla Azərbaycana doğru hərəkət etdi. O, Təbrizdən 1,5 verst (1 verst -1,06 km - E.Q.) aralıda yerləşən Seyidabad adlı yerdə düşərgə salaraq, Azərbaycan xanlarına tabe olmaq üçün fərmanlar göndərməyə başladı. Qeyd etmək lazımdır ki, Ağa Məhəmməd xan Qacara münasibətdə Azərbaycan xanlıqları arasında iki cəbhə yaranmışdı. Birinci cəbhəyə Gəncə, Şəki, Quba, Bakı xanlıqları daxil idi ki, onlar hakimiyyətlərini itirməmək üçün şahın fərmanını müsbət qarşılamışdılar. Digər cəbhəyə Qacar hakimiyyətinə düşmən münasibətdə olan xanlıqlar daxil idi. Qarabağ xanı İbrahimxəlil xan həmin cəbhəyə başçılıq edirdi. Onu İrəvan, Lənkəran, Xoy, Urmiya xanları və Kartli-Kaxetiya çarı II İrakli müdafiə edirdi. Mirzə Adıgözəl bəy yazırdı ki, «Gürcüstan valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış (Lənkəran-E.Q.) hakimi Mir Mustafa xan İbrahimxəlil xanla and içib müahidə bağladılar ki, Ağa Məhəmməd şaha itaət etməsinlər, mümkün olduğu qədər bir-birinə kömək və yardım etməkdə süstlük göstərməsinlər. Vaxtlı-vaxtında bir-birinin vəziyyətindən xəbər tutsunlar. Lakin bu təhlükə qarşısında da xanlar birləşə bilmədilər. Uzaqgörən siyasətçi olan Ağa Məhəmməd xan onların arasında narazılığın olmasını çox gözəl anlayırdı. «Ağa Məhəmməd xan gözəl bilirdi ki, Azərbaycan xanları arasında birlik və onların birgə müdafiə olunmaq barədə müqavilələri yoxdur. Ara müharibələri onları bir-birinə qarşı qoymuşdu. Hətta xanlar belə ağır məqamda da qüvvələrini birləşdirməyə vasitə tapa bilmədilər».
Ağa Məhəmməd xan döndərdiyi fərmanlarda Azərbaycan xanlarından tabeçilik rəmzi olaraq uşağını, qardaşını və ya arvadlarından birini girov tələb edirdi. Tezliklə, Ağa Məhəmməd xanın gücü qarşısında Azərbaycanın bəzi xanları onun istəyini qəbul etmək məcburiyyətində qaldı. Belə ki, Naxçıvan xanı qardaşını, Xoy xanı arvadını və qardaşını, Təbriz xanı 15 nüfuzlu əyanını, Şahsevən xanı qardaş və oğullarını, Ərdəbil xanı arvadlarından birini və qardaşını girov göndərmişdi. Bundan əlavə, Marağa və Urmiya xanları arvadları ilə, Şəqaqi xanı Sədi xan isə qardaşları ilə birlikdə qoşunla Ağa Məhəmməd xanın görüşünə gəldilər. Ağa Məhəmməd xan Qacar hər bir xanın üzərinə illik xərac təyin edərək girovlarla yenidən paytaxt şəhəri olan Tehrana qayıdır. O, Azərbaycanın tabe olmayan xanlarını cəzalandırılmasını başqa vaxta keçirir. Çünki sarayda hərbi rəislər arasında ona qarşı sui-qəsd hazırlandığını eşidən Ağa Məhəmməd xan yürüşü təxirə salır. Digər tərəfdən Zəndlərlə mübarizə davam edirdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -