Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güneyli soydaşlarımızın ana dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda mübarizəsi

28.09.18, 11:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

İran-rus müharibəsi (1804-1813, 1826-1828) nəticəsində iki yerə parçalanmış Azərbaycanın cənub torpaqları - Güney Azərbaycan Azərbaycan-Qacar sülaləsinin hakimiyyəti altında olan İran dövlətinin tərkibində qalmış və ictimai, siyasi, iqtisadi və mədəni həyatı feodal qaydaları və ənənələrinə uyğun formada davam edib. Polietnik tərkibə malik olan İran cəmiyyətində XlX əsrin əvvəllərində milli münasibətlər və dillərin statusu da tarixən formalaşmış qaydalarla tənzimlənirdi. Belə ki, ərəb dili dini sferada və ali təhsil sistemində, fars dili kargüzarlıq və təhsil sistemində, Azərbaycan dili şifahi formada sarayda və hərbi sferada işlənirdi. Həmin vəziyyət bəzi istisnalarla XX əsrin əvvəllərinə kimi davam edib. Yeganə istisna 1888-ci ildə Təbrizdə Azərbaycan dilində yeni tipli ibtidai məktəbin təsis edilməsi və ya Azərbaycan dilinin tədris sisteminə daxil olması idi. XX əsrin əvvəllərində konstitusiya (Məşrutə) inqilabı illərində (1905-1911) Azərbaycan dili mətbuata da daxil oldu. Lakin bu yeni meyl möhkəmlənmədi və inqilabdan sonra sıradan çıxdı. Bunun əsas səbəbi azərbaycanlıların idarəetmə strukturlarında aparıcı rol oynaması, ümummilli, ümumdövlət maraqları ilə daha sıx bağlı olması və nəticədə siyasi şüurun milli şüurdan üstün olması ilə izah edilə bilər. Azərbaycanlıların ümumiran (dövlətçilik) şüurunun formalaşmasında aparıcı rol oynaması özünü 1921-ci ildən başlayaraq İranda yeni dövlət quruculuğunda da göstərib. Azərbaycanlılar silahlı qüvvələrin tərkibində ölkənin mərkəzləşdirilməsində və dövlət-millət quruculuğunun mühüm tərkib hissəsi olan milli birlik və milli vəhdət ideologiyasının yaradılmasında aparıcı rol oynayıblar. Milli vəhdət ideologiyası İranda mövcud olan qeyri-fars xalqların fars milləti tərəfindən dil və mədəniyyət baxımından assimilyasiya olunmasının zəruriliyini əsaslandırırdı. 1925-ci ildə Qacar sülaləsinin Fars-Pəhləvi sülaləsi ilə əvəz olunmasından sonra yeni dövlət quruculuğu, o cümlədən vahid millət yaratmaq sahəsində fəaliyyət sürətləndi və genişləndi. Həmin siyasət qeyri-fars dilləri ənənəvi fəaliyyət sferalarından sıxışdırılmağa yönəlmişdi. Hakim rejim qeyri-fars xalqların assimilyasiyası siyasətini fars məmurlarının əli ilə və zorakılıq üsulları ilə həyata keçirməyə çalışırdı. Azərbaycan dilinə qarşı hərtərəfli təzyiq və qadağa siyasəti həyata keçirilirdi. Hakim rejimin və fars məmurlarının qeyri-fars xalqları qısa zamanda assimilyasiya etmək imkanı və potensialı olmadığından onların dillərinin, xüsusən Azərbaycan dilinin daşıyıcılarına qarşı tətbiq etdikləri heç bir əsası və izahı olmayan zorakılıq üsulları mərkəzi hakimiyyətə qarşı narazılığın güclənməsinə, milli şüurun oyanması və inkişafına səbəb olurdu. Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasında milli dil səviyyəsində fəaliyyət göstərdiyindən sol, radikal, bolşevik ideyaların ötürücüsü hesab olunurdu. İranda bu dil hakim dairələrdə bolşevik ideyaların ötürücüsü kimi qəbul edilirdi. Azərbaycan əhalisinin yuxarı dairələrinin, ruhani təbəqəsinin himayəsindən məhrum Azərbaycan dilinin hüquqlarını siyasi müstəvidə prinsipial olaraq sol təşkilatlar, mədəni müstəvidə məhdud miqyasda şəhər orta təbəqələrinin nümayəndələri müdafiə edirdilər. Buna görə də Azərbaycan dilinə qarşı siyasət Güney Azərbaycanda mütəşəkkil və geniş müqavimətlə qarşılaşmırdı. Şəhər orta təbəqələri, xüsusən ziyalılar ana dili uğrunda geniş miqyasda demokratik cəmiyyətdə mübarizə aparmağa qadir idilər. Belə bir şərait İkinci Dünya müharibəsinin başlanması, Sovet və İngiltərə qoşunlarının İrana daxil olması, diktator Rza şahın hakimiyyətdən kənar edilməsi və ölkədə nisbi demokratiyanın bərqərar olması ilə meydana gəldi. Həmin şərait sol yönümlü qüvvələrin fəallaşmasına, 1945-ci ilin ikinci yarısında Azərbaycan Demokrat partiyasının təsis edilməsinə və onun rəhbərliyi ilə Milli hökumətin (1945) təşkil olunmasına imkan yaratdı. Milli hökumət Azərbaycan dilini rəsmi dövlət dili elan edərək onun bütün sahələrdə fəaliyyət göstərməsini təmin etdi və ana dili məsələsini tam miqyasda həll etdi.
Daxili irtica və onların xarici himayədarlarının təcavüzü nəticəsində süqut edən Milli hökumətdən (1945-1946) sonra Azərbaycan dilinə təzyiq və qadağalar daha geniş miqyasda, üsul və vasitələrlə davam etmişdi. Bundan əvvəlki dövrdə olduğu kimi Azərbaycan dilinin hüququnu siyasi sferada sol siyasi təşkilatlar ümumi formada müdafiə edirdilər. Hakim dairələr isə Azərbaycan dilinin sıxışdırılması siyasətini həyata keçirirdilər. Yalnız şəhər orta təbəqələrinin az saylı nümayəndələri, bir sıra milli ruhlu ziyalılar Azərbaycan dilinin mədəni hüquqlarını, yazılı funksiyalarını əməldə qoruyub saxlamağa səy göstərirdilər.
XX əsrin 50-70-ci illərində milli məsələ, milli kimlik və ana dili məsələsinə maraq obyektiv olaraq genişlənsə də leqal siyasi formada onun hüquqlarını müdafiə edən sosial qrup formalaşmamışdı. Məhz bunun nəticəsində İranda yeni inqilabi hərəkat başlayanda azərbaycanlıların milli maraqları, o cümlədən ana dili məsələsi siyasi fəaliyyət obyektinə çevrilmədi. Yalnız inqilabın qələbəsindən sonra azərbaycanlıların müxtəlif siyasi, ictimai-mədəni, mədəni təşkilat və qurumları Azərbaycan türkcəsinin hüquqlarının tanınması və funksional dairəsinin genişləndirilməsi uğrunda çıxış etməyə başladılar. Azərbaycanlıların milli hüquqlar və Ana dili uğrunda mübarizəsinin qeyri-mütəşəkkilliyi formalaşmaqda olan rejimə qeyri-fars xalqların varlığını, dillərini və onların hüquqlarını ümumi şəkildə və son dərəcə məhdud miqyasda tanımağa və əsas qanunda təsbit etməyə imkan verdi. Bununla belə bu fakt milli hüquqlar və ana dili uğrunda mübarizədə mühüm bir nailiyyət və gələcək mübarizə üçün vacib hüquqi baza sayıla bilər.
İran konstitusiyasında cəmiyyətin polietnik xarakteri hüquqi formada təsdiq edilir, etnik dillərin qanuni hüquqları: kitab çapı, kütləvi informasiya vasitələrindən istifadə azadlığı və milli ədəbiyyatın ana dilində tədrisi müəyyən edilir. Qeyd edildiyi kimi bu hadisə milli hüquqlar uğrunda mübarizə tarixində, milli məsələnin həlli istiqamətində irəliyə doğru atılmış addım hesab oluna bilər. Teokratik rejim Əsas qanunun tələbinə məhəl qoymayaraq nəzərdən keçirilən dövrdə qeyri-fars dillərinin tədris sisteminə daxil olması üçün heç bir tədbir görmədi.
1980-1988-ci il İran-İraq müharibəsindən sonra hakim dini ideologiyanın strukturunda əsaslı dəyişiklik baş verdi və hakim fars millətçiliyi dövlət siyasətinin ideoloji bazasına çevrildi, hakim rejim mövcud şəraitdə yeni üsul və vasitələrlə assimilyasiya siyasətini daha geniş miqyasda davam etdirməyə başladı. Yeni rejimin assimilyasiya siyasətinin ən incə məqamı bir-biri ilə bağlı olan iki cəhətlə seçilirdi: bir tərəfdən qeyri-fars dillərinin, o cümlədən Azərbaycan dilinin tədris sahəsinə daxil olmasına mane olmaqla azərbaycanlı gənclərin ədəbi dil normalarına yiyələnmələrinə mane olur, bununla fars dilinin təsirini daha da gücləndirirdilər. Digər tərəfdən isə dövlətin nəzarəti altında olan kütləvi informasiya vasitələrində (radio və televiziya) yerli dillərə məhdud vaxt ayrılsa da həmin dillərdə, xüsusən Azərbaycan dilində verilişlərə təkcə məzmun və forma baxımından deyil, həm də leksik-qram¬matik baxımdan müdaxilə edilir, zahirən Azərbaycan dilindən, əslində isə fars ifadələri, söz birləşmələri, sözləri və qrammatik vasitələrindən istifadə olunan süni bir dildən istifadə olunurdu. Başqa sözlə, yalnız azərbaycanlıların deyil, bilavasitə Azərbaycan dilinin də assimilyasiya olunması, tədricən fars dilinə çevrilməsi məqsədi həyata keçirilir. Bu, fərdlərin assimilyasiya olunmasından daha təhlükəlidir. Lakin bu “incə” siyasətin də gələcəyi yoxdur. Çünki XX əsrin 90-cı illərindən beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, soyuq müharibənin başa çatması, şimali Azərbaycanın öz müstəqilliyini bərpa etməsi və s. azərbaycanlıların milli hüquqlar və ana dili uğrunda mübarizəni davam etdirməsi üçün yeni imkanlar yaradır.
Qlobal və regional dəyişikliyin ən mühüm nəticələrindən biri sosial-siyasi mübarizənin arxa plana keçməsidir. XX əsr ərzində sosial-siyasi mübarizə sahəsində daha fəal olan azərbaycanlılar tədricən əsas diqqəti milli-siyasi, milli-mədəni sferalara yönəltməyə başladılar. Bunun nəticəsində milli hüquqlar və ana dili məsələsi siyasi, mədəni fəaliyyətin əsas obyektinə çevrilib. Artıq Azərbaycan xalqının milli hüquqları və onun tərkib hissəsi olan ana dilinin hüquqlarının reallaşdırılması, statusunun genişləndirilməsi uğrunda milli cəbhənin yarandığını qeyd etmək olar. Milli hüquqlar və ana dili məsələsi əvvəllər olduğu kimi yalnız sol yönümlü təşkilatların və orta təbəqələrin ayrı-ayrı qruplarının qayğı obyektindən çıxaraq müxtəlif təbəqələrin, sosial qrupların, fərqli siyasi yönümlü qüvvələrin müştərək mübarizə obyektinə çevrilmişdi. Artıq istər siyasi təşkilatlar, istər ictimai-mədəni, istər mədəni təşkilatlar, cəmiyyətlər, qurumlar, istərsə də ayrı-ayrı ziyalı qrupları o cümlədən azərbaycanlı tələbələr milli və milli-mədəni hüquqlar uğrunda müxtəlif vasitələrlə geniş mübarizə aparırlar. Həmin mübarizənin təsiri altında hakim strukturlarda təmsil olunan ayrı-ayrı azərbaycanlılar milli hüquqların təmin edilməsini müdafiə etməyə başlamış və hətta ən mühafizəkar sosial qrup olan ruhanilərin bəzi azərbaycanlı nümayəndələri də milli hüquqların, xüsusən Azərbaycan dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda çıxış edirlər. Bütün bunlar Azərbaycan dilinin hüquqları uğrunda mübarizənin genişləndiyini və dərinləşdiyini göstərir.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -