Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bəzi balıq növlərinin ovlanmaması üçün balıqçılara müraciət edildi

28.09.18, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qadağan olunmuş balıq növlərinin ovlanmaması üçün balıqçılara müraciət edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib ki, qanunsuz balıq ovunun qarşısının alınması üçün tədbirlər görülsə də, balıqçıların bioresursların qorunmasına əməl etməsi vacibdir: "Bəzən balıqçı xırda nərə balığını da tutur və bununla, onsuz da nəsli kəsilməkdə olan nərə balıqlarının tamamilə yox olmasına şərait yaradır. Yaxud da qaydalara məhəl qoymadan, qadağan olunmuş ov alətlərindən istifadə etməklə israfçılıq edir, digər balıq növlərinin də sayının azalmasına səbəb olur. Biz bundan çox narahatıq. Nazirlik tərəfindən bununla bağlı qanuna uyğun tədbirlər görülür, lakin brakonyerliyin tam aradan qaldırılması, tez bir zamanda nəticə əldə olunması üçün birgə mübarizə aparılmasını və hər kəsin bu işdə bizə yardımçı olmasını gözləyirik. Hesab edirik ki, brakonyeri onun yaxınları, qohumları və qonşuları öz qınaqları ilə daha tez düz yola gətirər. Bəzən ictimai qınaq bəzi hüquqi və inzibati tənbehlərdən daha effektli olur".
İ.İbrahimova əlavə edib ki, bəzi hallarda balıqçıların müraciətlərinə ədalətli yanaşılmadığı, inhisarçılığa yol verildiyi barədə nazirliyə şikayətlər də daxil olur: "Birmənalı olaraq bildiririk ki, məqsədimiz bu cür yanaşmaların tamamilə aradan qaldırılmasına nail olmaq, yerlərdə qayda-qanun yaratmaqdan ibarətdir. Hesab edirik ki, vətəndaşlarımız neqativ hallarla bağlı dərhal nazirliyin qaynar xəttinə və ya elektron poçtuna məlumat versələr, belə halların qarşısı tezliklə alınar. Hər bir vətəndaşı ölkənin su hövzələrində mövcud olan sərvətimizin qədrini bilməyə və gələcək nəsillər üçün qorumağa çağırırıq".

Bu xəbər oxundu
- - -