Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanlı milli-mədəni fəal 1 il həbs cəzasına məhkum edilib

28.09.18, 13:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Parsabad 2 saylı Cəza Məhkəməsinin 102-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslamini sözdə “pantürkizm və bölücülük” ittihamı ilə 1 il azadlıqdan məhrum edib.
İyul ayında Babək qalası yürüşü ərəfəsində saxlanılan fəal hakim “Firuz Fərahani Məzrəə Cahan” tərəfindən həbs cəzasına məhkum olunub.
Çıxarılan hökmün mətnində deyd olunub ki, “Müttəhim Parsabad şəhərinin bölücü və pantürkist qüvvələrindəndir. O bölücülük fəaliyyəti istiqamətində raport hazırlayır və fars dilindən türk dilinə təhrif edərək tərcümə etdiyi kitabları internetdə yayır. Müttəhim həmin materialları opozisyona bağlı xarici kanallara da göndərir. O Parsabadda pantürkizm cərəyanının əsas qüvvələri və liderlərindən biridir.”
Hökmdə fəalın “Güney Azərbaycan” terminindən istifadə etməsi də ittihama əsas verən dəlillərdən biri kimi göstərilib.
Məhkəmə hökmü çıxarılmadan əvvəl Parsabad Ettelaat Şöbəsinin rəisi Həzrəti, Kiyumərs İslami ilə əlaqə saxlayaraq onun dosyesinin bağlanılmasından bəhs edib.
“Məhkəmədə baxılan dosyenin bağlanmasını istəyirsənsə, Ettelaat-ın xəbər mərkəzinə müraciət edərək mədəni fəaliyyətlərin dayandırılması və Abbas Lisani ilə əlaqələri kəsməyə dair öhdəlik götürməlisən”- deyə Ettelaat Şöbəsinin rəisi bildirmişdir.
Fəalın işinə baxan hakim isə ondan istəmişdir ki, dosyesində müsbət dəyişiklik etmək üçün bir neçə məqalə yazaraq İranı vəsf etməlidir.
Fəal iyulun 3-ü sübh saatlarında, Babək qalası yürüşü ərəfəsində Parsabadda öz evində yaxalanıb. O 37 gün saxlandıqdan sonra avqustun 9-da mülki vəsiqə qarşılığında Muğan zindanından sərbəst buraxılıb.
Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq 9 gün müddətinə aclıq aksiyası keçirmişdir.
“Araz” adı ilə tanınan Kiyumərs İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib və məhkəmə qarşısına çıxarılıb.

Bu xəbər oxundu
- - -