Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

130 dövlət əmlakı özəlləşdirilir

01.10.18, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 oktyabr tarixində növbəti hərrac baş tutacaq.
Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.
Məişət, iaşə, qida, tikinti və digər sahələrə aid kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Xidmət sahəsi üzrə fəaliyyətə imkan verən mağaza Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 227,9 kv.m-dir. Hərracda fəaliyyətini yenidən quran investoru daha çox gəlirlə təmin edə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən şadlıq evini də misal göstərmək olar. Torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan əmlakın ümumi faydalı sahəsi 1772,7 kv.m-dir.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin 17-si paytaxtda, 6-sı Sumqayıt şəhərində yerləşir. Bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 14 kv.m ilə 1612 kv.m intervalındadır. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən qeyri-yaşayış sahəsi ofis və ya xidmət obyekti kimi uğurlu seçim ola bilər. Dövlət obyektinin ümumi faydalı sahəsi 82,3 kv.m, təyin olunan ilkin hərrac qiyməti 7 min 500 manatdır.
Müxtəlif həcmli nizamnamə kapitalına malik olan səhmdar cəmiyyətləri Bakı, Lənkəran, Kürdəmir, Şirvan kimi rayon və şəhərlərdə yerləşir. Bu növdən olan dövlət əmlaklarına misal olaraq Sabunçu Ticarət Təchizat, Əli Bayramlı Kimyəvi Təmizləmə, Neftçala Ət və digərlərini göstərmək olar. Avtomobil sahibi olmaq istəyən vətəndaşların da budəfəki hərracda geniş seçim imkanı var. "Toyota", "Mercedes", "QAZ" və "Fiat" kimi markalardan olan bu nəqliyyat vasitələrinin buraxılış tarixi 1999-2009-cu illərdir.

Bu xəbər oxundu
- - -