Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dövründə

02.10.18, 7:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

7-ci yazı

İrəvan xanı Qacar qoşununa müqavimət göstərmək üçün ciddi hazırlıq görmüşdü. O, ilk növbədə İrəvan qalasının uzunmüddətli müdafiəsi üçün qalanı yeddi illik ərzaq ehtiyatı ilə təmin etməyə başladı. Xan kəndlərə adamlar göndərərək əhalidən yük arabaları toplayır və onlarla mahallardan taxıl daşıtdırıb anbarlara doldururdu. Qalada olan qoşun hissəsindən başqa, ətraf kəndlərdən qalaya 7.000 qoşun toplandı. Qalada darısqallıq olmasın deyə onlara ancaq özləri ilə həyat yoldaşlarını götürmələrinə icazə verilmişdi. Uşaqları isə qohumlarının və yaxın adamlarının yanında qalmışdı. Lakin xanın bu tədbiri heç bir nəticə vermədi. Çünki ailələrindən və əmlaklarından nigaran qalan, məcburən bu işə cəlb olunan kəndlilərin yarısı qaladan qaçdı. Bu da Məhəmməd xanın vəziyyətini bir qədər çətinləşdirmişdi. O, kömək üçün Kartli-Kaxetiya çarına müraciət etsə də, II İraklinin özünün vəziyyəti acınacaqlı olduğundan İrəvana kömək edə bilmədi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, 1795-ci il iyulun ortalarında Əliqulu xanın qoşunu İrəvan qalasının yaxınlığında yerləşən Çarbağ deyilən yerdə düşərgə saldı. Sonra İrəvan qalası şah qoşunu tərəfindən mühasirəyə alındı. O.Markova əsərində göstərir ki, İrəvan Ağa Məhəmməd xanın qoşununa müqavimətsiz təslim olmuşdu. Əslində isə Məhəmməd xan başda olmaqla qala sakinləri 35 gün şah qoşununa güclü müqavimət göstərmişdi. Əliqulu xan İrəvan xanına dəfələrlə tabe olmağı təklif etsə də, xan boyun əyməmişdi. O, qala sakinlərinin güclü müqavimətini görərək, qoşunun bir hissəsini qarət məqsədilə yaxın kəndlərə göndərdi. Kəndlərə hücum edən şah qoşunu əhalinin evini dağıdaraq, bütün məhsullara od vurub yandırdı. Lakin mühasirədə olan irəvanlılar hələ də Kartli-Kaxetiya çarının onlara kömək edəcəyinə ümid edərək güclü müqavimət göstərirdilər. Güclü müqavimətlə rastlaşan Əliqulu xan və Cəfərqulu xan bu haqda şaha məlumat verdilər. İrəvanın mühairəsinin uzandığını görən şah oraya 1300 nəfərdən ibarət əlavə qüvvə göndərdi. Hətta onları topçularla təmin edərək, topçu Ağa Sadıq xanı İrəvana yola saldı. Əlavə olaraq onları top mərmiləri üçün qurğuşunla da təchiz etdi.
Şuşa qalasının mühasirəsinin uzandığını görən şah Tiflisə hücum etməyə hazırlaşdı. O, Əliqulu xana məktub yazaraq İrəvan ətrafında 4000 nəfərlik qoşun saxlamaq, qalanları ilə yanına gəlməsini əmr etdi. Şah məktubda bildirirdi ki, əgər Məhəmməd xan tabe olsa onu sərbəst buraxsın. O, Cəfərqulu xandan Məhəmməd xanın oğlunu və arvadını girov vermək üçün dilə tutmağı tələb edirdi.
Güclü hücuma məruz qalan və heç bir yerdən kömək almayan qala müdafiəçilərinin vəziyyəti get-gedə çətinləşirdi. Məhəmməd xan qorxurdu ki, ağa Məhəmməd xan butun qüvvələrini İrəvan üzərinə toplaya bilər, bu halda şəhər əhalisini və şəhərə sığınan şəxsləri şahın qəzəbindən heç kəs qurtara bilməzdi. Qorxunun təsiri altında Məhəmməd xan təslim olmaq məcburiyyətində qaldı. O, Ağa Məhəmməd xan Qacara tabe olduğunu bildirərək, 1795-ci il avqustun sonunda müqaviməti dayandırdı. İrəvan xanı Ağa Məhəmməd xana vergi verməyi, lazım olduqda qoşunla kömək edəcəyini vəd edərək, arvad və oğlanlarından birini ona girov göndərdi.
İrəvan xanının təslim olmasında Gəncəli Cavad xanın da rolu olmuşdu. O, tərəfləri barışdırmaq üçün Məhəmməd xanın qohumu Yaqub xanı İrəvana göndərmişdi. Yaqub xan danışıqlarda vasitəçi olaraq İrəvan xanını yola gətirmişdi. Lakin Qacar qoşunu İrəvan qalasına daxil ola bilmədi. Məhəmməd xan bu qoşuna etibar etmədiyindən ancaq girov verməklə kifayətlənmişdi. Hətta o, təhlükəsizliyi üçün 500 nəfər qoşunla qalanı tərk edərək Qacar qoşunundan kənar gəzirdi. Lakin Əliqulu xan da İrəvanda ləngimədi. O, girovları götürərək avqustun 28-də Gəncədə olan şahın yanına getdi.
Ağa Məhəmməd xan Qacar Şuşa şəhərinin mühasirəsindən əl çəkərək Tiflisə hücum edir. II İrakli ona qarşı İbrahimxəlil xandan 120 min, İrəvandan 200 min, Gəncədən isə 50 min rubl maliyyə dəstəyi almasına baxmayaraq müdafiəyə zəif hazırlaşmışdı. 1795-ci il sentyabrın 12-də Ağa Məhəmməd xan qoşunu ilə Tiflisə daxil oldu. Şəhər əhalisinin yarısı qırıldı, qalanı isə əsir alındı. Lakin Ağa Məhəmməd xan Tiflisdə çox qala bilmədi. Qoşunu ərzaqla təmin edə bilməməsi, digər tərəfdən rus qoşununun yürüşə hazırlaşdığını eşidən xan səkkiz gündən sonra geri çəkilərək Muğan düzünə gəldi. Burada dincələn Qacar xanı eyni zamanda Azərbaycan xanlarını itaətə gətirmək üçün tədbirlər görməyə başladı. O, ilk növbədə Məhəmməd xanı yanına dəvət etmək üçün Süleyman xanı İrəvana göndərdi. Məhəmməd xan isə Ağa Məhəmməd xana təslim olduğunu bildirsə də, itaətindən çıxmaq üçün fürsət axtarırdı. Arxiv sənədində göstərilir ki, «İrəvan xanı Azərbaycanın digər hakimləri kimi zəifliyindən, məcburiyyət qarşısında şaha boyun əymişdi, lakin imkan olan kimi ona qarşı üsyan qaldıracaqdı». Həqiqətən də İrəvan xanı Qacar qoşunundan sonra Tiflisə daxil olmuş rus qoşunundan və II İraklidən kömək almaq ümidində idi. Lakin Ağa Məhəmməd xandan ehtiyat etdiyi üçün məqsədini yazılı şəkildə bildirməkdən qorxurdu.
Ümidinin boşa çıxdığını görən Məhəmməd xan Muğana, Ağa Məhəmməd xanın yanına getməyə məcbur oldu. O, bahalı hədiyyələrlə Muğan düzünə gəldi. Ağa Məhəmməd xan Qacar Məhəmməd xanı hörmətlə qəbul edərək, İrəvan xanlığına hər il 8 funt qızıl və 80.000 manat (8.000 tümən-E.Q.) miqdarında xərac təyin etdi. Bundan sonra o, Məhəmməd xanı öz vəzifəsinə təsdiq etdi. Əlavə olaraq İrəvan xanı geri qayıtdıqdan sonra ona 100 dəvə göndərməli idi.
Ağa Məhəmməd xan Tiflisi işğal etdikdən sonra İrəvan və Gəncə xanlarının xeyrinə bir neçə göstəriş vermişdi. Onun əmrinə görə, vaxtilə İrəvan xanlığının tərkib hissəsi olan Pəmbək və Gəncə xanlığının tərkib hissəsi olan Borçalı sultanlıqları İrəvana tabe olmalı, Qazax və Şəmşəddil sultanlıqları isə Gəncə xanlığına itaət etməli idi. Məhəmməd xan vəziyyətdən istifadə edərək Pəmbək və Borçalı əhalisinə xəbər göndərərək tabe olmalarını tələb etmişdi.
Tezliklə, Cənubi Qafqazda siyasi vəziyyət yenidən dəyişdi. Xorasanda Qacar hökumətinə qarşı üsyanın başlaması, qoşun arasında vəba xəstəliyinin güclənməsi Ağa Məhəmməd xanı Muğan düzünü tərk edərək Tehrana qayıtmağa məcbur etdi. Bundan istifadə edən Rusiyanın Cənubi Qafqaza müdaxiləsi başladı. Ağa Məhəmməd xanın Cənubi Qafqaza hücumu Rusiyanın nüfuzuna böyük zərbə endirdi. Bu məqsədlə rus komandanlığı sarsılmış nüfuzunu bərpa etmək, çoxdan hazırladığı işğalçı planlarını həyata keçirmək üçün əllərinə düşən əlverişli fürsətdən istifadə etmək qərarına gəldi. Tarixi ədəbiyyatda 1796-cı il qraf V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü haqqında kifayət qədər əsərlər yazıldığından bu hadisə üzərində dayanmağı vacib hesab etmirik. Lakin bu yürüşdə Rusiya dövlətinin İrəvan xanlığı barədə işğalçılıq planlarını işıqlandırmaq işimizin əsas məqsədidir. 1796-cı il fevralın 19-da imperatriçə II Yekaterina (1762-1796) general-poruçik V.A.Zubova Cənubi Qafqaza yürüş planı haqqında reskript (məktub-E.Q.) göndərdi. Reskriptdə Rusiya yürüşün əsas məqsədini gizlədərək, bunu Nadir şahın ölümündən sonra İranda qarışıqlığın olması ilə əlaqədar Xəzər dənizində rus ticarətini qorumağı ilə əlaqələndirirdi. Bu reskriptdə V.A.Zubov Azərbaycan xanlarını müxtəlif vədlərlə öz tərəfinə çəkməli idi. Sənəddə İrəvanla bağlı göstəriş də vardı. Yürüşdə Rusya İrəvan xanlığını da ələ keçirməli idi. Lakin rus komandanlığı məqsədinə birbaşa deyil, dolayı yolla çatmaq niyyətində idi. Belə ki, II Yekaterina hökuməti Osmanlı dövlətindən ehtiyat edərək İrəvana açıq müdaxilə etməkdən çəkinirdi. Onlar İrəvanda II İraklinin əli ilə möhkəmlənmək istəyirdi. V.A.Zubova göndərilən reskriptdə yazılırdı ki, «Osmanlı Türkiyəsi ilə həmsərhəd olan və Arazın yuxarı hissəsində yerləşən İrəvan xanlığı çar İrakli tərəfindən təmizlənməli və onun qoşunu digər xanlarla birlikdə Ağa Məhəmməd xanın əleyhinə qalxmalıdır». Rusiya belə hesab edirdi ki, II İrakli uzun müddət İrəvanı təsirində saxladığına və bu xanlıqdan vergi aldığına görə, onun bu addımına Osmanlı dövləti adi hal kimi baxacaq.
Lakin II İrakli rus komandanlığının ümidini doğrultmadı. Çar da öz növbəsində Gəncə və İrəvanı yenidən özündən asılı vəziyyətə salmaq üçün rus qoşununun gücündən istifadə etmək istəyirdi. II İrakli rus komandanlığına məktub yazaraq Gəncəni tutmağa qüvvəsinin olmadığını etiraf edirdi. Qraf V.Zubov isə ona bildirirdi ki, Gəncənin alınması rusların planında nəzərdə tutulmuşdu. Lakin İrəvan xanlığının işğalı II İraklinin üzərinə düşür. Çünki rus qoşunlarının Osmanlı sərhədləri yaxınlığında görünməsi Rusiya dövləti üçün əlverişli deyil.
1795-cı ilin aprelin 15-də general-poruçik V.A.Zubovun başçılığı ilə 30 minlik rus qoşunu Dərbənd istiqamətində Azərbaycana yürüşə başladı. Bu yürüşdə rus qoşunu Dərbənd, Quba, Bakı, Şamaxı və Gəncə şəhərlərini ələ keçirmişdi. Rus qoşunlarının yürüşündən istifadə etmək istəyən bəzi Azərbaycan xanları gizlincə rus komandanlığı ilə məktublaşaraq Ağa Məhəmməd xana qarşı kömək istəmişdi. «Gəncədə mövqe tutan Rimski-Korsakovun məqsədi Azərbaycan xanlarını Ağa Məhəmməd şah Qacara qarşı qaldırmaq və II İraklini qoşun toplayaraq İrəvanı tutması üçün inandırmalı idi».
İrəvan xanlığı Osmanlı Türkiyəsi ilə sərhəddə yerləşdiyindən bu ərazidə möhkəmlənmək Rusiyaya çox vacib idi. Məhəmməd xan zahirdə Ağa Məhəmməd xana tabe olduğunu bildirsə də, hakimiyyətini itirəcəyindən qorxaraq V.Zubovdan hərbi kömək almaq ümidində idi və bu məqsədlə rus komandanı ilə gizli məktublaşırdı. O, Ağa Məhəmməd xanın şübhələnməsindən ehtiyat edərək əlacsızlıqdan baş komandanla əlaqəni ermənilər vasitəsilə aparırdı. Bundan əlavə, Məhəmməd xan Tiflisdə yerləşən erməni arxiyepiskopu İosifdən istifadə etməklə II İraklini və general Korsakovu kömək üçün öz tərəfinə çəkmək qərarına gəlmişdi. O, planını gerçəkləşdirmək üçün erməni katolikosu Simonun bacısı oğlu Yeqor Xubovu 25 nəfərin müşayəti ilə Tiflisə göndərmişdi. Lakin bundan xəbər tutan Ağa Məhəmməd xan İrəvanın əldən çıxacağından narahat olaraq sərkərdələrdən Təvəkkül xanı və Cəfər xanı 400 nəfər qoşunla İrəvana göndərdi. İrəvan şəhərinə gələn Təvəkkül xan Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdıraraq İrəvan xanlığının idarəsini müvəqqəti ələ keçirdi...
Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -