Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İran vərzişi” qəzeti “Traxtur” klubu və onun sahibini təhqir edib

02.10.18, 12:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İslam İnqilabı Keşikçilər Korpusundan (“Sepah”) azərbaycanlı məşhur iş adamı Məhəmmədrza Zenuziyə buraxıldıqdan sonra özünü gücləndirməyə başlayan Təbrizin “Traxtur” futbol klubu “İran vərzişi” qəzetinin qəzəbinə tuş gəlib.
Bu barədə rəsmi dövlət qəzetində Səid Ağayi adlı müəllifin sözdə məqaləsi dərc olunub, məqalədə “Traxtur” klubu və onun sahibi Məhəmmədrza Zenuzinin ünvanına təhqiramiz ifadələr işlədilib.
“Traxtur” haqqında “heç bir şey üçün hay-küy salmaq” və “su üzərində ev” kimi ifadələr işlədən Səid Ağayi klubun sahibinin sonunda həbsxanalıq olacağını iddia edib.
““Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi çox iddialıdır. O xarici valyutanın bugünkü durumuna baxmayaraq Təbrizə bir çox kiçik və böyük ulduzlar gətirib. O bu oyuna dəlicəsinə davam edir və çempionluq sevdasına düşüb. Lakin “Traxtur” su üzərində qurulmuş bir evdir və onun röyası heç bir nəticə verməyəcək”- deyə müəllif qeyd edib.
Məqalədə Məhəmmədrza Zenuzi hazırda həbsdə olan “İstil Azin”nin sahibi Hüseyn Hidayəti ilə müqayisə olunub. Bildirilib ki, Hüseyn Hidayəti İran futbolunun ulduzlarını aldı, lakin taleyi heç də yaxşı olmadı. Komandası çempion olmaq yerinə, daha da geri qaldı. Faciədən bir neçə il sonra klubun sahibi qəhrəmanlıq yerinə, dəmir barmaqlıqların arxasından qurtulmağı arzu edir.
“ Məhəmmədrza Zenuzi bir multi-milyarder kimi şan-şöhrət hərisidir. Lakin onun tutduğu yolun sonu ona bədnamlıq və etimadsızlıqdan başqa heç nə gətirməyəcək. O futboldan uzaq adamdır, onun əlifbasını belə bilmir. Bu idarəçiliklə onun bügünkü gülüşləri, qısa zamanda göz yaşları ilə əvəzlənəcək. Bu göz yaşları sonralar Hüseyn hidayəti kimi dəmir barmaqlıqlar arxasına düşməklə də nəticələnə bilər”- deyə məqalənin digər hissəsində qeyd olunub.
“Traxtur” komandası uzun illərdir İslam İnqilabı Keçikçilər Korpusu (“Sepah”) tərəfindən çalışdırılırdı. Bu müddətdə “Traxtur” klubuna ağır zərbələr dəydi və bir çox problemlərlə üzləşdi. Soydaşlarımızın etirazından sonra “Traxtur” klubu ötən aylarda azərbaycanlı iş adamı Məhəmmədrza Zenuziyə buraxıldı. Bundan sonra Azərbaycan klubunda ciddi dəyişikliklər olundu, komandaya güclü baş məşqçi və ulduz oyunçular transfer edildi. Məhəmmədrza Zenuzinin “Traxtur” klubuna xüsusi diqqət yetirib və klubun gücləndirilməsi üçün tələb olunan vəsaiti xərcləməsi çoxlarını narahat edir. Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən “İran” qəzetinin “Traxtur” və onun klubuna qarşı qərəzli mövqeyi həmin narahatlıqdan irəli gəlir.

Bu xəbər oxundu
- - -