Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Urmu gölü ilə bağlı ziddiyyətli açıqlama

02.10.18, 12:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti üzrə direktoru bundan əvvəlki açıqlamalarının əksinə olaraq gölün canlandırılması üçün nəzərdə tutulan heç bir layihənin dayandırılmadığını bildirib.
Fərhad Sərxoş bu barədə oktyabrın 1-də “İsna” xəbər agentliyinə danışıb.
“Cari ildə Urmu Gölünü Canlandırma Mərkəzi üçün büdcə vəsaiti elan olunmayıb. Buna baxmayaraq bütün layihələr ötən ilin büdcə vəsaiti hesabına icra edilir, heç bir layihənin icrası dayandırılmayıb”- deyə o bildirib.
Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi “Kani sib” bəndinin suyunu Urmu gölünə intiqal edən tunelin qazılmasına işarə edərək qeyd edib ki, “bu il İnkişaf Fondundan tunel üçün 400 milyard tümən məbləğində vəsait ödənilib. Tuneldə artıq işlərin 63 faizi görülüb və layihənin icrası davam edir.”
Fərhad Sərxoş Urmu gölündə suyun səviyyəsi tarazlığının 1270.27 metr olduğunu diqqətə çatdıraraq tarazlıq səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 santimetr artdığını da qeyd edib.
O sentyabrın 28-də Urmu gölünün sahəsinin 1722 kvadrat kilometr olduğunu deyib.
Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisinin son açıqlaması onun sentyabrın 17-də “Mehr” xəbər agentliyinə verdiyi açıqlama ilə ziddiyyət təşkil edir.
“Bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə Urmu gölündə suyun səviyyəsi tarazlığı 3 santimetr aşağı düşüb. Suyun həcmi 60 milyon kubmetr azalıb, gölün ümumi sahəsi isə 30 kvadrat kilometr kiçilib”- deyə o bildirmişdir.
Fərhad Sərxoş Canlandırma Mərkəzində vəsait çatışmazlığını kəskin tənqid edərək qeyd etmişdir ki, nə qədər çalışsaq da, bu il Canlandırma Mərkəzinin layihələrinə bir rial belə vəsait ayrılmadı. Hava şəraiti ilə əlaqədar artıq iş fəsli başa çatmaq üzrədir. Büdcə vəsaiti olmadığı üçün layihələr icra olunmadı. Əgər ilin ikinci yarısında büdcə vəsaiti ödənilsə də, hava şəraiti ilə əlaqədar layihələri icra etmək mümkün olmayacaq.”
Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma və Əlaqələndirmə işləri üzrə müdiri Məsud Təcrişi də sentyabrın 15-də vəsait çatışmazlığını sərt tənqid edərək Mərkəzin layihələrin icrası məsələsində geri qaldığını etiraf edib.
Qeyd edək ki, İran rejiminin həyata keçirdiyi yanlış və qərəzli siyasətin nəticəsində artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması nəticəsində bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir. Bütün bunlara baxmayaraq rejim gölün qurtarılması ilə bağlı hər hansı əməli tədbir həyata keçirməyib.

Bu xəbər oxundu
- - -