Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ankaradan ABŞ-a növbəti Suriya xəbərdarlığı

02.10.18, 13:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Artıq Menbiçdən YPG terrorçularının tamamilə çıxarılması və bu bölgənin idarəçiliyinin yerli xalqın ixtiyarına verilməsinin zamanı gəlib çatıb.
Bunu İsveçrədə səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“YPG-nin Menbiçdən çıxarılması üzrə əməliyyat təqvimində gecikmələr var. Amma indiyədək Menbiç bölgəsində ayrı-ayrılıqda həyata keçirdiyimiz patrullar və hüquq-mühafizə orqanı əməkdaşlarının yerinə yetirdiyi tapşırıqlar əhəmiyyətli idi. Menbiç üzrə ABŞ ilə əldə olunan razılaşmaların hər bir bəndi icra edilməlidir. Vaşinqton tərəfindən gecikmə müşahidə olunur, amma razılaşma tamamilə pis işləyir, ya da heç işləmir, deyə bilmərik”, – deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun rəhbəri Ceyms Mettis Menbiçdə türk və amerikalı hərbçilərin ortaq patrul aparmaları üçün birgə təlimlərin başladığını bəyan edib. Bir neçə həftə davam edəcək təlimlərdən sonra hər iki tərəfin hərbçilərinin oktyabrın sonlarından etibarən Menbiçdə ortaq patrul həyata keçirəcəkləri gözlənilir.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo ilə 4 iyundakı görüşündə Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair "yol xəritəsi" üzrə razılıq əldə olunub.
Menbiç planının detallarını açıqlayan Çavuşoğlu bildirib ki, təmizlənmə prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçiriləcək. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.
Çavuşoğlu bəyan edib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra, bu planı Suriyada kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq edəcəklər. Türkiyə xarici işlər naziri Menbiçin terrorçulardan 3-6 ay ərzində təmizlənəcəyini və bu prosesdə üçüncü ölkənin iştirak etməyəcəyini deyib.

Bu xəbər oxundu
- - -