Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya raketlərini məhv edəcəyik”

03.10.18, 10:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

NATO-dan Moskvaya xəbərdarlıq
ABŞ Rusiyanın 9M729 qanadlı raket sistemlərinin istehsalının dayandırmasını tələb edir. “Tampa Bay Times” nəşri xəbər verir ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bununla bağlı xəbərdarlıq edib. O deyib ki, Rusiya xəbərdarlığa məhəl qoymayacağı təqdirdə, həmin sistemlər hazır olmamış məhv ediləcək. Hatçison bu sistemlərin istehsalı iki ölkə arasında hələ "soyuq müharibə" dövründə bağlanmış yaxın və orta mənzilli raketlərin ləğvi üzrə müqavilənin pozulduğunu bildirib. Bu müqavilə mənzili 5500 km məsafəyə qədər olan və nüvə başlığı daşıya biləcək raketlərin hər iki ölkə üçün istehsalını qadağan edir.
Rusiyanın “Novator” şirkəti tərəfindən layihələşdirilən 9M729 sistemi haqda dolğun məlumat olmasa da, onun 500-5500 km məsafədə fəaliyyət göstərə biləcək qrupa aid edildiyi iddiası irəli sürülür. Həmçinin, raketin həm nüvə, həm də adi başlıqlı istehsal ediləcəyi ehtimal olunur. Onun “İsgəndər- M” sisteminin daha modernizə edilmiş versiyası olacağı bildirilir. Həmin sistemlər barədə əldə edilən kəşfiyyat məlumatlarını NATO-dan olan 28 müttəfiq ölkə ilə paylaşan ABŞ, bu dövlətlərin də Rusiyaya təzyiqləri artırmasını istəyir. Bu yolla gərginliyi daha da artırmadan Rusiyanı danışıqlar masasına qaytarmağı planlaşdırır.
“Rusiyanı artıq danışıqlar masasına qayıtmaq və qaydaları pozmağının sonlandırılmağının vaxtıdır. Biz Amerikanı və Avropadakı müttəfiqlərimizi xəbərdarlıqsız vura biləcək bu raketləri məhv etməyi nəzərdən keçirəcəyik” – Hatçison Brüsseldə keçirilən brifinq zamanı bəyan edib. Daha sonra öz “Twitter” səhifəsində məsələyə aydınlıq gətirən Hatçison Rusiyaya zərbə endirməkdən söhbət getmədiyini diqqətə çatdırıb. O, əsas məqsədin Rusiyanı danışıqlar masasına oturtmaq olduğunu qeyd edib.
Rusiya isə öz növbəsində ABŞ-ın istifadə etdiyi raketdən müdafiə sistemlərinin də adıçəkilən müqavilənin şərtlərini pozduğunu bildirib. Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası da Rusiyanı danışıqlar masasına gətirməyi planlaşdırırdı, lakin bu sahədə heç bir uğur qazana bilmədi. Pentaqon rəhbəri Ceyms Mettis isə bu məsələni müttəfiq ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək NATO görüşü çərçivəsində qaldıracağını bildirib. Onun sözlərinə görə, ABŞ bu müqaviləyə əməl edir, amma Rusiya məsuliyyətdən yayınır.
“Rusiya bu yeni raket barədə heç bir etibarlı hesabatlar təqdim etməyib” – bunu isə NATO baş katibi Yens Stoltenberq bəyan edib. Onun sözlərinə görə, yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə Transatlantik təhlükəsizliyinin əsasını təşkil edir. Stoltenberq Rusiyanın hazırki addımlarının regiondakı təhlükəsizliyi sual altına aldığını qeyd edib.
Qeyd edək ki, yaxın və orta mənzilli raketlərin ləğvi üzrə müqavilə 1987-ci ili dekabrın 8-də ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qarbaçov tərəfindən imzalanıb. Müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan balistik raketləri məhv etməsini şərtləndirir. Bu günə kimi hər iki tərəf dəfələrlə bir-birilərini bu müqavilənin şərtlərini pozmaqda ittiham edib. Rusiyalı hərbi ekspert Viktor Litovkin deyib ki, amerikalı diplomatın Rusiya raketlərinin vurulacağı ilə bağlı açıqlaması Orta və Uzaqmənzilli Raketlərin məhvi ilə bağlı razılaşmada ABŞ-ın pozduğu müddəaları gizlətməyə yönəlib. O bildirib ki, yalnız qeyri-adekvat şəxs bu kimi açıqlama verə bilərdi: “Belə insanları vəzifədən kənarlaşdırmaq lazımdır. İnsanlar başqa planetdə yaşayır və Rusiyanın nə olduğunu anlamır. Hər hürən küçüyə reaksiya verməyin”.

Bu xəbər oxundu
- - -