Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Neftdən 136 milyard dollar qazanmışıq

03.10.18, 13:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il oktyabr ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 135 milyard 887 milyon ABŞ dolları gəlir əldə edib. Bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 7 milyard 401 milyon dollar vəsait daxil olub. O cümlədən bu ilin ilk doqquz ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 115 milyon dollar təşkil edib.
Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.
2007-ci ildən cari il oktyabr ayının 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirləri 2 milyard 506 milyon ABŞ dolları olub. Xatırladaq ki, cari ilin əvvəlində “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Neft Fonduna 108 milyon dollar əlavə bonus ödənilib.

Bu xəbər oxundu
- - -