Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Demokrat Paşinyan“dan militarist Ermənistan layihəsi

03.10.18, 13:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət hərbi sahənin büdcəsini kəskin şəkildə artıraraq, onu 530 milyon dollara çatdırmağı planlaşdırır. Ermənistan hökumətinin ötən iclasında 2019-cu il dövlət büdcəsində müdafiə nazirliyinə ayrılan məbləğ 528.7 milyon dollar təşkil edib. Bu məbləğ 2018-ci il büdcəsi ilə müqayisədə 13.6% artırılıb.
Qeyd edək ki, 2018-ci ildə Ermənistan müdafiə nazirliyinə ayrılan vəsait 468 milyon dollar təşkil edirdi. Məlumata görə, ayrılan vəsait əsasən yeni silahlanmaya, silah-sursat əldə etməyə yönləndiriləcək. 2008-ci ildən sonra Ermənistanın gələn ilki hərbi büdcəsi ikinci dəfə qeydə alınan ən yüksək məbləğdir. Yalnız aprel döyüşlərindən sonra 2017-ci ildə Ermənistanın hərbi büdcəsi artırılaraq 609.8 milyon dollar təşkil edib.
Bu proses, Paşinyanın Sarkisyan dövründən etibarən ölkənin hərbiləşdirilməsi üçün atılan addımların bir hissəsi kimi dəyərləndirilməlidir.
Bununla da, Paşinyan həmçinin Rusiya ilə kredit sazişi çərçivəsində silah anlaşmasından başqa, kənardan da silah almaq niyyətində olduğunu göstərir. Maraqlıdır, Ermənistanda silah alınma siyasətində dəyişiklik baş verəcək, yoxsa yenə də rus bazarından istifadə olunacaq. Xatırladaq ki, son zamanlar erməni tərəfinin Hindistan silah bazarına maraq göstərdiyi barədə mətbuatda məlumatlar yayılmışdı.
Burada maraqlı məqamlardan biri də Hindistanın Pakistanla düşmən münasibətində olmasıdır. Öz növbəsində Pakistan Ermənistanın müstəqilliyini tanımayan nadir ölkələrdən biri kimi Azərbaycanla sıx münasibətdədir.
Lakin Paşinyan hökumətinin hansı bazardan silah əldə edəcəyi barədə danışmaq hələ tezdir. Rusiya tərəfi müttəfiq ölkələrdən hər hansı birinin digər 3-cü ölkədən silah almaq niyyətinə həmişə mənfi yanaşıb. Belə olan halda onsuz da Ermənistan-Rusiya münasibətlərində mövcud problemlər daha da kəskinləşə və gözlənilməz amillər arta bilər.
Ermənistanın müxtəlif beynəlxalq siyasi platformalarda münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar olduğunu deməsinə baxmayaraq, gələn ilin hərbi büdcəsinin artırılması onun faktiki olaraq münaqişənin sülh yolu ilə həllinə dair çalışmadığını göstərir.
Düşənbədə prezident İlham Əliyevlə ayaqüstü görüşdən sonra belə, dünən “Kamar” biznes mərkəzinin açılışındakı nitqindən də məlum olduğu kimi, Ermənistanın baş naziri özünün danışıqların tərkib hissəsi ola biləcəyini görmür və ya dolayı yolla danışıqlardan yayınır.
Bütün bunlarla yanaşı Ermənistanın yeni hakimiyyətinin Qarabağ siyasətini anlamaq lazımdır. Əlbəttə Ermənistanın gələn il üçün hərbi büdcəni artırması bölgədə hərbi silahlanma səviyyəsini artırır. Bu isə öz növbəsində münaqişənin həllinə yox, yeni müharibənin başlanmasına yol aça bilər.

Bu xəbər oxundu
- - -