Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bakı qan tökülmədən Qarabağı geri qaytara bilər”

04.10.18, 8:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan yenə sallanır, görünür, bu ölkə aparıcı rus analitiklərin daha əvvəl xəbərdarlıq etdiyi kimi, vətəndaş müharibəsi astanasındadır.
Bu fikri tanınmış ekspert, teleaparıcı Yevgeni Mixaylov Ermənistanda baş verən son hadisələri şərh edərkən deyib.
Ermənistanda parlamentin buraxılmasını əngəlləməyi nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən sonra Nikol Paşinyan insanları küçələrə çıxararaq spontan mitinq zamanı Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyalarından olan nazirlərin vəzifədən azad edildiyini və onların vəzifədən azad edilməsi ilə bağlı sərəncamın qüvvəyə minməsindən dərhal sonra özünün də istefaya gedəcəyini elan etdi.
Rus analitikin sözlərinə görə, hakimiyyətə populist şüarlarla gələn Paşinyanın vəziyyətə nəzarət etmək iqtidarında olmadığı bəlli olub.
“Paşinyan xalqın onu dəstəklədiyini bildirir, ancaq elə məhz həmin xalq da onu tarixin bir küncünə atacaq. Parlamentdə oturduqları halda oradan qovulması istənən vəkillərlə nominal olaraq qovulmuş nazirlərin öz mövqelerini belə rahatlıqla təhvil verməyəcəyi aydındır. Onların özləri də Paşinyanın bəyan etdiyi və reallıqda həyata keçirdiklərini bəyənməyən xalq kütləsinə sahibdir. Hazırki məqamda Ermənistanın millətçi qüvvələrinin əsas təmsilçisi sayılan daşnakların partiyasına qarşı mübarizə yenidən perspektivsizdir. Bu qüvvələrin təmsilçiləri digər partiyalardan, o cümlədən Respublikaçılar Partiyasından olan tərəfdarları ilə birlikdə güclü müqavimət göstərirlər”, - Mixaylov bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan hökuməti bir tərəfdən digər tərəfə sallanır, Paşinyanın parlamenti yenidən seçmək və nazirləri qovmaqla bağlı qərarları isə sadəcə onun hakimiyyətinin gücləndirilməsinə hesablanıb.
“O, gah Azərbaycanla bağlı təhdidlər səsləndirir və bu da millətçilərin xoşuna gəlir, gah da mövqeyini yumşaldır və bu zaman parlamentdə oturan millətçilər narazılıq edir. O ümid edir ki, xalq onu yeni parlament seçkilərindən sonra təkrar seçəcək və buna görə də belə əminliklə bir neçə nazirin qovulmasından dərhal sonra istefa verəcəyini elan edir. Təbii ki, bu, siyasi manevrdən başqa bir şey deyil”, - Mixaylov deyib.
Ekspertin fikrincə, tarix həmişə təkrarlanır və məxməri inqilablar həmişə öz qəhrəmanlarını məhv edir. Ermənistan bu dəfə ya xarici vasitəçilərin köməyi sayəsində şəraitin sabitləşməsi ilə inkişaf yoluna qədəm qoyacaq, ya da ölkədə vətəndaş müharibəsi xaosunun hökm sürməsi mümkündür.
“Belə bir qorxulu fikir də deyə bilərəm ki, Paşinyan həmçinin hələlik sakit şəkildə hadisələri müşahidə edən və vəziyyətdən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istifadə etməyən Azərbaycana da müəyyən şərtlər daxilində müraciət edə bilər. Əslində, İrəvanda vəziyyət həddən artıq kritikdir. Burada Vladimir Putinin təxirə salınmış Ermənistan səfərini və Düşənbə sammitində Paşinyanla kifayət qədər qısa söhbətini xatırlamaq lazımdır. Düşünürəm ki, bunlar təsadüfən baş verməyib. Rusiya İrəvandakı hadisələrə qarışmır. Ancaq aydındır ki, Kremlin analitikləri Ermənistandakı daxili-siyasi vəziyyətin hazırkı inkişafını proqnozlaşdırıblar və rəsmi səfərləri gözlətmək qərarına gəliblər”, - ekspert əlavə edib.
Xülasə olaraq, Mixaylovun fikrincə, yaxın vaxtlarda Ermənistanın siyasi sabitliyini və xarici oyunçularla müzakirə imkanını əlində saxlaya biləcəyi, yoxsa yerli siyasi knyazların idarə edəcəyi ərazi görünüşünü qorumaqla dövlətçiliyini tamamilə itirəcəyi bəlli olacaq.
“Belə olan halda Bakı faktiki olaraq qan tökülmədən de-yure Azərbaycana məxsus olan Qarabağı geri qaytara bilər”, - Mixaylov fikrini tamamlayıb.
Politoloq Rüstəm Məmmədov isə Ermənistanın Gürcüstana ərazi iddialarına münasibət bildirərkən deyib ki, Ermənistanda “böyük Ermənistan” xülyası hər zaman yaşayıb. Bu, onların işğalçılıq niyyətlərindən əl çəkmədiklərinin göstəricisidir”.
Politoloq bildirib ki, Ermənistanda Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin rəhbərinin öz "həmkarını" Abxaziyanın yaradılması ilə bağlı təbrik məktubu Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmədiyinin nümayişdir.
Ermənistanın öz xülyasını reallaşdırmaq üçün heç bir şansının olmadığını dilə gətirən politoloq söyləyib ki, buna beynəlxalq hüquq imkan vermir: “Tarixən Ermənistan qonşu dövlətlərinə qarşı ərazi iddialarında olub və bu iddiaları sayəsində də özünə dövlət qurub. Belə olan halda, onlara öz xülyalarını gerçəkləşdirmək üçün heç bir ölkə onları müdafiə etməyəcək. Ayrı-ayrı şəxslərin Ermənistanı müdafiə etməsi heç bir anlama gəlmir”.
"Yurddaş" Partiyasının sədri Mais Səfərli isə bildirib ki, ümumiyyətlə, ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyllərini dəstəkləməsi “böyük Ermənistan” xülyasının tərkib hissəsi olaraq Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının aktuallaşdırılması yeni bir məsələ deyil. Ermənilər “böyük Ermənistan” adlı bir dövlət iddiasındadırlar. Guya ki, üç dəniz arasında – Qara dəniz, Xəzər dənizi və Ağ dəniz arasında bunların “böyük dövlətləri” olub. Amma bu tarixi faktların təhrif olunmasıdır”. Onun sözlərinə görə, tarixdə heç zaman erməni dövləti olmayıb: “Ümumiyyətlə tarixdə mövcud olan “erməni dövləti” Ön Asiyada olub. Çox qısa müddət kəsiyində isə o dövlət fəaliyyət göstərib. O dövlətin də elə yaranmasına romalılar kömək ediblər. Sonradan ermənilərin onlara xəyanət etməsi nəticəsində romalılar həmin dövləti süquta uğradıblar, məhv ediblər. Yəni bu erməni xülyasından başqa bir şey deyil. Nə də bu gün erməni siyasətçiləri xəstə təxəyyüllü insanlardan başqa bir şey deyillər. Onların apardığı bu siyasət erməni xalqını bütünlüklə xəstə xalqa çevirib. Olmayan bir şeyləri həqiqət kimi qələmə vermək, yeni nəsilləri başqa millətlərə, xalqlara düşmən ruhunda böyütmək erməni xislətindən xəbər verir. Bu təbii ki, ermənilərin özünü uçuruma aparan bir amildir.
Axı necə ola bilər ki, ermənilər gəlib bu regionda yerləşiblər. Bunlar hələ də dərk etmirlər ki, onları bu regiona təhkim edən çar Rusiyası olub. İndinin özündə də onlara Rusiya havadarlıq edir. Onlar qonşu xalqlarla düşmənçilik etməkdə davam edirlər. Ermənilər bir tərəfdən Türkiyəyə yalnış və heç bir əsası olmayan “erməni soyqırımı” iddiasındadırlar və Türkiyəyə ərazi iddiasındadırlar. Digər tərəfdən isə bizim torpaqlarımızım 20 faizini işğal ediblər və Qarabağa iddialıdılar. Həmçinin Gürcüstanın tarixi torpaqlarının əhəmiyyətli bir hissəsinə iddia edirlər. Bu onu göstərir ki, ermənilər xəstə təxəyyüllə heç hara gedib çıxa bilməyəcəklər”.
Milli Məclisin deputatı Azər Badamov Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarusun qanlı separatçılıq və etnik təmizləməni təşviq etməsinə münasibətini bildirərkən deyib ki, Avropa Parlamentində Dağlıq Qarabağ məsələsinə ikili standartlarla yanaşma mövcuddur. Əgər ikili standartlar və ya erməni lobbiçiliyi olmasa idi, deputat mandatı daşıyan biri tərəfindən separatizmi dəstəkləyən ifadələr səslənməzdi.
AP üzvünün separatizmi dəstəkləməsi ilə bağlı fikirlər səsləndirməsinin Avropa dəyərlərinə zidd olduğunu deyən deputat söyləyib ki, insan haqlarından, demokratiyadan danışılan Avropa ölkələri Dağlıq Qarabağ və onun ətraf rayonlarında yaşayan Azərbaycan vətəndaşlarının evlərindən didərgin düşdüyünü və onlara qarşı soyqırımları törədildiyini görməlidir: “Belə bir reallıq ola-ola Dağlıq Qarabağda separatizmi dəstəkləmək, ermənipərəst mövqe göstərmək təbii ki, ikili və Avropanın siyasətinə uyğun olmayan yanaşmanın göstəricisidir”.
A.Badamov qeyd edib ki, Avropan separatizmi və etnik təmizlənmələri dəstəkləməklə, özünü bu hadisələrdən sığortalaya bilməyib: “İspaniyada baş verən hadisələri buna misal çəkərək deyə bilərik ki, Avropanın özünə də separatizm meylləri baş qaldırmaq üzrədir. İspaniyada baş verənlərdən sonra Avropada bu istiqamətdə addımlar nisbətən səngimişdi. Lakin yenidən Avropa Parlamentinin separatizmi dəstəkləyən ifadələrlə çıxış etməsini düzgün hesab etmirəm. Düşünürəm ki, Avropa Parlamenti bunu görməli, qarşısı vaxtında alınmalıdır. Azərbaycan deputatları da belə şəxslərlə münasibətlərdə onlara düzgün məlumatları çatdırmalı, digər diplomatik yollarla onlara qarşı mübarizəmizi aparmalı, haqqın tərəfdarı olduğumuz kimi, haqqı tələb etməliyik”.

Cavid

Bu xəbər oxundu
- - -