Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezident-xalq birliyi bizi Qarabağa mütləq aparacaq”

05.10.18, 8:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Əslində, Düşənbədə Azərbaycan tərəfi Paşinyan hökumətini tanıdığını ortaya qoydu və onu siyasi dayanıqlı tərəf kimi qəbul etdiyini göstərdi. Bu o anlama gəlir ki, müəyyən mənada xalqın apardığı üsyan nəticəsində formalaşan elita ilə Qarabağ məsələsi ətrafındakı aparılan vasitəçilik missiyası davam edəcək”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə, məsələnin başqa bir önəmli tərəfi ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu formatında proses əslində Sərkisyan hakimiyyətdə olarkən iflasa uğramışdı. Bu pauza hələ də davam edir və mənafelərimiz baxımından təhlükəli deyil. Əgər Ermənistan Minsk Qrupu həmsədrləri arasındakı ziddiyyətlərdən faydalanmaq imkanını itirirsə və məsələ yalnız silahlı qüvvələrin üzərinə keçirsə, o müstəvidə də ordumuzun imkanları qat-qat böyükdür. Bu mənada son aylar proses Azərbaycanın dominantlığı şəraitində keçir: “Yəni Paşinyan onu hesablamağa qadirdir ki, erməni anasının, atasının evinə Qarabağdan cəsəd gəlirsə, bu, Azərbaycana psixoloji üstünlük qazandırır. O zaman bütün insanlar köhnə iqtidarın üzərinə yeriyirdi. Axı, indi özlərinin nəzərində demokratik, birbaşa xalqa bağlı qüvvə bu itkiləri necə cavablandıracaq? O üzdən Ermənistanın hazırkı durumunda vəziyyətin bir qədər də dramatikləşməsi yalnız Düşənbə danışıqları ilə deyil, ümumilikdə Azərbaycanın mövqeyi ilə xeyli dərəcədə əlaqədardır. Bu da ondan ibarətdir ki, Azərbaycan Ermənistanın siyasi meydanını, manevr müstəvisini daraldır. Yəni uzun onillər ərzində Rusiya ilə münasibətləri Azərbaycanın əleyhinə çevirmək xəttini neytrallaşdıranda şübhəsiz ki, onlar öz təxribatçı addımlarının effektini görmürlər. Məsələnin ən önəmli tərəfi isə ondan ibarətdir ki, bu gün hər kəs Cənubi Qafqazda siyasi tonu, əsas ahəngdarlığı, şərtləri məhz Azərbaycanın müəyyənləşdirdiyini dərk edir. Geosiyasət, iqtisadiyyat və bölgənin təhlükəsizliyi məsələsində də bu belədir”.
Millət vəkili onu da qeyd edib ki, tarix boyunca bir dövlət kimi bölgədə Azərbaycanın rolu nə vaxt aşağı salınıbsa, onda bu məkanda sabitliyi təmin etmək mümkün olmayıb. Azərbaycanın imkanlarının irəlidə olması hamının mənafeyinə xidmət edir. Hesab edirəm ki, hazırda Ermənistandakı siyasi gərginliyin ötürülməsi üçün yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla iş bitməyəcək: “O cümlədən erməni xalqı bəlkə də bu seçimdə bütövlükdə Azərbaycan, türk dünyası və bölgə dövlətləri ilə münasibətləri gündəmə gətirməlidir. Seçkilər üçün hansı platforma cazibəli olacaq? 90-cı ildən bu yana onlar bizimlə düşmənçiliyi siyasi xal qazancına çeviriblər. İndi nəyin üzərində qərar tutacaqlar? Bütün bu məsələləri yaxın zamanlarda görəcəyik. Hər halda Levon Ter-Petrosyanın siyasi tələbəsi və onun yanında yer alan şəxs olaraq Paşinyan dərk etməlidir ki, o, müharibəni təşviq etdikcə sərkisyanlaşacaq və ölkəsi üçün heç bir demokratik rifah vəd edən addımları reallığa çevrilməyəcək”.
Z.Oruc onu da vurğulayıb ki, əslində, Qarabağ klanı elə məhz bu savaşın nəticəsində siyasətdə köklü bir mənada şaxələndi, özünə imkanlar qazandı. Hər hansı reqlament, parlamentdaxili nizamnamənin prinsipləri ətrafında konsensus tapılsa belə, yaxın perspektivdə Ermənistanda daxili münasibətləri tam qaydasına salmaq mümkün olmayacaq. Çünki bir qüvvə yenə də keçmiş xidmətlərini qabardaraq bütün cinayətlərinə haqq qazandırmağa çalışacaq. Sərkisyan və Köçəryan həbsə atılsa da, bu, bir müddət sonra yenidən xalqın nəzərində torpaq işğallarında rolu olan qüvvənin cəzalandırılması anlamına gələcək və Paşinyanın düşmənləri bundan maksimum dərəcədə faydalanacaqlar. O biri yandan əgər həqiqətən də gələcək hakimiyyət sahibləri bölgədə realist bir siyasəti izləyəcəklərsə, o halda Rusiyanın maraqları ilə uzlaşmayan xeyli məqamlar meydana çıxacaq. Bu zaman Ermənistanın hansı orbitdə qalması məsələsi gündəmə gələcək: “Faktiki olaraq Rusiya son 15 ildən artıq bir dövrdə məhz Prezident İlham Əliyevin cəsarətli, son dərəcə uğurlu siyasəti ilə bölgədəki proseslərə fərqli bir səviyyədə qoşulub. İndi Bakı və Moskva arasında üçüncü, dördüncü dairələr əvvəlki təxribatçı mövqelərini tuta bilmirlər. O biri yandan fəal bir şəkildə əlaqələrimizi gücləndirərkən xarici siyasət mövqeyində balansı da pozmuruq. Yəni bu əlaqələr Azərbaycanın hansısa bir məkana transformasiyası və özünün Qərblə iqtisadi-siyasi əlaqələrindən imtinası anlamına gəlmir. Üçüncü tərəfdən, hərbi münasibətlərin yaxşı olması özlüyündə Ermənistanın siyasi iddialarını, ambisiyalarını da zərbə altında qoyur və onlar təhdidedici şəkil alır. O ki qaldı Putinin mövqeyinin Qarabağ məsələsində sona qədər necə olmasına, bu, bağlı qapılar arxasında tam bəyan olunur. Hesab edirəm ki, ölkə rəhbəri ilə Rusiya prezidenti arasında formalaşan çox yüksək münasibətlər özlüyündə gələcəkdə bir çox məsələnin həllində önəmli rol oynayacaq. Yəni Əliyev və Putin Qafqazda sülh arxitekturasının quruculuğunda mühüm rol oynaya və formalaşacaq o arxitektura hamının xeyrinə işləyə bilər. 5 və ya 7 rayon mövzusunda detallara çox varmaq və Qarabağ məsələsinin həlli yolunu yalnız bu şəkildə görmək prosesi məhdudlaşdıra bilər. Bundan da fərqli modellər var və liderlərin gücü onların çoxları üçün ağılasığmaz görünən variantları seçmiş olmalarındadır. Zənnimcə, bu variantlar mövcuddur, sadəcə ictimai-siyasi fikir məkanında çox dövr etmir”.
Deputatın fikrincə, Ermənistan-Azərbaycan arasında sülhün modeli yalnız 5 rayonu qaytarmaqdan ibarət olmaya bilər. O üzdən Rusiyanın, konkret desək, indiki halda Putinin Prezident İlham Əliyevlə məsələyə baxışını təyin etmək kiminsə imkanları daxilində deyil. Şübhəsiz ki, bu, ümumiyyətlə, bir millət olaraq, birbaşa mənafeyimizə işləyir: “Çünki məhz Prezident İlham Əliyev eyni münasibətlər halında çox uğurla çoxları üçün ağılasığmaz görünən tədbiri, Azadlıq meydanında türk birləşmələri ilə paradı keçirə bildi. İsrailin hərbi texnikası da burada özünü göstərdi. Bu silahlar vahid düşmənə, hədəfə qarşıdır. Putinin Bakıda olduğu günlərdə “Polonez”lərin növbəti partiyası Azərbaycana gətirildi. Bu, qətiyyən bölgədə əsas oyunçu olan dövlətin paytaxtını narahat etmir, onların strateqləri hərəkətə gəlib, hansısa buxovlayıcı addımlar atmırlar. Yəni Kremldə də Azərbaycanın hərbi, iqtisadi, siyasi və təhlükəsizlik baxımından imkanlarının qat-qat üstün olduğu görünür. Bunu süni yolla azaldıb, Ermənistan və ya Gürcüstandan aşağı yerə qoymaq da qeyri-mümkündür. Bu, kiminsə subyektiv iradəsindən asılı deyil. Hesab edirəm ki, o üzdən də yalnız rayonlar üzərinə indekslənməməliyik. Çünki Qarabağ məsələsinin həlli modeli strateji döyüşləri hər zaman qazanmış, böyük layihələr həyata keçirmiş, ən müxtəlif maneələri dəf etmiş bir lider kimi Prezident İlham Əliyevə bəllidir. Əminəm ki, o addımların son nəticəsini görəcəyik”.
Millət vəkili Elşən Musayev isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyanla qısa zaman kəsiyində baş tutan görüşü gələcək danışıqlar istiqamətində və münaqişənin həlli yolunda hansı nəticələri verə bilər, bu haqda dəqiq fikir söyləmək mümkün deyil. Çünki ölkəmizin başçısı hər zaman beynəlxalq hüquqa, ədalətə, həqiqətə yönəlik addımlar atsa da, əsl siyasi kübarlıq nümayiş etdirsə də, qarşı tərəfin zaman-zaman cığallıq elədiyinin, bu gün bir, sabah isə başqa bir şey danışdığının da şahidi olmuşuq.
Onun sözlərinə görə, fəqət, bütün hallarda fakt budur ki, İlham Əliyev həmişə diktə edən tərəfdir, o haqlıdır və prinsipialdır: “Paşinyan ədalətsiz mövqedə olduğunu çox gözəl anlayır. Bəzi açıqlamaları ilə hər nə qədər imitasiya edib, fikri yayındırmağa cəhd etsə də bu belədir. Üstəlik, Paşinyana o da məlumdur ki, Azərbaycanın güclü ordusu var, hər an aprel döyüşləri yenidən təkrarlana və Ermənistan növbəti dəfə hərbi anlamda, cəbhədə rüsvay ola bilər. Bu səbəbdən Paşinyanın vaxt uzatmaq, zaman manevri etmək üçün hər yola əl atacağı da dəqiqdir. Prezident İlham Əliyev isə sahib olduğu yüksək siyasi peşəkarlığa, təcrübəyə əsaslanıb bütün diplomatik vasitələrdən istifadə edir ki, məsələ qansız, sülh yolu ilə həll olsun. Yəni, məqsəd müharibə olmadan torpaqları azad etməkdir. Daha dəqiqi, hazırki düşüncə budur. Gələcəkdə isə necə olacaq, vəziyyətə uyğun hansı addmlar atılacaq, bunu da ölkənin əsas strateqi, ləyaqətli və prinsipial Ali Baş Komandanımız İlham Əliyev müəyyən edəcək. Biz onun əsgərləriyik və Qarabağa qovuşmağın da tək yolu cənab Prezidentin ətrafında daim sıx birləşməkdən keçir. Prezident-Xalq birliyi bizi Qarabağa mütləq aparacaq. Buna kimsənin şübhəsi olmasın”.
Cavid

Bu xəbər oxundu
- - -