Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya Dəməşqə “S-300” raketləri verməklə kifayətlənmək istəmir

05.10.18, 10:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Uzun müddətdir ki, Suriya rejiminə “yer-hava” tipli “S-300” raket sistemləri verəcəyi barəsində bəyanatlar səsləndirən Rusiya, nəhayət, bu məsələni həll etmək qərarına gəldiyini rəsmi surətdə açıqlayıb. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyanat verməklə bir çox müşahidəçilərə Suriyadakı “oyun qaydalarında” və hava məkanında keyfiyyət baxımından ciddi dəyişikliyin baş verməsi barədə siqnal göndərib.
“Al-İttihad”nin (BƏƏ) yazdığına görə, Rusiya Dəməşqə Amerikanın “Patriot” raketlərinin strateji ekvivalenti olan “S-300” raketləri verməklə kifayətlənmək istəmir. Onu da deyək ki, son iki il ərzndə İsrail hava zərbələri nəticəsində Suriyadakı 200-ə yaxın İran obyektlərini və qurğularını məhv edib. Ona görə də Rusiyanın Suriyaya “S-300” raketləri göndərməsi Əsəd tərəfdarları arasında böyük sevincə səbəb olub. Çünki bu hava zərbələri Suriya ərazisindən Livana raket çatdırılmasının qarşısını alıb, İsrail isə cəmi bir təyyarə itirib. Ruslar həmişə Əsəd rejiminə raket verəcəklərini vəd etsələr də, onlar bu vədi yerinə yetirmirdilər. Həmçinin, belə bir fikir də geniş yayılmışdı ki, Moskva İsrailin qəzəbinə tuş gəlməmək üçün İrana təzyiq göstərərək, onları Suriyadan çıxmağa məcbur edəcək. Həqiqətən də Rusiya iranlıları İsrailin sərhədyanı rayonlarını tərk etməyə inandıra bilmişdi.
Əksər müşahidəçilər hesab edirlər ki, baş verən bu hadisə Moskva və Tel-Əviv arasındakı ikitərəfli münasibətlərdə bəzi gərginliklərin səbəbi olacaq və İsrail aviasiyasının Suriyanın hava sahəsindəki sərbəst hərəkətlərini xeyli məhdudlaşdıracaq. Bundan sonra İsrail Rusiyanın mövqeyinə və maraqlarına münasibətdə daha diqqətli olacaq. Amma “S-300” raketlərinin göndərilməsi ilə əlaqədar Rusiyanın öz sözünü hansı dərəcədə yerinə yetirəcəyi ilə bağlı şübhələr var. Keçmişdə də Moskva Dəməşqə “S-300” sistemi göndərəcəyini elan etsə də, bunu həyata keçirməmişdi. Onu da qeyd etmək lazımdır ki, Rusiya və İsrail arasındakı gərginlik, Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Putin və Ərdoğanın qarşılıqlı sərt sözləri və ittihamları ilə müqayisədə daha az intensivdir. Başlıcası isə Rusiya və Türkiyənin ümumi maraqları Suriyadakı münaqişənin həll edilməsindən ibarət olub. Odur ki, hal-hazırda hər iki tərəf “dostluq” münasibətlərinə keçdiklərini bəyan edirlər.
Burada müəyyən qeydlər aparmaq olar. Bu gün ruslar Suriyada təhlükəli siyasi avantüraya cəlb ediliblər. Buradakı məsələlərin həll edilmə məğzi, bütün ziddiyyətlərin həlli və eyni zamanda da bütün tərəflərlə yaxşı münasibətlərin qorunub saxlanmasından ibarətdir. Ona görə də, nə vaxtkı ruslar deyirlər ki, onlar Bəşər Əsəd hakimiyyətinin möhkəmlənməsi üzərində işləyirlər, deməli onlar ziddiyətlərin kövrək kompleksi üzərində uğurlu siyasət qurmağa çalışırlar. Rusların suriyalılara vəd etdikləri raketləri hələ də özlərində saxlamaqlarının səbəblərindən biri də bununla bağlıdır. Moskva kompromisin əldə edilməsinin vacibliyini hiss etdiyindən, nəinki Ukraynada, eləcə də Suriyadakı münaqişənin ABŞ-la birgə həll olunmasının təxirəsalınmazlığını da yaxşı anlayır.
Amerikanların kürdlərə kömək etməklə Suriyanın şimalında və şərqində hərbi məskən salmaları, onların İsrail ilə coğrafi əlaqə yollarının mövcudluğundan xəbər verir. İndi vəziyyət elədir ki, Vaşinqtonun Rusiya müdafiə nazirinin sözlərinə verdiyi reaksiya heç də Tel-Əvivin reaksiyasından az sərt olmayıb. Amerikanlar bu cür bəyanatların mümkün nəticələri barəsində xəbərdarlıq ediblər. Bəlkə də Moskva hazırda çözülməsi müşkül olan ziddiyyətlər yumağının girovuna çevrilib. Lakin Rusiya-İsrail əlaqələri də daxil olmaqla, bu yumaqdakı istənilən ikitərəfli münasibətlər bütün digər oyunçuların istək və maraqlarından asılı olaraq müəyyənləşəcək. Ona görə də “S-300” raketlərinin göndərilməsi ilə bağılı sevinənlər tələsməsinlər.

Bu xəbər oxundu
- - -