Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sosial şəbəkələrdə dələduzluq yolu soyğunçuluq törədən şəxs yaxalanıb

05.10.18, 12:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sosial şəbəkələrdə insanları dələduzluq yolu ilə aldadaraq onlara qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin “102 - Zəng Mərkəzi”nə müraciət edən qadın sakin avqustun 26-da Nadir adlı şəxsin onu aldadaraq 20 min manat dəyərində qızıl əşyalarını aldığını bildirib. Məlumatla əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Arif Bayramov sosial şəbəkədə qızıl-zinət əşyaları satan qadınla əlaqə saxlayaraq paytaxt ərazisində bir neçə qızıl satışı dükanının olduğunu bildirib və onda olan qızılları almaq istədiyini bildirib. Qadın Gəncədə olduğunu deyərək qızılların əmisi vasitəsilə göndərəcəyini deyib. Avqustun 26-da həmin şəxs paytaxt ərazisində qadının əmisi ilə görüşüb, onun avtomobilində qızıl əşyalarına baxaraq bəyənib və onların qaşlarını yoxlatdırmaq məqsədilə dükanda göstərmək istədiyini bildirib. Bunun üçün qadının əmisi ilə avtomobildən düşən həmin şəxs qızılları da götürərək aradan çıxıb. İstintaqla, həmçinin A.Bayramovun dörd analoji cinayət əməlini törətməsinin də üstü açılıb. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən A.Bayramovun başqa cinayətlərdə iştirakını istisna etmirlər. Onun əməllərindən zərərçəkən şəxslər bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Bu xəbər oxundu
- - -