Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hakim Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmayıb

08.10.18, 12:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Vətəndaş ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır”

Konstitusiya Məhkəməsinin (KM) hakimi İsa Nəcəfov bu məhkəmənin Plenumunun xarici valyutada götürülən kreditlərlə bağlı qərarı ilə razı deyil. Hakim sentyabrda çıxarılmış həmin qərara xüsusi rəy yazıb. Həmin rəyin mətnini Konstitusiya Məhkəməsi yayıb.
«Plenum qərarına hörmətlə yanaşaraq, təsviri-əsaslandırıcı hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm», – yazan hakim rəyində xarici valyutada kredit götürülməsindən təsirlənən vətəndaşın işi haqda məlumat verir. Rəydə vurğulanır ki, vətəndaş mənzil almaq məqsədilə bankla kredit müqaviləsi bağlayaraq, illik 19 faizlə, 48 aya 102 min dollar kredit götürüb. Vətəndaş borc aldığı vaxt 1 dolların manata nisbəti 0.78, cəmi 12 gün sonra 1.05, bir müddət sonra 1.50, daha sonra isə 1.75 manat olub.
Habelə bildirilir ki, vətəndaşın bu halla bağlı vəziyyəti pisləşib, bağladığı müqavilənin şərtlərinin dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə banka müraciət edib. Lakin razılığa gəlmədiklərindən Mülki Məcəllənin «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi» adlı 422-ci maddəsini əsas göstərərək bankla bağladığı müqavilənin ləğvini və ya dəyişdirilməsini məhkəmədən istəyib.
Sözügedən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən həmin məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edib və Mülki Məcəllənin bu münasibətləri tənzimləyən 422-ci maddəsinin şərh edilməsini xahiş edib.
KM-nin hakimi xüsusi rəyində yazır ki, 102 min dollar kredit götürən vətəndaş manatın devalvasiyası nəticəsində banka 190 min manat əsas kredit və 30 min manatadək bank faizi verməlidir.
«Ödəmə müddətinin də 4 il olmasını nəzərə alsaq, onda başa düşmək olar ki, kreditorun maliyyə vəziyyəti necə olacaqdır», – yazan hakim Konstitusiyaya istinad edərək vurğulayıb ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın … sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır.
İsa Nəcəfov yazıb ki, onun fikrincə, məhz belə konstitusion müddəalar nəzərə alınaraq, Mülki Məcəlləyə 422-ci maddə daxil edilib.
«…Sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kredit borclarını ipoteka borclarından fərqləndirmək lazımdır. Sahibkar daşınmaz kapitala sahib olduğu halda, mənzil almaq üçün ipoteka borc müqaviləsinə girənin daşınmaz kapitalı yoxdur. Kredit münasibətləri bazar iqtisadiyyatında gündəlik iqtisadi münasibətlərdə hakim yer tutan münasibətlərdir. Pul vahidinin məzənnəsinin sabitliyi, eləcə də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə mütəmadi qalxıb düşməsi maliyyə şəraitin göstəricisidir. İnsanların həyat səviyyəsi bundan çox asılıdır. Milli valyutanın kəskin düşməsi həyat səviyyəsinin aşağı düşməsidir», – xüsusi rəydə qeyd edilir.
Xüsusi rəydə 12 bank şəbəkəsinin müflisləşmədən bağlanması, əməkdaşlarının işsiz qalması, on milyardlarla bank kapitalının geri qaytarılmaması xatırlanır. İsa Nəcəfov vurğulayır ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir.
«Vətəndaş bu halda bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır», – İsa Nəcəfov rəyin sonunda yazır
Xatırladaq ki, ötən ay, sentyabrın 7-də Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı qərar verib. Qərarda yazılıb ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Yəni, problemli kreditlər cari məzənnə ilə qaytarılmalıdır.

Bu xəbər oxundu
- - -