Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb

08.10.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 8-də Bakıda “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb işə başlayıb. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, eləcə də BMT-nin Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitəsinin, Elm üzrə Beynəlxalq Şuranın nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin, Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Oktyabrın 13-dək davam edəcək tədbirin məqsədi kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və kadr hazırlığının təkmilləşdirilməsidir. Əvvəlcə çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev ölkəmizdə kosmik sənaye sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, bu sahənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Beynəlxalq məktəbin təşkilinin əhəmiyyətindən danışan E.Babayev bildirib ki, Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantlar burada Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərini artıracaq, nailiyyətlərini geniş ictimaiyyətə təqdim edəcək və birgə fikir mübadiləsi aparacaqlar. O, məktəbin iştirakçılarının elmi komitə tərəfindən müsabiqə yolu ilə seçildiyini diqqətə çatdırıb. Azərbaycanın dünyanın kosmik sənaye sahəsində böyük təcrübəyə malik aparıcı şirkətləri ilə sıx əməkdaşlıq etdiyini deyən E.Babayev bu cür məktəblərin təşkilinin beynəlxalq təcrübənin öyrənilməsi və yüksəkixtisaslı peşəkar kadr potensialının möhkəmləndirilməsi baxımından faydalı olduğunu bildirib.
Sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə azərbaycanlı alimlərin kosmik sahədə dünya elminə verdiyi töhfələrdən danışıb. Ölkəmizdə kosmik sənayenin inkişafına, yüksək texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini deyən alim Bakıda yeni fəaliyyətə başlayan “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəbin gənc alimlərin elmi potensialının gücləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. AMEA rəhbəri qeyd edib ki, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. O, 2010-cu ildə yaradılan “Azərkosmos” ASC-nin Qafqaz regionunda fəaliyyət göstərən ilk peyk operatoru olduğunu bildirib.
Son 5 ildə ölkəmizə aid 3 – “Azerspace-1”, “Azərsky” və cari ilin sentyabr ayında “Azerspace-2” adlı peyklərin orbitə buraxıldığını deyib: “Bu da müştərilərə peyk rabitəsi əsasında yayım və genişzolaqlı İnternet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə imkan verir”.

Bu xəbər oxundu
- - -