Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

09.10.18, 7:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Müdrik atalarımız “Söz vaxtına çəkər!” deyiblər. Düz bir il öncə, 2017-ci ilin oktyabr ayının ilk günlərində işdən yaşadığım Xətai rayonu “Elektrotok” adlanan ərazidəki mənzilimə gələndə işıqların yanmadığının, başqa sözlə desək, elektrik enerjisi verilişinin olmadığını gördüm. Məlum oldu ki, bizə gələn elektrik xətti yaxınlıqdakı tut ağacının “davakarlığının” qurbanı olub. Ağacın budaqları xəzri ilə birləşərək elektrik xəttini o qədər “çırpıb” ki, yazıq xətt “canını tapşırmalı” olub. Dərhal uzun onilliklər boyu bizə “Böyük Oktyabr Sosialist İnqilabı” kimi sırınan çevrilişin baş təşkilatçısının və rəhbərinin məşhur “Nə etməli?” əsərinin adını xatırlayaraq müstəqil, suveren ölkəmizin istehlakçıların enerji təminatı üzrə üstqurumu olan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “199 Qəza xidməti”nə zəng etdim. Yaranmış vəziyyəti izah etdim, dinlədilər, ünvanı soruşdular. Sonra şam almaq üçün yaxınlıqdakı mağazaya yollandım, çünki həmin axşamı şam işığında keçirməyi göz önünə almışdım. Düşünürdüm ki, artıq qaş qaralıb, yəqin “Azərişıq”dan ən tezi sabah səhər gələrlər. Geri qayıdanda gözlərimə inanmadım; “Azərişıq” ASC-nin Xətai Regional Enerji Təchizatı və Satışı İdarəsinin qəza briqadası artıq məhəllədə idi. Briqadanın üzvləri qısa zamanda bizim qırıq-qırıq olmuş xəttimizi özləri ilə gətirdikləri 15 metr uzunluğunda yeni kabellə işıq dirəyindən elektrik sayğacınadək dəyişdilər. Sonra yeni xəttin mənzilə elektrik verib-vermədiyini yoxladılar, xəttin yenilənməsi ilə bağlı 3 nəfərin iştirakı ilə akt tərtib olundu və briqada məhəlləni tərk etdi.
Gözləmədim halda “Azərişıq”ın məsələyə belə operativ reaksiya verməsi bu quruma rəğbətimi birə beş artırdı. Ötən bir ildə elektrik enerjisindən, “Azərişıq”ın fəaliyyətindən harada söz düşürdüsə, bu hadisəni danışırdım. İş elə gətirdi ki, yaşadığım bu hadisəni qəzetdə yazaraq hazırda geniş ictimaiyyətlə də bölüşməli oluram. Zənnimcə, bu fakt “Azərişıq”ın necə işləməsinə dair çox önəmli nümunədir. Axı, müdrik atalarımız həm də “Dəniz suyunun duzlu olduğunu bilmək üçün onun hamısını içməyə gərək yoxdur” deyiblər...
***

Riqqətə gəldiyim bu hadisə məni qeyri-ixtiyari olaraq o qədər də uzaq olmayan keçmişə – ötən əsrin 90-cı illərinin əvvəllərinə apardı. Bu o illər idi ki, respublikada bütün sahələr ağır böhran keçirirdi. İqtisadiyyat dağılmış, onun hərəkətverici qüvvəsi olan sənaye tənəzzülə uğramışdı. Sənayenin iflic olması isə hər bir dövlətin həm də milli təhlükəsizliyinin mühüm elementi olan energetika sistemindən yan keçə bilməzdi. 1969-1987-ci illərdə həm tükənməz enerjisi, həm də öz ağ saçları ilə Azərbaycanın gələcəyini işıqlandıran ulu öndər Heydər Əliyevin qurub yaratdıqları, o cümlədən inkişafına xüsusi diqqət yetirərək misilsiz quruculuq işləri həyata keçirdiyi energetika kompleksləri yararsız hala salınmaqda idi. Ölkə tədricən qonşu dövlətlərdən enerji asılılığına düşmüşdü. Respublikanın böyüklüyündən kiçikliyindən asılı olmayaraq, demək olar ki, bütün yaşayış məntəqələrinə elektrik enerjisi fasilələrlə verilirdi. Hətta, konkret qrafik tərtib olunmuşdu. Artıq əhali bilirdi ki, işıqlar saat neçədə sönəcək və neçədə yanacaq. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə “sinəsindən Arpa çayı, ətəyindən Araz keçən”, ana yurddan ayrı salınmış basılmaz qala – Naxçıvan Muxtar Respublikası idi.
Bu yerdə klavişi döyəcləməyə ara verib “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatın “Ömrün Naxçıvan aşırımları” adlı V cildini təkrar vərəqləyirəm. Cilddə ulu öndərin Naxçıvanda yaşadığı kəşməkəşli 1990-1993-cü illərdə bölgənin üzləşdiyi problemlər, o cümlədən elektrik enerjisi problemi ilə bağlı çoxsaylı faktlar var. Oxuduqca adamı dəhşət bürüyür. Görün, hansı vəziyyət idi ki, Naxçıvan Ali Məclisi sədrinin xidməti kabinetini elektrik enerjisi ilə fasiləsiz təchiz etmək mümkün olmurmuş. Əməkdar jurnalist Səyyad Salahlının (Aran) “Səs” qəzetinin baş redaktorunun birinci müavini olduğu dövrdə – 1992-ci il oktyabrın 24-də sözügedən qəzetdə ulu öndərlə dərc olunan müsahibəsinin sərlövhəsinin “Qoşa şam işığında və ya gecə 3-ə 8 dəqiqə işləmiş” olması müsahibənin gecənin qaranlığında Ali Məclisdə şam işığında alınmasında işarədir.
Halbuki, ulu öndər az öncə qeyd etdiyimiz kimi Azərbaycanda energetika kompleksinin yaradılması istiqamətində müstəsna xidmətlər göstərmişdi. Milli liderin 19 dekabr 2000-ci ildə “Şimal” DRES-də yeni enerji blokunun təməlinin qoyulması mərasimində çıxışı zamanı söylədiyi fikirləri qədirbilən xalqımız yaxşı xatırlayır: “Mən xoşbəxtəm ki, o illərdə – 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”, – deyə ulu öndər bildirmişdi.

***

Bu məqamda bir haşiyə çıxmaq istərdik. Yazının hazırlanması prosesində qoyulan mövzu üzrə saysız-hesabsız materialları nəzərdən keçirdik. Azərbaycanda energetika sisteminin inkişaf tarixi, onun müxtəlif mərhələləri, bu günü, qanunvericilik bazası, struktur və status dəyişiklikləri ilə maraqlandıq, görülən işlərə dair verilən müsahibələri, açıqlamaları oxuduq, “İşıqlı Azərbaycan” sənədli filmini izlədik. Ola bilsin mükəmməl olmadı, ancaq yazdığımız hər cümlə düşüncəmizin və barmaqlarımızın məhsulu oldu. “Azərişıq”ın mətbuat xidmətinin hazır materiallarına “əl gəzdirib” onları qəzet səhifəsinə köçürməyi peşəmizin prinsiplərinə xəyanət saydıq. Görülən işlərə dair sadəcə statistik rəqəmləri oxucunun qarşısına düzməyi də düzgün hesab etmədik. Eləcə də “Azərişıq”ın rəhbər şəxslərinin ötən illərdə vermiş olduqları müsahibələrdən, yazdıqları yazılardan çıxarışlar edib onu yeni fikir kimi oxucuya sırımadıq, səhmdar cəmiyyətə gedərək burada qurumun baş mühəndisi, şəbəkənin bilicisi Mehman Abbasovla görüşdük, ondan yeni fikirlər aldıq. Onu da bildirək ki, görüş üçün bir neçə dəfə vaxt təyin etməyimizə baxmayaraq baş mühəndisin gərgin iş rejimi onunla həmsöhbət olmağa sürəkli imkan vermirdi.

***

Ömrünü respublikada energetikanın inkişafına həsr edən M.Abbasov bildirdi ki, “Azərişıq” ASC yarandığı 10 fevral 2015-ci ildən indiyədək (Prezident İlham Əliyevin həmin gün imzaladığı sərəncamla 2006-2015-ci illərdə mövcud olan “Bakıelektrikşəbəkə” ASC-nin adı və statusu dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb-müəllif) respublikanın elektrik enerjisi şəbəkəsində həqiqətən də çox böyük, irihəcmli işlər görülüb. Onun sözlərinə görə, təkcə Bakı şəhəri üzrə şəbəkənin 70 faizdən artıq hissəsi yenidən qurulub: “Bütün avadanlıqlar müasir tələblərə cavab verən, kənardan idarə olunan SCADA (Supervisory Control and Data Acquisition) – uzaq məsafədən idarə olunan açarlarla açılıb-qoşulma sisteminə cəlb olunub. Bu sistem vasitəsilə açılmanı, elektrik yükünü, cərəyanı, gərginliyi kənardan müşahidə, nəzarət və idarə etmək imkanlarına malikik. Hətta, bu gün biz sizinlə burada oturub Gəncədə açar açıb, açar bağlaya bilirik. Biz müasir texnologiyaların yaratdığı bu imkanlardan yararlanırıq”.
M.Abbasov qeyd etdi ki, əgər əvvəllər respublika üzrə ay ərzində 500 qəza xətt açılması baş verirdisə, hazırda 2-3 açılma qeydə alınır. “Baxın, bu, ay ərzində bütün respublika üzrə mənə təqdim olunan qəza açılmalarının sayıdır. Cəmi iki vərəqdən ibarətdir”, – deyərək əlində tutduğu cədvəli bizə tərəf uzadır. Əlavə edir ki, qısa zaman kəsiyində – 3 ildən bir qədər artıq dövrdə bölgələrdə də çox böyük işlər görülüb və görülməkdə davam edir: “Hazırda 9 ədəd 110 kV-luq, 30-dan artıq 35 kV-luq yarımstansiyanın inşası davam etdirilir. Onu da deyim ki, biz özümüzü maliyyələşdirən qurumuq və 110 kV-luq yarımstansiyanın 3-ü, 35 kV-luq yarımstansiyanın isə 10-dan çoxu daxili imkanlar hesabına inşa edilir. Ötən dövrdə respublika üzrə 1000-dən artıq yeni transformator məntəqəsi, o cümlədən komplektləşdirilmiş transformator məntəqəsi quraşdırılıb. Bizim Gəncədə transformator təmiri seximiz var. İndiyədək həmin sexdə 560-dan çox transformator təmir etmişik. “Azərişıq” ASC olaraq 2018-ci ildə alqı-satqı yolu ilə bir ədəd də transformator almamışıq. Yerlərdə xarab olmuş transformatorları həmin sexə gətirib daxilindəki bütün problemləri həll edir, yuyur, rəngləyir və onları zavoddan alındığı vaxtda olan şəklə gətiririk. Sonra onlar sınaqdan keçirilir, yağı vurulur və təzədən istehsala buraxılması üçün rayonlara göndərilir. Bu da büdcəyə qənaət deməkdir. 560 transformatorun hər birini ən azı 10 min manatdan götürsək, bu 5,6 milyon manat edir. Mən rəqəmlərlə nə sizi, nə də oxucularınızı yormaq istəmirəm. Ancaq həqiqətən də qlobal işlər həyata keçirilir və keçirilməkdədir”.
Baş mühəndis hazırda ölkədə geniş vüsət alan sənayeləşmənin də energetiklər qarşısında bir sıra vəzifələr qoyduğunu vurğulayıb: “Energetika sahəsi respublikanın arterial damarı – aortasıdır. Bilirsiniz ki, bu gün bölgələrdə aqroparklar, sənaye məhəllələri yaradılır. Kənd təsərrüfatının pambıqçılıq və digər sahələri üzrə yeni ərazilər istifadəyə cəlb olunur. Həmin ərazilərin suya olan tələbatının qarşılanması üçün “Azərişıq” ASC tərəfindən yeni güc mənbələrinin yaradılması istiqamətində dayanmadan işlər aparılır. Siz özünüz də bunun şahidisiniz. Neçə gündür görüş üçün çalışırdınız, ancaq buna müvəffəq ola bilmirdiniz. Sözsüz ki, bu da bizim işimizin həcminin artması ilə bağlıdır”.
Müsahibimiz payız-qış mövsümünə hazırlıqdan da söz açıb: “Payız-qış mövsümünə hazırlıq səviyyəsinin həddi hazırda 90 faizin üzərindədir (qeyd edək ki, müsahibə oktyabrın 4-də alınıb-müəllif). Sovetlər dönəmində payız-qış mövsümünə hazırlıq mayın 15-dən sentyabrın 15-dək aparılırdı. Rusiyada soyuqlar tez düşdüyü üçün belə bir rejim tətbiq edilirdi. Ancaq müstəqillik qazanandan sonra ölkəmizin iqlim xüsusiyyətləri nəzərə alınaraq bu müddət oktyabrın 15-dək uzadılıb. Uzağı 5-7 günə şəbəkənin payız-qış mövsümünə hazırlığının nəticələrinə dair hesabatı rəhbərliyə təqdim edəcəyik”.
M.Abbasov qeyd edib ki, görülən işlər əhali tərəfindən razılıqla qarşılanır: “Yəqin yol kənarı ilə gedərkən şəbəkənin yenilənməsini, tikilən transformator məntəqələrini, çəkilən 10 kV-luq yeni xətləri, bütün şəbəkənin SİP adlandırılan özünüdaşıyan izolyasiyalı naqillərlə əhatə olunmasını özünüz də görürsünüz. Bütün bunlar hamısı abunəçilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına, yüksək səviyyəli xidmət göstərilməsinə xidmət edir. Hansı bölgəyə gediriksə, orada elektrik enerjisi verilişi ilə bağlı minnətdarlıq eşidirik”.
“Ancaq iş olan yerdə nöqsanlar, çatışmazlıqlar da olur”, – deyən baş mühəndis əlavə edir ki, bu böyüklükdə sistemin idarə olunması, hər bir abunəçinin çağırışına cavab verilməsi, problemin üstünə gedilməsi, aradan qaldırılması o qədər də asan məsələ deyil. Bununla belə müsahibimiz deyir ki, bu gün respublika üzrə elektrik enerjisinin verilmədiyi yaşayış məntəqəsi, başqa sözlə desək işığı yanmayan yer yoxdur: “Bunun özü böyük göstəricidir. Biz bu göstəriciyə bütün əməkdaşlarımızın gecə-gündüz səfərbər olması sayəsində nail olmuşuq. Bizdə “saat 18 tamam oldu, evə getdik” söhbəti yoxdur. Bəzən səhərə qədər iş başında oluruq. Baxın, bu gecə Xırdalanda problem var idi, göstəriş verdim ki, saat neçə olur-olsun, iş başa çatanda mənə məlumat verin. Səhər 7-nin yarısında zəng etdilər ki, müəllim, işi qurtardıq. Ondan əvvəlki gün yenə sübh çağı Lökbatanda baş verən qəza açılması ilə bağlı orda idim. Daha əvvəlki gün Qubada oldum, bir gün əvvəl də “Sahil” yarımstansiyasında problem yaranmışdı. Hamısını təxirəsalınmadan aradan qaldırdıq. Bax, biz belə bir iş rejimi qurmuşuq”.
Əlbəttə, respublikada elektrik enerjisi təsərrüfatının inkişafı, infrastrukturun yenidən qurulması, əhalinin keyfiyyətli və fasiləsiz enerji ilə təminatı sahəsində son illərdə həyata keçirilən kompleks tədbirlərdən daha geniş bəhs etmək, nəinki məqalələr, cild-cild kitablar yazmaq olar. Lakin indiki halda yazının həcmi üçün müəyyənləşdirilən hədd var və biz də bu həddi aşmamaq məcburiyyətindəyik. Kəmiyyəti bu qədər olan yazının keyfiyyətinin necə olduğunu müəyyənləşdirmək isə dəyərli oxucuların və yazının təqdim olunduğu müsabiqənin münsiflər heyəti üzvlərinin öhdəsinə düşür.

Səxavət Həmid

Yazı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

Bu xəbər oxundu
- - -