Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağları duman bürüdü, əğyar seçilməz…”

09.10.18, 10:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Türkiyə türk ədəbiyyatının Avropa meyilli nümayəndələrindən biri Əbdülhəmid Ziya Paşadır (1829-1880). Ziya Paşa eyni zamanda siyasi düşüncələr baxımından da Avropa meylli şəxsiyyətlərdəndir. O, 1829-cu ildə İstanbulda doğulub. Atası Fəridəddin əfəndi dövrünün tanınmış adamı olub. Ziya Paşa uşaqlıqdan elmlərə yiyələnməyə xüsusi maraq göstərib, bir sıra dillərlə yanaşı, fars dilini öyrənə bilib. O, əvvəlcə məhəllə məktəbində oxuyub, sonra təhsilini “Məktəbi-ədəbiyyə’’də davam etdirib. “Məktəbi-ədəbiyyə” 1839-cu ildə dövlət idarələrinə kadr hazırlamaq məqsədilə açılmışdı. Ziya Paşa bu məktəbdə ən tanınan şagirdlərdən biri olmuşdur. Müəllimlərindən Nüman və İsa əfəndilər Ziya Paşanın xüsusi qabiliyyətə malik olduğunu duymuş, ona qayğı ilə yanaşıblar. İsa əfəndi Ziya Paşaya fars dilinin incəliklərini öyrədib, onun fars ədəbiyyat və mədəniyyətinə yiyələnməsində böyük rol oynayıb. Ziya Paşa bu məktəbdə ərəb ədəbiyyatına da maraq göstərib.
Ziya Paşa 17 yaşından etibarən tanınmış yazıçı və şairlərin təmsil olunduğu cəmiyyətlə bağlanıb, xüsusilə, divan ədəbiyyatı nümayəndələri ilə yaxınlıq edib. Daha sonra o, Arif Hikmətbəyin evində yaradılan “Əncümanü-şüəra” cəmiyyətinə daxil olur. “Əncümanü-şüəra” 1861-ci ildə divan şeirini inkişaf etdirmək məqsədilə yaradılmış birlik hesab edilirdi. Dövrün bir çox şairləri bu birlikdə təmsil olunurdular. Hətta sonralar divan şeirinə kəskin hücumları ilə tanınan Namiq Kamal da “Əncümanü-şüəra’’da fəaliyyət göstərirdi. Ziya Paşa burada öz qabiliyyətini nümayiş etdirir və ayrı-ayrı şəxslərin diqqətini özünə cəlb edir. Onun istedadlı adam olması “qabiliyyət tanımaqda müstəsna bir şəxsiyyət olan Mustafa Rəşid Paşanın da gözündən qaçmayıb.” O, Ziya Paşanı saraya aparıb və onu dövlət katibliyində işə düzəldib. Ziya Paşa sarayda fransız dilini öyrənir. Nəticədə Avropa ədəbiyyatına, xüsusilə fransız ədəbiyyatına yaxından bələd olur. Ziya Paşanın xeyirxahı Rəşid Paşanın ölümü sarayda onun çətinliklərlə üzləşməsinə gətirib çıxarır. Saray ziddiyyətləri Ziya Paşanın saraydan uzaqlaşdırılmasına səbəb olur. Siyasi çəkişmə və gərginlik Ziya Paşanın Türkiyədə qalmasına imkan vermir, 1867-ci ildə Avropaya getməyə məcbur olur. Şair əvvəlcə Parisdə məskunlaşır. Sultan Əbdüləzizin Fransa səfəri onun Parisdən Londona getməsinə səbəb olur. Türk ədəbiyyat tarixlərində birmənalı şəkildə göstərildiyi kimi Sultan Əbdüləzizin Fransaya səfəri bu dövlətin, dolayısı ilə Ziya Paşanın ölkədə sərt münasibətlərlə qarşılaşmasına gətirdi. Ona görə də, şair yaşamaq üçün Londona getmək məcburiyyətində qalır. Ziya Paşa bu şəhərdə geniş fəaliyyət göstərir. 1867-ci ildə “Müxbir’’, 1868-ci ildə “Hürriyyət” qəzetlərini çap etdirir. Onu da qeyd edək ki, “Hürriyyət” qəzetinin əsasını Namiq Kamal qoyub və onun 64 sayından sonra Namiq Kamal bu mətbu orqandan könüllü olaraq uzaqlaşıb, qəzetin bundan sonrakı fəaliyyəti Ziya Paşanın üzərinə düşüb.
Ziya Paşa “Hürriyyət” qəzetində Türkiyə siyasi rejimini tənqid edən yazılar dərc etdirir, hakimiyyətə olan nifrətini gizlətmirdi. Buna görə o, məhkəməyə verilir. Təqib və ittihamlardan yaxa qurtarmaq məqsədilə Ziya Paşa Parisə gəlir, oradan da Cenevrəyə qaçır. “Hürriyyət” qəzeti bundan sonra Cenevrədə çap olunur. Qəzet 1871-ci ildə fəaliyyətini dayandırır.
Ziya Paşa II Əbdülhəmidin hakimiyyəti dövründə bir sıra işlərdən sonra, 1877-ci ildə Suriya valiliyinə işə göndərilir. O, 1878-ci ildə Konyaya, oradan da Adanaya vali təyin olunur. Ziya Paşa 1880-ci ildə 51 yaşında Konyada vəfat edib.

Ziya Paşanın yaradıcılığı olduqca zəngin və maraqlıdır. O, Tənzimat ədəbiyyatının əsas simalarından biridir. Şair Tənzimat ədəbiyyatının nümayəndəsi olmaq etibarilə divan şeirinin də inkişafında xidmətləri olan sənətkarlardandır. Ziya Paşa “Tərcibənd”, “Tərkibbənd”, “Zəfərnamə şərhi”, “Röya”, “Vərasəti səltənəti seniyə”, “Ərzi-hal” və s. əsərlərin, bir çox tərcümələrin və dil-ədəbiyyatla bağlı məqalələrin müəllifidir. Ziya Paşanın “Külliyatı Ziya Paşa” adlı şeirlər toplusu 1924-cü ildə İstanbulda çap olunub. Divan adlandırılan həmin şeirlər toplusuna Şeyx Qalib, Füzuli, Nədim, Nabi kimi klassik şeir ustadları üslubunda yazılmış minacat, nət, mərsiyə, qəsidə, qəzəl və s. nümunələr daxil edilib. Lakin Ziya Paşa yaradıcılığında klassik şeir ənənəsi mühafizə olunsa da, bu şeirlərin bir çoxu mövzu və ideya baxımından avropayönlü ədəbiyyat nümunələrinə yaxındır. Çünki bu nümunələr forma etibarı ilə köhnə, məzmun etibarı ilə yeni şeirlər hesab olunurdu. Ziya Paşanın qəsidələrində İran, qəzəllərində isə türk şeir ənənələrinə bağlandığı qeyd olunsa da, bir tənzimatçı kimi yaradıcılığındakı üstünlük Qərb ədəbi ənənələrinin xeyrinə inkişaf edirdi. Ziya Paşanın qəzələ gətirdiyi yeni məna və ifadələr şairin Avropa ədəbi dəyərlərinə verdiyi üstünlüyün nəticəsi idi. Konkret desək, Ziya Paşa ilk növbədə qəzəldəki lirik duyğu ifadəsini ictimai-siyası düşüncə ifadəsi ilə əvəzləyə bildi. Bu səbəbdən, şairin yaradıcılığında ictimai-siyasi səciyyə genişlənməyə başladı.
Ziya Paşa divan ədəbiyyatındakı məhəlliləşmə cərəyanının fəal üzvlərindən biri kimi tanınıb. Divan ədəbiyyatındakı məhəlliləşdirmə cərəyanı aşıq tərzi ilə divan tərzinin birləşməsindən yaranan bir ədəbi hərəkatdır. Ona görə də, Ziya Paşanın belə bir üslubda yazılmış şeirləri dil baxımından sadə və anlaşıqlıdır:
Dağları duman bürüdü, əğyar seçilməz,
Ovçu qurmuş tuzağını yarə keçilməz.
Vəfasızın məclisində badə içilməz.
Gir sürüyə qurd qapmasın, gəl quzucağım.
Sonra yardan ayrılarsan ah yavrucağım.
Ziya Paşanın bir çox şeirləri dil və ifadə baxımından xalq yaradıcılığı ənənəsinə uyğun olaraq daha çox diqqəti cəlb edir:
Neçün naləndəsən böylə,
Könül, dərdin nədir söylə,
Səni mən istəməm öylə,
Könül, dərdin nədir, söylə.
Havalandın bu günlərdə,
Nə yel əsdi əcəb sərdə.
Dəva olmazmı bu dərdə?
Könül, dərdin nədir, söylə.
Yaxud:
Aşıqları inandırır,
Yalan vədəylə qandırır,
Bu huy səni utandırır,
Çox naz aşiq usandırır.
Ziya Paşanın ədəbi görüşlərində Avropa meyilli dəyərlər özünə yer tapandan sonra əsərləri ideoloji baxımdan yeni mahiyyət kəsb etməyə başladı. Bu da bilavasitə tənzimatın hürriyyət, məşrutə istəyi və tələbi ilə bağlı idi.
Lakin burada bir incə məqama nəzər yetirmək lazımdır. Ziya Paşa Tənzimat ədəbiyyatının nümayəndəsi kimi Avropa dəyərlərinə hörmətlə yanaşır, Avropa ədəbiyyatının öyrənilməsini təbliğ edirdi. O, Avropa dillərinin öyrənilməsinə zəruri ehtiyacın olduğunu xüsusi olaraq nəzərə çarpdırırdı. Lakin Ziya Paşa bunların müqabilində doğma dilə, doğma ədəbiyyata ögey münasibət bəsləməyin əleyhinə çıxırdı. Daha doğrusu, onun nəzərincə Avropa mədəniyyətinə yaxınlaşmaq, bütün milli-mənəvi dəyərlərə xor baxmaq deyil, əksinə onu daha da inkişaf etdirməkdir.
İstər isən, anlamaq cahanı,
Öyrənməli Avropa lisanı.
Bilmək gərək ordakı fünunu,
Tərk eylə təəssübü cünunu.
Təqlid ilə əslini unutma,
Milliyyətini xakir tutma.
Ziya Paşa yaradıcılığında məsələlərə hərtərəfli munasibət bildirilir. İlk olaraq, onu qeyd edək ki, şairin sənətində həyatın bir çox problemləri özünə yer tapmışdır. Qeyd olunan problemlərə bəzən üstüörtülü, bir çox məqamlarda isə birbaşa, konkret münasibət bildirilir. Ziya Paşa Avropaya getməzdən əvvəl divan şeir tərzində “Tərcibənd” adı ilə 3 məşhur əsər yazıb. Bu əsərlər məzmun və ideya baxımından eyni olsalar da, ifadə tərzinə, beyt və bənd saylarına görə fərqlənirlər. 1859-cu ildə yazılmış “Tərcibənd” dini-təsəvvüf görüşləri əks etdirən hikmət dolu bir əsərdir. 12 bənddən ibarət olan bu əsərdə şairin kainat barədə düşüncələri, təbiət sirləri qarşısında insanın acizliyi, yer üzündə mövcud olan nizamsızlıq, haqsızlıq, ədalətsizlik və s. məsələlər yer alır. Ziya Paşanın “Tərcibənd” əsərində klassik İslam fəlsəfəsi ilə modern Qərb fəlsəfəsi, o cümlədən, Kopernik düşüncə sistemi qarşılaşdırılır. Prof. Mehmet Kaplan Ziya Paşanın bu cür yanaşmasını yüksək qiymətləndirmiş, “əski ədəbiyyatımızda kainat və həyat haqqında bu qədər geniş, bu qədər sistemli yazılmış bir mənzumə yoxdur”- demişdi. 12 bəndlik bu əsərdə cəmiyyətlə bağlı bir sıra problemlərə aydınlıq gətirmək, onları izah etmək əsas məqsəd olsa da, bunların izahında insan düşüncə və ağlının yetərsiz olduğu bildirilir. Çünki kainatda mövcud olan bütün səbəb və nəticələr Allaha məxsusdur. Allaha məxsus olanları insan ağlı dərk etməz. Ona görə də, əsərdə dünya əcaib bir dərshanəyə, məkana bənzədilir və o, fəlakət çarxı ətrafında fırlanan dəyirman kimi təqdim edilir. Müəllif dünyada baş verən ədalətsizliklərin, hərisliklərin, fəlakətlərin, mənəm-mənəmliyin, ağıllı insanların ağılsızlara, savad əhlinin nadanlara möhtac olmasının kökündə dayanan səbəbləri öyrənməyə çalışır.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -