Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyəli deputatlar ATƏT-in Minsk qrupunu tənqid ediblər

09.10.18, 10:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kamil Aydın: “Dağlıq Qarabağ münaqişənin həlli üçün konkret tədbirlər görmür"

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon hələ də Ermənistanın işğalı altındadır. Ancaq ATƏT-in Minsk qrupu hələ də münaqişənin həlli üçün konkret tədbirlər görmür".
Bu fikirləri Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, Ərzurum şəhərini təmsil edən millət vəkili Kamil Aydın bildirib.
Onun sözlərinə görə, Azərbaycan AŞPA-da ötən il iyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə həsr olunmuş müzakirələr zamanı iki ölkənin "bir millət, iki dövlət" olduğunu gerçəkdən nümayiş etdirdi: "Bildiyiniz ki, mənim deputat seçildiyim bölgədə terrorçu PKK-nın təxribatları nəticəsində insanlar rahat şəkildə seçkiyə gedə bilmirlər. Ona görə də Türkiyə hökuməti seçkilərin yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirləri gördü. Nəticədə seçici fəallığı 86 faiz oldu. Məgər seçkilərdə çox insanın iştirakı onun qeyri-qanuni olduğunamı dəlalət edir? Sadəcə, Qərb ölkələri özlərini hələ də əsrlər əvvəl olduğu kimi güclü hesab edir. Əgər onlar Azərbaycana getsələr, onun Danimarka, İsveç və bir sıra Avropa dövlətlərindən on dəfə artıq inkişaf etdiyini görərlər. Ancaq təəssüflər olsun ki, Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlər Qərb ölkələrinin qısqanclığı ilə qarşılaşır".
"Bu gün AŞPA-da Krım məsələsinin müzakirəsi onların bölgəyə ürəklərinin yanmasından irəli gəlmir. Buna səbəb Qərb dövlətlərinin Rusiyaya nifrət etməsidir. Bəs nəyə görə Dağlıq Qarabağ hələ də erməni tapdağı altındadır. ATƏT-in Minsk qrupu hələ də münaqişənin həlli üçün konkret tədbirlər görmür. Əksinə Azərbaycan da Türkiyə kimi AŞPA daxilində əsassız tənqidlərə məruz qalır. Bir qardaş ölkəyik. Bizim üçün nə düşünürlərsə, Azərbaycan üçün də onu düşünürlər. Onlar güclənməkdə olan bir ölkə gördükdə narahat olurlar. İstər Azərbaycan, istər Türkiyə, istər Şimali Kipr Türk Cümhuriyyəti olsun, harada türk var, ora AŞPA tərəfindən tənqid atəşinə tutulur", - türkiyəli siyasətçi deyib.
Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin digər üzvü, Milli Birlik Partiyasını (UBP) Mağusa rayonundan Cümhuriyyət Məclisində təmsil edən millət vəkili Hamza Ersan Saner “Report”un Qərbi Avropa bürosuna Azərbaycana on il əvvəl Şimali Kipr Türk Cümhuriyyətinin turizm və mədəniyyət naziri kimi səfər etdiyini söyləyib: "Sonuncu dəfə iki-üç ay əvvəl Azərbaycanda oldum və on il ərzində qardaş ölkədə baş verən dəyişikliklər məni heyrətə gətirdi. Xüsusilə İçərişəhərin gözəlliyinin, qədimliyinin qorunub saxlanılması və buna paralel yeni şəhərin möhtəşəmliyi və inkişafını görmək məni çox sevindirdi. Azərbaycan durmadan inkişaf edən bir ölkəyə çevrilib. Əminəm ki, Azərbaycan bundan sonra xalqın rifahı naminə öz nailiyyətlərini davam etdirəcək".
Onun sözlərinə görə, AŞPA-nın payız sessiyasında Türkiyədəki seçkilərlə bağlı müzakirələr zamanı ən düzgün və həqiqətəuyğun fikirləri azərbaycanlı deputatlar səsləndirdilər: "Bu gün Azərbaycan da AŞPA-da əsassız tənqidlərə məruz qalır. Lakin Türkiyə həmişə Azərbaycanın yanında olacaq və hər zaman qardaş ölkə Azərbaycanı dəstəkləyəcək".
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Biz də bu məsələdə hər zaman Azərbaycanın yanında olacağıq", - millət vəkili qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun payız sessiyasında çıxışı zamanı Türkiyəni müdafiə edib.

Bu xəbər oxundu
- - -