Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Gürcüstan Ermənistana əlində olan rıçaqlarla təzyiq etməlidir”

09.10.18, 10:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Gürcüstan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma Dağlıq Qarabağ rejiminin Abxaziyada keçirilən “tədbirlərə” qatılmasına seyrçi qalması rəsmi Tiflisin növbəti dəfə separatizmlə üzləşə bilməsinə gətirib çıxara bilər”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
M.Əsədullazadə bildirib ki, Qarabağ separatçıları Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazisinə Ermənistanın verdiyi pasportlarla səfər ediblər: “Bu, həm hüquqi cəhətdən Ermənistan vətəndaşlarının rəsmi Tiflisin icazəsi olmadan onun işğal olunmuş ərazilərinə qanunsuz səfəri, həm də Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsdidir. Bununla bağlı Gürcüstan Ermənistana əlində olan rıçaqlarla təzyiq etməli, İrəvandan izahat tələb etməlidir”. Politoloq qeyd edib ki, erməni separatçıları məhz Gürcüstan ərazisindən – Abxaziyadan bu ölkə əleyhinə bəyanatlar verməklə, digər bölgələrdə separatizmin alovlanmasına zəmin yaradırlar: “Onlar xüsusilə ermənilərin sıx məskunlaşdığı Cavaxetiyanın ayrılmasına çalışırlar. Bununla bağlı rəsmi Tiflis Ermənistana nota verməli və sərhədlərini qanunsuz keçən, buradan separatizmi dəstəkləyən Qarabağ separatçıları ilə bağlı Beynəlxalq Cinayət Polisi İdarəsi – “İnterpol” xətti ilə axtarış elan edib onları həbs etdirməlidir.
Gürcüstan hakimiyyəti bu kimi təxribatları seyr etməklə növbəti dəfə ermənilərin sıx məskunlaşdığı Cavaxetiyada separatizmə məruz qalacaq. O zaman isə Tiflis üçün gec olacaq. Zənnimcə, Azərbaycan da bu barədə Gürcüstan hakimiyyətinə müraciət etməli və separatçı ünsürlərə qarşı birgə mübarizə aparmalıdırlar”.
Qeyd edək ki, qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” bu günlərdə Suxuminin işğal olunmasının 25 illiyi ilə bağlı bu şəhərdə keçirilən tədbirdə iştirak edib və separatçı rejimin başçısı Bako Saakyanın təbrik məktubunu oxuyub.

Bu xəbər oxundu
- - -