Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dünyada Azərbaycan ərazisi olaraq qəbul edilən bölgədən “sülh çağırışı” etmək hansı zehniyyətdir?”

09.10.18, 10:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Auytən Mustafayeva: “O torpaqlar Azərbaycanındır və işğal altındadır”


Rauf Zeyni: “Sən işğalçısansa, demək artıq haqq-ədalətdən danışmaq haqqını itirmisən”


“Sülh çağırışı edən şəxs ilk növbədə oğlunun hətta Ermənistanın işğal etdiyini təsdiqlədiyi Füzuli rayonuna hərbi xidmətə göndərilməsinə etiraz etməlidir”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü "Qadınlar sülh naminə" təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın ilə birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirən millət vəkili Aytən Mustafayeva deyib.
Millət vəkili bildirib ki, Ermənistan rəhbərliyi indi də həyat yoldaşı vasitəsilə "humanitar missiya" adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər təşviq etməklə öz yalanlarına bəraət qazandırmağa çalışır: “Hamı başa düşür ki, sülh çağırışını Azərbaycanın ərazi bütövlüyünü pozmaqla, Qarabağa qanunsuz səfərlə etmək heç bir normal məntiqə sığmır. Çünki o torpaqlar Azərbaycanındır və işğal altındadır. İşğal etdiyin torpağa öz oğlunu hərbi xidmətə göndərib, sonra da gəlib bütün dünya tərəfindən Azərbaycanın ərazisi olaraq qəbul edilən bölgədən "sülh çağırışı" etmək hansı zehniyyətdir? Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal edildiyini hətta Ermənistan özü də təsdiqləyir və buranı guya "təhlükəsiz zona" olaraq saxladığını bildirir. Sülh çağırışı edən şəxs oğlunun ilk növbədə işğalını etiraf etdiyi bir əraziyə - Füzuli rayonuna hərbi xidmətə göndərilməsinə etiraz etməlidir. Sən oğlunu işğaldakı torpaqları əlində saxlamaq üçün göndərəcəksən, sonra da gəlib, işğal etdiyin torpaqdan "təmas xəttinin bu tərəfinə" sülh çağırışı edəcəksən - bu, tarixdə görünməmiş bir "siyasət"dir".
Millət vəkili bildirib ki, Akopyanın "humanitar missiya" adı altında Qarabağa qanunsuz səfəri başqa bir dövlətin torpaqlarının zəbtini, işğalı əslində etiraf etməkdir:
"Akopyan hansı haqla "Qadınlar sülh naminə" təşəbbüsü ilə çıxış edərək bir qrup rus qadınlarla Qarabağa qanunsuz səfərlər təşkil edir? Bu hadisənin özü belə ermənilərin Azərbaycan ərazilərini işğal etdiyini açıq sübuta yetirir".
Millət vəkili Ermənistan rəhbərliyinin son addımının Düşənbə danışıqlarının ruhuna zidd olduğunu vurğulayıb:
"Paşinyan ümumiyyətlə hakimiyyətə gəldiyi ilk gündən tam səriştəsiz olduğunu nümayiş etdirməkdədir. O, sanki oyun oynayır və bir-birinə zidd, qeyri-ciddi bəyanatlar verir. Son olaylar bir daha göstərdi ki, Paşinyanın siyasətə heç bir aidiyyəti yoxdur".
Deputat Akopyanın Qarabağda "Sülh naminə qadınlar" humanitar aksiyasının əsl mahiyyətinə də işıq salıb:
"Əvvəla, bu kimi hərəkətlər əsl sülh təşəbbüslərinə zərbə vurur. Akopyanın Qarabağda "sülh çağırışı" sadəcə oyun, Ermənistan rəhbərliyi tərəfindən düşünülmüş bir siyasətdir. Yəni reallıqda bu bir hakimiyyət mübarizəsidir. Ona görə də seçkiöncəsi xalqın dəstəyinə ehtiyacı duyan Paşinyan hakimiyyəti üçün hər yola əl atır".
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni isə deyib ki, sülh təşəbbüsü Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyandan, yaxud Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurovadan deyil, baş nazirin özündən gəlməlidir: “Çünki Azərbaycan torpaqları Ermənistan hakimiyyətinin təşəbbüsü, Erməni Milli Assambleyasının ssenarisi ilə işğal olunub və 30 ilə yaxındır ki, işğal altında saxlanılır”. O qeyd edib ki, dünya ictimaiyyətini aldatmaq lazım deyil: “Əgər sən demokratiyadan, beynəlxalq hüquqdan, hüququn aliliyindən, ərazi bütövlüyündən, dövlətçilikdən danışırsansa, qonşunun torpağını hansı əsasla, hansı beynəlxalq prinsiplə 30 ildir işğal altında saxlayırsan?! Yəni bu, məntiqsizlikdir. Demokratik dalğa adı ilə hakimiyyətə gəldiyini deyən adam ilk növbədə qonşunun ərazisindən öz işğalçı ordusunu çıxarmalıdır. Sülh təşəbbüsü bu cür başlamalıdır. Əgər beynəlxalq ictimaiyyətin rəğbətini qazanmaq, “həqiqətən də sülh tərəfdarıyam” demək istəyirsənsə, bunu kiminsə vasitəsilə etmək lazım deyil. Paşinyan Düşənbədə təmas xəttində atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduğunu bildirib. Ancaq atəşkəs rejimi barədə öz hərbçilərinə göstəriş vermək lazım deyil. İşğalçı ordunun ərazidən çıxarılmasına dair göstəriş vermək lazımdır. O zaman demək olar ki, bax bu, sülh təşəbbüsüdür. Məsələnin mahiyyəti bundan ibarətdir”.
R.Zeyni əlavə edib ki, işğalçı ölkə nə demokratiyadan, nə də insan hüquqlarından danışa bilməz: “Sən işğalçısansa, demək artıq haqq-ədalətdən danışmaq haqqını itirmisən. Bunu bərpa etmək istəyirsənsə, işğal edilmiş ərazilərdən çıx”.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının yaradıcılarından olan R.Zeyni qeyd edib ki, hətta Azərbaycan ilk dəfə olaraq erməni ictimai-siyasi xadimlərini də ora dəvət edib:
“Onlar gəldilər, platformanın işində iştirak etdilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həll olunması istiqamətində QHT-lər ilk dəfə olaraq həqiqətən də qeyri-adi addım atmışdılar. Azərbaycan dövləti və hökuməti də bu tədbirin keçirilməsinin təhlükəsizliyinə təminat vermişdi. İndi isə daha ciddi addımlar atılmalıdır. Düşünürəm ki, baş nazir kimi Paşinyanın əlində çox böyük imkanlar var. O, bu imkanları dəyərləndirməli, əldən çıxarmamalıdır. Çünki bu imkanları dəyərləndirməsə, onun da aqibəti Ermənistanın əvvəlki rəhbərlərinin aqibəti kimi olacaq”.

Bu xəbər oxundu
- - -