Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı region ölkələrinin tranzit qabiliyyətini artırır

09.10.18, 13:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dəniz daşımaları qitələrarası daşımalar zamanı yüklərin çatdırılmasının əsas, bəzi hallarda isə yeganə mümkün üsuludur. Uzaq marşrutlarda dəniz daşımalarının maya dəyərinin aşağı olması, yükün parametrlərinə və tipinə qərəzsiz münasibət daşımaların bu tipinin əsas üstünlükləridir. Multimodal daşımaların ayrılmaz tərkib hissəsi olan konteyner daşımaları yüklərin dəniz yolu ilə daşınmasında daha geniş yayılıb. Müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınmasında konteynerlərdən istifadə edilməsi sayəsində malın çatdırılmasının dəyərini və buna sərf edilən vaxtı xeyli azalır. Şəksiz üstünlüklərə malik olan dəniz konteyner daşımaları nəqliyyat xidmətləri bazarında haqlı olaraq lider mövqe tutur.
BMT-nin ticarət və inkişaf üzrə konfransının (UNCTAD) məruzəsində göstərilir ki, keçən il beynəlxalq dəniz daşımalarının həcmi 4 faiz artıb. Ekspertlərin fikrincə, xüsusən konteyner daşımaları və dənəvər yüklər sahəsində dəniz daşımalarının həcmi bundan sonra da artacaq. Keçən il 10,7 milyard ton yük və dənəvər yüklərin demək olar ki, yarısı dəniz nəqliyyatı ilə daşınıb.
Məruzə müəllifləri daha sonra göstərirlər ki, keçən il həm ixrac, həm də idxal sahəsində qlobal dəniz ticarətinin 60 faizdən çoxunu inkişaf etməkdə olan ölkələr təmin ediblər. İnkişaf etmiş dövlətlərdən daxil olan və əks istiqamətdə göndərilən yüklərin payı isə əksinə, azalıb və hazırda dünya üzrə dəniz daşımalarının həcminin üçdəbir hissəsindən çox deyil. Dəniz daşımalarının inkişafına Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da öz töhfəsini verir. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan bu liman açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Çinin təşəbbüsü ilə başlanmış “Bir kəmər – bir yol” meqalayihəsinin əsas layihələrindən biri hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı XXI əsrdə dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına çox böyük təsir göstərəcək.
Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq, gəmilərin körpüyə təhlükəsiz yanalmasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.
Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb. Beləliklə, gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalması təmin ediləcək.
Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kranı quraşdırılıb. Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilməsi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.Konteynerlərin aşırılmasında böyük artım qeydə alınmışdır. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 19 961 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da müvafiq dövr ilə müqayisədə 81,9 faiz artım deməkdir (2017-ci ildə 10 970 TEU).
Sərnişin daşınmasında həm Qazaxıstan, həm də Türkmənistan istiqamətində keçən ilin müvafiq dövrü ilə müqayisədə 45,2 faiz artım qeydə alınmış və 34 470 nəfər təşkil etmişdir. Limanın Abşeron Neft terminalında cari ilin yanvar-sentyabr aylarında 389,5 min ton xam neft və neft məhsulları aşırılmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətdə (2017-ci ilin müvafiq dövründə 337,4 min ton) 15,7 faiz artım deməkdir.
Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində yerləşməklə yeni liman üçün zəngin tranzit potensialı yaradır, ona ölkəyə daxil olan, ölkədən daşınan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirmək, Xəzər dənizi ilə səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin etmək imkanı verir. Bu kompleks keçən il oktyabrın 30-da açılmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükyığma məntəqəsi funksiyalarını yerinə yetirir. Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yüklərin yeni liman kompleksində toplanmasını və onların Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün zəmin yaranıb. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazidə sərbəst iqtisadi zona yaradılır. Bu, mühüm nəqliyyat qovşağı olan limanı tranzit və daşımalar üçün daha geniş imkanlarla təmin edəcək. Beləliklə, Azərbaycan iri nəqliyyat infrastrukturu yaratmaqla özünün geosiyasi və geoiqtisadi əhəmiyyətini, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı isə region ölkələrinin tranzit qabiliyyətini artırır.

Bu xəbər oxundu
- - -