Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”

10.10.18, 7:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Su həyatın mənbəyidir deyirlər, lakin internet əsrində yaşam tərzinin ən vacib mənbələrindən birinin elektrik enerjisinin də olduğunu desək yanılmarıq. Elektrik enerjisi iqtisadi inkişafın, sosial rifahın davamlılığı, eləcə də informasiya təminatının və dövlət təhlükəsizliyinin ən başlıca faktorudur. Bu baxımdan, elektrik enerjisinin davamlı təminatı, istehlakçılara keyfiyyətli enerjinin verilməsi çox ağır və gərgin iş tələb edir. Və bu gün əhalinin davamlı elektrik enerjisi ilə təminatında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gərgin işini danmaq ədalətsizlik olardı.
Etiraf etməliyik ki, bir zamanlar respublikanın müxtəlif bölgələrində sadə dillə desək insanlar “işıq üzü görmək” üçün Günəşin doğmasını gözləyirdilər. Xüsusən 1990-cı illərdən başlayaraq, 2000-ci illərin əvvəllərinə qədər regionlarda Azərbaycan insanının “işıq üzünə” həsrət qaldığı, elektrik enerjisinin fasilələrlə, bəzən sutkanın yalnız bir neçə saatı ərzində verildiyi yəqin ki, unudulmayıb.
“O dövrləri unutmaq olmur, çünki kənd həyatında bütün günü tarlada işləyən insan yalnız axşam vaxtlarında ailəlikcə televizorda hansısa filmə baxmaqla dincəlir. Təsəvvür edin, filmin ən həyəcanlı yerində işıqlar sönür və hər kəs məyus olur” – Saatlının Qaranuru kəndində yaşayan İslam Abbasov xatırlayır.
Astaranın dağ kəndlərinin birində yaşayan Rəşad Əmirov deyir ki, həmin dövrlərdə işıqların yanması hər evdə bayrama çevrilərdi.
“Bəzən günlərlə işıq üzünə həsrət qalardıq”, - deyə o, danışır.
Belə nümunələri kifayət qədər sadalamaq olar, lakin bu gün respublikanın əksər bölgələri, hətta ən ucqar, dağlıq kəndləri belə 24 saat ərzində elektrik enerjisi ilə təmin olunur.
İslam Abbasov danışır ki, vaxtilə “işıqların yanması” möcüzə olan kəndlərində bu gün elektrik enerjisinin kəsilməsi “möcüzə” kimi qarşılanır.
Məsələyə ən bəsit tərəfdən baxdıqda belə Azərbaycanda elektrik enerjisinin təminatının haradan hara gəldiyini görmək mümkündür. Xüsusilə daim elektrik enerjisi ilə təmin olunan paytaxt insanı üçün adi görünən bu amil bir çox hallarda ucqar kəndlərdə bayram kimi qarşılanır. “Azərişıq” ASC-nin ötən ilin Qurban bayramı günündə Astara rayonunun tarix boyu elektrik enerjisi olmayan ucqar Şəvqo kəndinə işıq verməsi və kənd sakinlərinin sevinci bunun ən bariz nümunəsidir.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir ki, meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub.
“Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 kilometr 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv –luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub”, - deyə o qeyd edir.
Azərbaycanın işıqlı gələcəyi: Prezident İlham Əliyevin “Azərbaycanın hər bir nöqtəsi keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır” devizi üzərində qurulan “İşıqlı Azərbaycan” layihəsi bu gün sürətlə həyata keçirilir. Dövlət başçısının 2015-ci il 10 fevral tarixli sərəncamı ilə “Azərişıq” ASC yaradıldı və qarşıya ciddi hədəf qoyuldu: regionlardakı elektrik şəbəkələrinin yenidən quraşdırılması; əhalini keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz etmək; texniki itkiləri azaldıb, enerji satışında yığımın faizini artırmaq;
“Vəzifələr aydındır: əhalini elektrik enerjisi ilə fasiləsiz təmin etmək, energetika sistemini - həm istehsal edən sistemi, həm də paylayıcı sistemi müasirləşdirməkdir ki, Azərbaycanda ən müasir standartlara cavab verən energetika sistemi yaransın”.
Prezident İlham Əliyevin bu sözləri “Azərişıq” ASC-nin gördüyü işlər fonunda qurumun strateji yol xəritəsinə çevrildiyini göstərir.
ASC-nin yaradılması da məhz elektrik enerjisinin itkilərinə son qoymaq və dayanıqlı olmaqla daha keyfiyyətli enerji təminatını həyata keçirmək idi.
Qurum bu hədəfin öhdəsindən gələ bilirmi?
Cavab faktlardadır: Dövlət başçısının qoyduğu hədəf “Azərişıq” ASC tərəfindən sürətli və keyfiyyətli şəkildə həyata keçirilməyə başlandı. Bütün respublika üzrə paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün 2016-2025-ci illər üzrə Tədbirlər Planı – Master Plan hazırlandı. Və genişmiqyaslı fəaliyyət başlandı. ASC tərəfindən təkcə ötən il 20450 ədəd Smart və SMS tipli, 174550 ədəd elektron tipli sayğaclar quraşdırılıb, 2500-dən artıq bağlantıda elektrik enerjisinin uçotu dəqiqləşdirilib. 110 kV-luq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiya tikilib və yenidən qurulub, 88,4 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-luq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilib, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 705 ədəd yarımstansiyanın tikintisi, 854,5 km elektrik verilişi xətlərinin çəkilişi, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 km ÖİN xətlərinin tikintisi həyata keçirilib. Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində 2017-ci ilin birinci yarımilliyində təkmilləşdirmə işlərinin davamı olaraq “Ağ Şəhər” layihəsinin 1-ci hissəsi üzrə “Həzi Aslanov” və “Ağ şəhər-1” yarımstansiyaları arasında 2 dövrəli 110 kV-luq kabel xətləri quraşdırılıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Azərbaycanda fasiləsiz elektrik enerjisinin təminatının banisi ümummilli lider Heydər Əliyevdir: “Məhz onun təşəbbüsü ilə Mingəçevir Su Elektrik Stansiyası tikildi. Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev ölkədə elektrik enerjisinin davamlı və keyfiyyətli şəkildə bərpası üçün mühüm işlər görüb. Respublika üzrə elektrik naqilləri yenilənib, onlarla yeni stansiya tikilib. Əhalinin elektrik enerjisi ilə təminatında böyük inkişaf mərhələsi keçilib”.
Aydın Mirzəzadə qeyd edir ki, “Azərişıq” ASC-nin elektrik enerjisinin təminatında gördüyü işlər olduqca təqridəlayiqdir.
Regionların təminatı: regionların sosial-iqtisadi inkişafı, abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün son üç ildə regionlarda 19 ədəd 110 kV-luq, 91 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Yeni yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədilə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 5000-ə qədər 10-6 kV-luq Trtansformator Məntəqəsi və Komplekt Trasformator Məntəqəsi quraşdırılıb. 125 min km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 500 minə yaxın dayaq basdırılıb. Ölkənin kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul rayonunda 110 kV-luq “Qarasu”, Şəmkir rayonunda “Şəmkir Aqro”, kimi yarımstansiyalar tikilib. Eyni zamanda, Tovuz, Samux, Goranboy, İmişli və Xaçmaz rayonlarında 4 ədəd 35 kV-luq yarımstansiyalar inşa edilib. Qəbələ, Şəki, Zaqatala, Qax, Quba və turizm potensiallı digər rayonlarda 110 və 35 kV-luq yarımstansiyaların tikilərək yenidən qurulub. Düşmənlə təmas xəttində “Tərtər”, “Şıxarx”, “Daş Salahlı”, “Cocuqmərcanlı” kimi yarımstansiyalar tikilib, Lələtəpə və başqa qaynar nöqtələrə, o cümlədən işğaldan azad olunandan 22 il sonra Tərtərin Çaylı kəndinə elektrik enerjisi verilib.
Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyir ki, bu gün regionların elektrik enerjisi ilə təminatı yüksək səviyyədədir: “Vaxtilə regionların enerji təminatında ciddi problemlər olub, lakin Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsinin həyata keçirilməsi bu problemləri aradan qaldırdı. Bu işi həyata keçirən qurumun səyləri də xüsusi vurğulanmalıdır”.
Tahir Rzayev qeyd edir ki, bu gün nəinki rayon mərkəzlərində, hətta ən ucqar kəndlərdə belə 24 saat ərzində elektrik enerjisinin verilməsi təmin olunur.
“Elektrik enerjisinin keyfiyyətli və davamlı təminatı regionlarda kənd təsərrüfatının, eləcə də orta sahibkarlığın inkişafına mühüm təsir göstərir. Çünki enerji olmasa müəssisələr işləməz, yeniləri açılmaz. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafında elektrik enerjisinin təminatı mühüm rol oynayır. Sevindirici haldır ki, bu gün regionlarımız da paytaxtımız kimi davamlı və keyfiyyətli enerji ilə təmin olunur”, - deyə komitə üzvü diqqətə çatdırıb.
Vətəndaşa xidmət: “Azərişıq” ASC elektrik enerjisinin keyfiyyətli və davamlı təminatı ilə yanaşı, “ASAN Xidmət”ə inteqrasiya edərək, müasir idarəetmə sisteminə keçidlə abunəçilərin rahatlığını da təmin edib. Bu, ödənişlərin də rahat həyata keçirilməsində böyük rol oynayır. Digər tərəfdən, elektrik enerjisinin çəkilməsi proseduru da xeyli “ASAN”laşıb. Belə ki, əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır, şəffaflıq tam təmin olunur.
Bakı sakini Fikrət Məhərrəmov danışır ki, kommunal ödənişləri ödəmək üçün poçtlarda uzun növbələr yaranırdı: “Bu gün belə bir problem yoxdur, hər kəs günün istənilən vaxtında ödənişləri edə bilir. Digər tərəfdən, evinə elektrik enerjisi çəkdirmək istəyən vətəndaş “ASAN Xidmət”ə müraciət etməklə ən qısa müddətdə həll edə bilir. Bunlar vətəndaşın rahatlığı üçün vacib məqamlardır”.
Perspektivlər: Lakin “Azərişıq” mövcud vəziyyətlə kifayətlənmək fikrində deyil. ASC-nin gələcəkdə elektrik enerjisinin təminatının daha da yüksəldilməsi məqsədilə hərtərəfli planlar hazırlaması bunu deməyə əsas verir. Qurumun məlumatında da qeyd olunur ki, strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının yaradılması, elektrik enerjisi sahəsində məqsədləri reallaşdırmaq üçün əsas hərəkətverici mexanizmlərin işə salınması perspektiv planlara daxildir.
Milli Məclisin üzvü Aydın Mirzəzadə hesab edir ki, qurumun dövlət başçısının qoyduğu hədəflərə çatması və elektrik enerjisinin təminat səviyyəsinin daha da yüksəldilməsi üçün münbit şərait var.
“Birincisi, bunun üçün güclü baza var. İkincisi, Azərbaycan ehtiyacı olan enerjini istehsal edir. Üçüncüsü, Prezident İlham Əliyev elektrik enerjisinin təminatı məsələsinə xüsusi diqqət ayırır, hər il dövlət büdcəsindən bu sahəyə maliyyə ayrılır. Əminəm ki, “Azərişıq” qarşısına qoyduğu məqsədlərə asanlıqla çatacaq”, - deyə deputat vurğulayıb.

Asif Nərimanlı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Bu xəbər oxundu
- - -