Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağları duman bürüdü, əğyar seçilməz…” - ƏBDÜLHƏMİD ZİYA PAŞA

10.10.18, 10:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Yarəb, nədir bu keşməkeşi dərdi-ehtiyac,
İnsanın ehtiyacı ki bir loxma nanədir.
Yarəb, nədir bu dəhrdə hər mərdi züfünun
Olmuş bəlayi ağıl ilə aramdan məsun.
Yarəb, neçün bu arsada hər şəxsi arifin
Miqdari fəzlinə görə dərdi olur füzun.
Bu suallara cavab tapılmadıqca, biz əsərdə dünyanın qeyri-bərabərliyi, ədalətsizliyi və s. barədə sadalanan fikirlərlə rastlaşırıq. Şair dünyanın cahil insanların nəzarətində olması, könül sahiblərinin, bilgili insanların mənəvi sarsıntıya düçar olması, insanlarda varlanmaq hərisliyinin çoxalması, pisin yaxşıya qalib gəlməsi və s. kimi fikirlərlə cəmiyyətdəki pisliklərin ümumi mənzərəsini yarada bilir. Ziya Paşa “Tərcibənd”də bunun səbəbini ürəkağrısı ilə cahanda ağıllı ilə dəlini, haqq ilə nahaqqı ayıracaq tərəzinin yoxluğunda görür. Şair Şərq dünyasının özünəməxsus qüsurlarından danışarkən müsəlmanlarda əvvəlki qeyrət, səy, namus və təmizliyinin qalmamasını, insanlarda milli qürur, dövlətə sədaqətin azalmasını mənəvi eybəcərlik hesab edir və əsərdə bunları narahatçılıq hissi ilə aşağıdakı şəkildə qələmə alır:
Milləti-islamda əvvəlki qeyrət qalmamış,
Əski iffət, əski namus, əski himmət qalmamış.
Əski məcnunlardakı qeyrət, həmiyyət qalmamış,
İndi hər kəs aqil olmuşlar, o cinnət qalmamış.
Kimsədə əvvəlki ikdam, o sədaqət qalmamış
Hasili əxlaq bitmiş, mülki millət qalmamış.
Lakin Ziya Paşa mənəvi eybəcərliklərdən narahat olduğunu bildirsə də, üzünü insanlara tutub “namus və insanlığı əsla xəyal edib düşünmə” deməklə Allahın iradəsindən kənarda heç nəyin dayanmadığı qənaətini ortaya qoyur. Şairə görə, dünya təkcə gözəllikləri ilə deyil, hətta bütün mənəvi eybəcərlikləri ilə də Allaha məxsusdur. Çünki bu dünyanın eyiblərini də, gözəlliklərini də Allah yaradıb. Ancaq bunları Allah yaratsa da, Allahın özü hər cür qüsur, eyib və nöqsanlardan uzaqdır, böyük qüdrət sahibidir:
Subhanə mən tahayyare fi sunihil-ukül,
Subhanə mən bi kudretihiya cüzül-fuhül.
(Uca qüdrəti ilə Allahı təsbih edərəm. Onun hər cür qüsur, eyib və nöqsanlardan uzaq olduğunu qəbul edər və söylərəm). Əsərdə irəli sürülən ideya budur ki, kainatda hər şey Allahın əlindədir və insan iradəsi Allahın yaratdıqları qarşısında acizdir. Bütün bunları Ziya Paşa bir islahatçı olaraq yeni hökumət qurmaq, cəmiyyətdə dəyişiklik etmək, xalqı xoşbəxtliyə qovuşdurmaq üçün atılan addımların faydasız olduğunu gördükdən sonra yazmaq məcburiyyətində qalır. Şair bunları mövcud mərhələdə insanın hələlik nəyəsə nail olmasının qeyri-mümkünlüyünü dərk etdikdən sonra qələmə almışdır. Lakin bunlar o demək deyil ki, Ziya Paşa əsərdə irəli sürdüyü ideya ilə cəmiyyətdə insan təşəbbüskarlığı qarşısında sədd çəkir, onun həyatdakı fəaliyyət və rolunu əhəmiyyətsizləşdirir. Çünki modem ədəbiyyatın nümayəndəsi kimi Ziya Paşa yaradıcılığında cəmiyyət dəyişkənliyi ideyası öndə olub, insan cəmiyyətdə aparıcı və aktiv rolda təqdim edilib.
Ziya Paşanın 1870-cı ildə İsveçrədə qələmə aldığı “Tərkibbənd” mənzuməsi Ruhi Bağdadinin (XVI əsr) “Tərkibbənd”inə nəzirədir. Şairin bu əsəri ilə 1859-cu ildə yazdığı “Tərcibənd” arasında mövzu, ideya və forma baxımından müəyyən yaxınlıq var (Ziya Paşanın digər iki “Tərcibənd” və “Tərkibbənd”i mövzu və ideya baxımından eyni olsalar da, bənd saylarına görə fərqlənirlər). Hər iki əsər gerçək həyat həqiqətlərini əks etdirən yarımsatirik tərzdə yazılmış 12 bəndlik hikmətli şeir parçalarından ibarətdir. Şeir Avropada yazıldığı üçün buradakı Qərb təsiri digər əsərlərdən fərqlənir. Buna görə də, əsərdəki əxlaqi-didaktika və estetiklik daha güclü hiss olunur. “Tərcibənd”də olduğu kimi, “Tər- kibbənd”də də göstərilir ki, Allah qüdrətlidir, o, külli-ixtiyar sahibidir. Günəşin meydana çıxması, Ayın nurlanması, göydəki quşların uçması, dəryalardakı balıqların suda yaşaması və s. hamısı Allahın hikmətindəndir. Şair yer üzündə, dəryada və göydə olan hər şeyin Allahın əmri ilə yarandığını qeyd edir. Bu səbəbdən o, yer üzündəki fitnə və fəsadların da Allahın hökmündə olduğunu bildirir. “Tərkibbənd”in 2-ci bəndində bu barədə belə deyilir:
Səndədir ilahi yenə bu məkrü, bu fitnə,
Bu məkrü, bu fitnə yenə səndəndir, İlahi.
“Tərkibbənd”də əxlaqi-didaktik fikirlərə əhəmiyyətli dərəcədə yer verilir. Bu fikirlərdə Ziya Paşanın bir növ dini-təsəvvüfi görüşləri ilə yanaşı, ictimai baxışları da əksini tapır. Əsərdəki ağıllı insanla ağılsız insanın fərqi, var-dövlətin müvəqqəti sərvət olması, sərvət sahiblərinin qəlbinin yox, üzünün gülməsi, insanlığın əsas məqsədinin xeyirxahlıq olması, dövlət və səltənətin insana daimi bağışlanmaması, əsli pis olanların xarakterinin içki məclisində bilinməsi və s. kimi fikirlər həm reallıqları əks etdirir, həm də insan düşüncəsində təsirli iz buraxır.
“Tərkibbənd”dəki saray məmurları, zalımlar, rüşvət alanlar və s. ilə bağlı nümunələrdə ictimai-siyasi məzmun daha güclüdür. Məsələn, şair xalqına əzab verən valinin istər bu dünyada, istərsə də axirətdə çəkəcəyi əziyyətlərə işarə edərək yazırdı:
Qəddarlıq edə rəiyyətinə valiyi-əyalət,
Dünyada və axirətdə nə zillət, nə rəzalət.
Avropada kapitalizmin sürətlə inkişafı onun iqtisadi yüksəlişi ilə yanaşı, siyasi gücünü də artırırdı. İnkişaf etmiş Avropanın Şərqə marağı onun bir sıra məqsədlərinin reallaşmasına xidmət göstərirdi. Osmanlı imperiyasını dağıtmaq və Şərqdə yeri müstəmləkələr əldə etmək Avropanın Şərq maraqları sırasında birinci yerdə dayanırdı. XIX əsrdən başlayaraq Avropanın Osmanlı dövlətinə siyasi və iqtisadi baxımdan təzyiq və təsiri güclənməyə başladı.
Tənzimat islahatı (1839) və Tənzimat fərmanından (1856) sonra Osmanlı dövlətinin siyasət və iqtisadiyyatında avropasayağı tənzimləmələrə geniş şərait yarandı. Avropasayağı tənzimləmələrin uğurları ilə yanaşı, qüsurları da var idi. Lakin Tənzimatın mədəni və iqtisadi pərdəsi arxasında Avropanın siyasi məkri gizlənirdi. Avropadan gələn bütün siyasi ideyalara şübhəsiz yanaşan və onu Türkiyədə tətbiq etməyə çalışanlar əslində bu məkrlərin mahiyyətini dərk etmir, pərdə arxasında gizlənənləri görə bilmirdilər. Məhz bu cür qüvvələr Türkiyənin və ümumən Şərqin geriliyini İslam dini ilə bağlayır, Qərbə uyaraq milli-mənəvi dəyərlərimizə etinasızlıq göstərirdilər. Ziya Paşa əsərdə bu cür fikir sahiblərini tənqid edir, insanları kökə, milliliyə bağlanmağa səsləyirdi:
İslam imiş dövlətə pabəndi tərəqqi,
Əvvəl yox idi iş, bu rivayət yeni çıxdı.
Milliyyəti nisyan edərək hər işimizdə
Əfkari firəngə tabeiyyətyeni çıxdı.
Eyvah, bu oyunlarda bizlər yenə yandıq,
Zira ki, ziyan ortada, bilməm nə qazandıq.
“Ərzi-hal” Ziya Paşanın realist nəsr üslubunda yazdığı tərcümeyi-hal xarakterli əsəridir. Əsər 1867-ci ildə yazılır və Parisdə səfərdə olan Sultan Əbdüləzizə təqdim olunur. Əsərdə Osmanlı məmləkətinin bugünkü durumu ilə bağlı maraqlı fikirlər diqqəti cəlb edir. Bununla yanaşı, əsərdə Ziya Paşanın nəyə görə saraydan çıxarılması və Avropaya getməsi və s. tərcümeyi-hal xarakterli məlumatlar da yer alır.
Məktub şəklində yazılmış “Vərasəti səltənəti seniyə” (1868) əsəri daha çox “Vərasət məktubları” adı ilə tanınır. Əsər iki məktubdan ibarətdir. Avropada yazılmış bu məktublar Mustafa Fazil Paşanın hüquqlarını qorumaq məqsədi daşıyır. Şair guya məktubları Avropadan İstanbuldakı dostuna göndərir. Məqsəd Fazil Paşanın hüquqlarının müdafiəsi olsa da, Sultan Əbdülməcidin qardaşı Əbdüləzizi taxtdan uzaqlaşdırması və oğlu V.Muradı vəliəhd təyin etməsi məsələsi də əsərdə yer alır.
Yaradıcılığının dərinliklərinə endikcə oxucu Ziya Paşanı gah nəsihətçi, gah kinayəçi, gah da zəmanə ittihamçısı kimi görür. Təxmini ardıcıllığı izləsək, görərik ki, Ziya Paşa nəsihətçiliyi son anda qəzəbə, etiraza, barışmazlığa çevrilir.
Bir yerdə ki, yox nəğməni təqdir edəcək guş,
Təzyiyi-nəfəs eyləmə, təbdili məqam et.
Arvad kimi məğlubi-həva olma, ər ol, ər!
Nəfsin səni ram etməyə, sən nəfsini ram et.
Göründüyü kimi, Ziya Paşa hər bir şəxsin cəmiyyətdə özünün yerini bilməyə, mövqeyini müəyyənləşdirməyə səsləyir. Lakin onu da qeyd edək ki, Ziya Paşa sarayda olduqca ziddiyyətli bir siyasi burulğanlar şəraitində yaşayıb, müəyyən qrup saray rəsmiləri ilə qarşılaşıb, nəticədə qarşı tərəfin güclü təzyiqləri ilə saraydan uzaqlaşdırılıb. Maraqlı faktdır ki, o, sədrəzəm kimi dövlətdə böyük bir postu tutmaq arzusunda olsa da, istəyinə çata bilməyib. Təbii olaraq, bu proseslərin də onun yaradıcılığının siyasi və ideoloji xüsusiyyətlərinin artmasına təsiri az olmayıb.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -