Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezidentin çıxışı ölkənin bütün sahələrindəki prosesləri əhatə etdi”

10.10.18, 10:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Məmmədov: “Həmçinin qarşıda duran məsələlərin icrası ilə bağlı göstərişlərini verdi”

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bir çox məsələlərə toxunub.
Millət vəkilləri dövlət başçısının verdiyi mesajları dəyərləndiriblər.
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı ölkənin bütün sahələrindəki prosesləri əhatə etdi. Millət vəkili bildirib ki, dövlət başçısı həm iqtisadi, həm siyasi, həm də sosial sahələri əhatə edən məsələlərə toxundu, görülmüş işləri xüsusi vurğuladı: “Cənab Prezident, həmçinin qarşıda duran məsələlərin icrası ilə bağlı göstərişlərini verdi. Həmişə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev Azərbaycan üçün ən vacib məsələ olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikirlərini bildirdi, Azərbaycanın mövqeyini nümayiş etdirdi. Dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Cənab Prezident çıxışında Azərbaycan cəmiyyətini həmişə maraqlandıran məcburi köçkünlərin problemləri məsələsinə də diqqət yetirdi. Ölkə başçısı, əsasən, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı fikirlərini səsləndirdi və bildirdi ki, bu proses davam etdiriləcək. Prezident İlham Əliyev bu məsələyə sahibkarların da cəlb olunmasını diqqətə çatdırdı”.
E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi məsələlərinə də toxundu: "Cənab Prezident, kənd təsərrüfatının inkişafı ilə bağlı müxtəlif sahələri əhatə edən fikirlər səsləndirdi. Bu onu deməyə əsas verir ki, ölkə başçısının qarşıya qoyduğu uzunmüddətli inkişaf proqramları vaxtlı-vaxtında həyata keçirilir. Təbii ki, Azərbaycan iqtisadiyyatı təkcə neft-qaz amilindən asılı olmamalıdır. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi proqramı həyata keçirilir və bu istiqamətdə də kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda aqroparkların, texnoparkların yaradılması məsələsi diqqətə çatdırıldı, Azərbaycanın artıq kosmos ölkəsinə çevrildiyi, 3 peykimizin olduğu bildirildi".
Deputat deyib ki, Prezident İlham Əliyevin inkişafla yanaşı, bəzi sahələrdə problemlərin olması ilə bağlı tənqidi fikirləri də xüsusilə diqqət çəkdi: "Dövlət başçısı çıxışında Bakıda mənzil tikintisində baş verən neqativ hallar barədə danışdı və məcburi köçkünlər üçün mənzil tikintisi ilə bağlı müəyyən tənqidi fikirlər səsləndirdi. Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, həm məmurlar, həm də sahibkarlar fəaliyyətlərini düzgün qursunlar, əks halda qanun qarşısında cavab verəcəklər. Mənə elə gəlir ki, bu çıxışdan hər kəs nəticə çıxarmalıdır".
Millət vəkili Tahir Mirkişili isə vurğulayıb ki, Azərbaycanda həyata keçirilən iqtisadi və institusional islahatlar qısa müddətdə iqtisadi inkişafa və sosial təminata öz müsbət təsirini göstərməyə başlayıb. O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının bütün sektorlarında dinamik artım müşahidə olunur: “Artımla yanaşı, iqtisadiyyatın strukturunda böyük keyfiyyət dəyişiklikləri müşahidə olunmaqdadır ki, bu da islahatların əsas hədəflərindən biridir. Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillərə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan regional iqtisadi əhatə dairəsini getdikcə artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir. Belə ki, bu il istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsi, SOCAR Polymer zavodu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Azerspace-2" peyki kimi layihələr ölkəmizə böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, Azərbaycanın təsir imkanlarını artırır, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaradır”.
Millət vəkili bildirib ki, 2018-ci ilin 9 ayının yekunları iqtisadi artımıb iqtisadiyyatın, demək olar, bütün sektorlarını əhatə etdiyini göstərdi:
"Belə ki, ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Bu da islahat ilində yaxşı nəticə sayılır. Xarici ticarət dövriyyəsinin 37 faiz, ixracın isə 37,3 faiz artması Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi bazarlarda mövqelərini möhkəmləndirməsindən xəbər verir. Sənaye istehsalında emal sənayesinin payının getdikcə artması ölkədə əlavə dəyər yaradan sahələrin inkişafına gətirib çıxaran keyfiyyət dəyişiklilərinin müsbət nəticələrindəndir. Bu ilin 9 ayı nəticəsində əhali tərəfindən istehlak olunan ərzaq məhsulları, içki və tütün məhsullarının 80%-nin yerli istehsal hesabına təmin edilməsi iqtisadi təhlükəsizliyimiz üçün çox mühüm nəticədir. Əhalinin gəlirlərinin inflyasiyanı 7% üstələməsi isə insanların rifah halının yaxşılaşmasının göstəricisidir. 2018-ci ilin 9 ayı ərzində 85 000 yeni iş yerinin açılması məşğulluq səviyyəsini daha da artırıb".
T.Mirkişili deyib ki, ümumilikdə son 9 ay ərzində dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib:
"Məhz bu uğurlu mövqe iqtisadiyyatı daha da dinamik inkişaf etdirməyə, islahatları daha da əhatəli aparmağa imkan verir, ölkəyə yeni texnogiyaların cəlb edilməsi ilə insan kapitalı inkişaf edir və bütün bunların nəticəsi isə insanların rifah halının yaxşılaşmasında, onların təhlükəsiz yaşamasında öz əksini tapır və tapacaq. Dövlət başçısı qarşıda duran əsas vəzifələri də müəyyən edərək, məhsuldarlığın, şəffaflığın, xarici bazarlara çıxısın artırılmasını, elmi yanaşmanın və müasir texnologiylarının tətbiqini bir daha önə çəkdi".
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev isə söyləyib ki, Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında Azərbaycan Prezidentinin çıxışları bir daha göstərdi ki, ölkəmizin iqtisadiyyatı uğurla inkişaf edir, dövlətimizin sosial-iqtisadi strategiyası düzgündür: “Dünyada uzun illərdir davam edən maliyyə iqtisadi, hərbi siyasi böhrana baxmayaraq, Azərbaycan sabitlik adası kimi inkişaf edir”.
Azərbaycanın iqtisadi uğurlarının düzgün iqtisadi və balanslaşdırılmış beynəlxalq siyasətin nəticəsi olduğunu deyən deputat bildirib ki, Azərbaycanda istər neft, istərsə də qeyri-neft sektoru tarazlı şəkildə uğurla inkişaf edir. Millət vəkilinin sözlərinə görə, artıq bizim ümummilli gəlirlərimizin 70 faizindən çoxunun qeyri-neft sektorundan formalaşması sevindirici haldır: "Cənab prezidentin ötən gün keçirilən müşavirədə çıxışında vurğuladığı kimi bu ilin ən böyük uğurlarından biri "Azərspace 2" telekommunikasiya peykinin kosmosa göndərilməsi və ölkəmizin kosmos dövlətləri klubundan öz yeri və nüfuzunu daha da artırılmasıdır. Bu, həm böyük kommersiya və biznes layihəsi, həm də Azərbaycanın elmi intellektual və dövlətçilik uğurunun bir nümunəsidir. Cənab prezident söylədi ki, Azərbaycanda qeyri-neft sektoru, xüsusilə də kənd təsərrüfatı, turizm informasiya kommunikasiya, nəqliyyat sektoru uğurla inkişaf edir və iqtisadiyyatımıza öz yeni töhfələrini verməkdədir. Bununla yanaşı cənab prezident söylədi ki, iqtisadiyyatın güclənməsi, əhalinin sosial rifah halının da getdikcə artmasına, əhalinin pul gəlirlərinin inflyasiyaya nisbətən yüksəlməsinə və vətəndaşlarımızın layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir ".
Azərbaycan Prezidentinin çıxışı zamanı ölkəmizdə yeni iş yerlərinin açılması ilə bağlı fikirlərinə toxunan M.Quliyev söyləyib ki, cari ilin 9 ay ərzində 80 mindən çox yeni iş yerləri açılıb ki, onlardan da çoxu daimi və yüksək maaşlı iş yerləridir: "Xüsusilə kənd yerlərində əhalinin məşğulluğunun, ən çox da qadınların məşğulluğunun təmin olunması sahəsində son illərdə aparılan tədbirlər öz müsbət nəticəsini verib. Pambıqçılığın, baramaçılığın, tütünçülüyün, zeytunçuluğun inkişafı, fındıq bağlarının salınması Azərbaycanda həm kəndin gəlirlərinin, əhalinin məşğulluğunun artırılması ilə yanaşı, ölkə iqtisadiyyatına öz töhfələrini verir və müsbət təsirini göstərir".
Deputat vurğulayıb ki, Prezident çıxışında əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu il bütün layihələr davam etdirilib, gələn il də dövlət büdcəsində sosial yönümlü xərclərin məbləği artırılacaq və sosial yönümlü bütün layihələr həyata keçiriləcək: "Bu bir daha göstərir ki, Azərbaycan Prezidentinin daxili siyasətinin mərkəzində Azərbaycan vətəndaşına qayğı, onların maraqlarının təmin olunması və sosial rifahının yüksəlməsi dayanır".
Sosial sahədə islahatların uğurla davam etdirildiyini deyən M.Quliyev deyib ki, bu islahatların da ən aparıcı hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsidir: "Bu məqsədlə süründürməçilik, rüşvətxorluq, bürokratiya və digər mənfi halların aradan qaldırılması üçün DOST mərkəzlərinin yaradılması artıq innovativ yanaşmadır, yeni texnologiyalarının tətbiqi nəticəsində vətəndaş-məmur kontaktının minimuma endirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edən bir layihədir. Bu layihənin həyata keçirilməsi artıq sosial xidmətlər, müdafiə sahəsində "Asan xidmət" modelinin yeni modelinin qurulması deməkdir. DOST mərkəzlərinin yaradılması ilə Azərbaycan vətəndaşının istər məşğulluq, istər reabilitasiya, tibbi bərpa, müavinət və pensiyaların alınması, ünvanlı sosial yardım və digər sosial yardım proqramlarına cəlb olunması məsələsi bir pəncərədən, eyni anda heç bir mənfi hallarla üzləşmədən ən yüksək xidmət mədəniyyəti göstərməklə həyata keçiriləcək. Bu da dövlətin, cənab prezidentin vətəndaşlara olan qayğısının yeni töhfəsi olacaq".

Bu xəbər oxundu
- - -