Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ Azərbaycan ərazisidir

10.10.18, 12:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir



Bundestaqın sağçı radikal AFD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərib və sorğuda, həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.
Almaniya mediası xəbər verir ki, AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımır". Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.
Eyni zamanda, sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" cavabını verib.
Ekspertlər Almaniya hökumətinin bu addımını dəyərləndiriblər.
Deputat Aydın Mirzəzadə bildirib ki, bu, çox maraqlı xəbərdir: “O baxımdan ki, Almaniya Avropanın və dünyanın aparıcı ölkələrindən biri olsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə hökumət səviyyəsində çox az hallarda diqqət edilib”. O qeyd edib ki, indi isə parlament fraksiyalarından birinin hökumətə sorğusunda Dağlıq Qarabağ məsələsini qaldırması artıq bu problemin Almaniya siyasi həyatında da maraq doğurduğunu göstərir: “Ən vacibi isə Almaniya hökumətinin bu məsələdə ona hörmət gətirəcək cavabıdır. Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, işğal olunmuş torpaqlarımız məsələsinə toxunması bu məsələdə Almaniya hökumətinin prinsipial mövqeyini göstərir”.
A.Mirzəzadə qeyd edib ki, ölkənin federal kansleri Angela Merkelin bir müddət əvvəl Azərbaycana səfər etməsi, səfər zamanı Azərbaycan-Almaniya münasibətlərinin bütün sahələrinin geniş müzakirə edilməsi də bu məsələdə böyük rol oynayır: “Xanım Merkel Bakıda keçirilən mətbuat konfransında bildirdi ki, o, Dağlıq Qarabağ münaqişəsinə dair daha müfəssəl məlumat əldə etdi. Görünür, Almaniyanın əvvəllər bu məsələyə çox da diqqət yetirməməsi sadəcə, məlumatsızlıqdan irəli gəlib. Ancaq Almaniyanın rəhbəri səfər zamanı torpaqlarımızın işğal olunduğuna, 1,2 milyon məcburi köçkünümüzün olmasına, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmamasına dair çox ciddi faktlarla tanış ola bildi. Almaniyadan gələn bu xəbər özü göstərir ki, Azərbaycanın ağrılı ümummilli məsələsi dünyada daha çox yayılmağa və hökumətlər tərəfindən dəstəklənməyə başlayır”.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin rəhbəri Fuad Hüseynzadə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün prioritetdir. Onun sözlərinə görə, prezident İlham Əliyev əksər yerli və beynəlxalq tədbirlərdəki çıxışlarında bu məsələni xüsusi qabardır: “Hazırda dünya birliyinə, ictimaiyyətinə Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqları olduğu çatdırırılır. Bu məsələ sübutlarla dünya birliyinə yayılır. Bu istiqamətdə elmi əsərlər, kitablar yazılır. Məhz bunun nəticəsidir ki, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycan torpaqları olaraq tanıyır. Almaniya hökumətinin də Dağlıq Qarabağ və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab etməsi qeyd olunun istiqamətdə görülən işlərin nəticəsidir. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi beynəlxalq münaqişə hesab olunur. Bu gün danışıqların gedişində Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir. Eyni zamanda, mövcud status-kvo vəziyyətini saxlamaqda maraqlıdır. Xüsusən Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi mənfi haldır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir. Və bunu da bir çox dövlətlər, o cümlədən AFR hökuməti çox yaxşı anlayır”.
Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırıb ki, Azərbaycanın Avropa dövlətləri ilə yüksələn xətt üzrə davam edən siyasi əməkdaşlığı ölkəmizin bütün siyasi spektrları üzrə dəstəklənməsinə səbəb olur: “Bu gün ölkəmiz Cənubi Qafqazda Avropanın xüsusi ilə Almaniyanın iqtisadi və siyasi tərəfdaşıdır. Çünki, Azərbaycanın iqtisadi potensialı və enrerji siyasəti Avropa ilə yaxınlaşma siyasətində mühüm rol oynayır. Bu gün Ermənistanın Avropa , xüsusi ilə Almaniya ilə demək olar ki, iqtisadi və siyasi əməkdaşlığı Azərbaycanın fonunda çox cüzidir. Çünki, bu ölkənin işğalçılıq siyasəti 25 ildən artıq davam edən iqtisadi blokada ilə nəticələnib. Həmçinin heç bir iqtisadi resursu olmayan bu ölkənin Avropanın maraq dairəsində olmamasına səbəb olub. Blokadada olan ölkə heç vaxt digər ölklələrin iqtisadi maraq dairəsində olmur. Dünyada siyasi əməkdaşlığın əsası iqtisadi əlaqələrin səviyyəsindən asılıdır. Ermənistanın da belə bir iqtisadi imkanları olmadığı üçün Almaniya kimi bir ölkə ilə münasibətlərinin yüksək səviyyədə olması mümükün deyil. Qeyd edim ki, Almaniya daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, hətta kansler Angela Merkel münaqişənin həlli istiqamətində obyektiv mövqe tutub. Almaniyada bəzi kiçik erməni dairələrinin bu ölkədə provakasiya xarakterli sorğusu göstərdi ki, Almaniya rəsmi şəkildə konkret olaraq dövlətlərin ərazi bütövlüyünü rəhbər tutaraq 7 rayon daxil olmaqla münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olmasını bir daha bəyan etdi. Hesab edirəm ki, Almaniya ölkəmizin ərazi bütövlüyünü təkcə siyasi bəyanatla deyil, həmçinin münaqişənin real və ədalətli həllinə səy göstərə bilər”.
Analitik-icmalçı Ehtiram Aşırlı deyir ki, Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvar tarixində tanıyıb: “İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin 20 fevral tarixində qurulub. Almaniya Azərbaycanın müstəqiliyini tanıyan ilk Qərb ölkələrindən biri olmasına baxmayaraq, sonradan münasibətlərdə müəyyən durğunluq yaranmış, o zamankı hökumətin beynəlxalq münasibətlərdəki yeni reallığı nəzərə almadan atdığı addımlar Bakı-Berlin arasında təzə-təzə formalaşan həssas siyasi-diplomatik münasibətlərə neqativ təsir göstərmişdi. Lakin 1993-cü ildən sonra Almaniya-Azərbaycan əlaqələrində yeni səhifə açıldı. Heydər Əliyevin prezident seçilməsindən sonra, 1993 və 1996-cı illər ərzində Almaniya ilə siyasi-iqtisadi münasibətlər xeyli yaxşılaşdı".
O bildirib ki, Heydər Əliyevin 1995-ci ildə Almaniya prezidenti Roman Hersoqla, daha sonra kansler Helmut Kolla, 1996-cı ildə xarici işlər naziri Klaus Kinkellə olan görüşləri ölkələr arasındakı əlaqələrə olduqca müsbət təsir göstərdi: "Almaniya və Azərbaycan arasında reallaşdırılan ikitərəfli siyasi, mədəni və iqtisadi səfərlər ikili münasibətlərin daha da möhkəmlənməsində başlıca rol oynayıb".
Siyasi icmalçı qeyd edib ki, Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Heç bir ölkə nə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımayıb, nə də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətini dəstəkləməyib. Əlavə olaraq onu deyə bilərik ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana son rəsmi səfəri zamanı çıxışında Almaniya bu münaqişənin həllində maraqlıdır şəklində fikir bildirməsi ondan xəbər verir ki, Almaniya heç bir zaman seperatçı rejimi "müstəqil dövlət" kimi tanımayacaq.
E.Aşırlının sözlərinə görə, Ermənistan hakimiyyəti deyir ki, xalqların öz müqəddəratını həll etmək hüququ var, biz isə deyirik ki, dövlətin ərazi bütövlüyünü qoruması prinsipi var: "Bu iki prinsipin bir araya gətirilməsi ilə dövlət ərazi bötövlüyü çərçivəsində həmin ərazidə yaşayan əhaliyə yüksək hüquqlar verə bilər. Biz bunu qəbul edə bilərik, erməni tərəfi isə bunu qəbul etmir. Ancaq get-gedə biz münaqişənin həlli məsələsinə, qəbul olunan qərarlara və Minsk qrupunun həmsədrlərinin mövqelərinə baxsaq, onlar daha çox Azərbaycanın mövqelərini dəstəklədiklərini görərik. Bu istiqamətdə də proseslərin getdiyini söyləyə bilərik".


Əli

Bu xəbər oxundu
- - -