Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda XII Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb

11.10.18, 11:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Açılış mərasimində ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərginin dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirdiyini deyib. Nazirliyin son illər təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan Ceyhun Bayramov sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrinə aid istiqamətlərdə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Dörd il əvvəl məktəbəhazırlıq yaşına çatmış uşaqların təhsilə cəlbolunma səviyyəsi 25 faiz idisə, strategiyaya uyğun aparılan işlər nəticəsində ötən tədris ilində bu göstərici 65, cari tədris ilində isə 75 faiz olub. “Bu il 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan icma əsaslı təhsilə cəlb edilən uşaqların sayı 2 minə yaxın olub”, - deyən nazir bu göstəricini yüksəltməyin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb.
Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən nazir Ceyhun Bayramov diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha çox bal toplayan məzunlardan 2090-ı müəllimlik peşəsini seçib.
“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. O bildirib ki, təhsilin inkişafına böyük töhfə verən sərgiyə son illər gələn iştirakçıların sayı 7-8 min olub. Ayrı-ayrı ölkələri təmsil edən şirkətlər xaricdə təhsil proqramları, müasir texnologiyalar və sinif otaqları üçün lazım olan müxtəlif avadanlıq təqdim edirlər.
Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış edib, iştirakçılar sərgi ilə tanış olublar. Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgiyə gələnlərə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir. Beynəlxalq sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.
“Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. XII beynəlxalq təhsil sərgisi üç gün davam edəcək.

Bu xəbər oxundu
- - -