Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Aşıq Cəlalın sənət yolu

12.10.18, 11:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Azərbaycan aşıq sənəti xalqımızın özünəməxsus, bənzərsiz yaradıcılığı olmaqla, bəşər mədəniyyətinin də üzağlığı sayıla bilən mənəvi sərvətdir. Ümumtürk ozan-aşıq sənətinin bu gün də yeni yaradıcılıq üfüqləri ilə diqqət çəkdiyi bir zamanda Azərbaycan aşıq sənəti durmadan inkişaf edir. Bu zəngin yaradıcılıq sahəsinin öyrənilməsi ilk növbədə xalq olaraq milli ruhumuzun, varlığımızın ardıcıl təsdiqi üçün gərəkdir. Başqa tərəfdən, qədimliyin soraqlarının qorunması, xalqların, bəşərin sabahında özünün insansevərliyi, mənəviyyatın yetkin, davamlı ifadəsi olması baxımından aşıq sənətimiz ana sazımız kimi həmişə bir kök üstədir.
Çağdaş yüksək texnologiyalı, sanki qarşısıalınmaz inkişaflı görünən zamanda yenə də insanın təbiiliyi, özüylə, təbiətlə bir olması, duyğularının əsilliyi, xəlqiliyindən güc alması qaçılmazdır. Ona görə ki, heç bir texnoloji inkişaf insanın ilahiliyini yarada bilmir, əksinə, onu özümlüyündən uzaq salır. Bu gün ilk növbədə insanı mənəvi cəhətdən yaşatmaqla bağlı çağırışların çox hallarda ümidsizliyə doğru getdiyi çağda Azərbaycanın mənəvi zənginliyinin sübutu olan aşıq sənətimiz gerçəkdən nəinki özümüzə, habelə dünyaya mənəvi məlhəm olaraq varlığını dəyanətlə qorumaqdadır. Azərbaycan aşıq sənətinin özülü hədsiz güclüdür ki, hər cür yad təsirlərə, basqılara baxmayaraq varlığını qoruyub saxlayıb.
Aşıq sənətimiz 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması Komitəsinin 4-cü sessiyasının yekun qərarına əsasən YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu qərarla Azərbaycan aşıq sənətinin mədəni irsin ən qədim nümunələrindən biri olduğu beynəlxalq səviyyədə yenidən təsdiqlənib. Aşıq sənəti özündə söz, musiqi və hərəkəti harmonik şəkildə birləşdirir, habelə çoxəsrlik zəngin tarixə malikdir. Yüzillərdir cilalanıb təkmilləşən aşıq sənəti zəngin ənənəyə malik olmaqla nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çıxıb, bu gün də xalqın ruhunu, zövqünü oxşamaqda, ifadə etməkdədir. Bununla Azərbaycan aşıq sənəti zəngin ruhanilik (insanilik) zirvəsindən nəinki insanların fərd-fərd mənəvi dünyasının qurulmasına yardımçı olur, üstəlik o göylükdən dövrün ictimai-siyasi həyatına da qırımlı münasibətini bildirir.
Aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi istəyi bu sənətin araşdırılmasını hər zaman aktuallaşdırır. Son zamanlarda aşıq sənəti ilə bağlı araşdırmaların artması da bununla bağlıdır. Xalqın həyatı ilə sıx bağlı olan bu sənət hər dövrdə zənginləşib, bu özüldə kamil sənət əsərləri yaranıb, bu günə kimi müxtəlif mərhələlərdən keçib. Şifahi mədəniyyət hadisəsi kimi aşıq sənəti xal¬qı¬mızın milli duyum və düşüncə tərzini, saz (musiqi)-söz birliyini, ustad-şəyird ilişgilərini (münasibətlərini) özündə qoruyaraq yaşadan, klas¬sik ənənəyə bağlı yaşam fəlsəfəsidir. Bu gün aşıq ədəbiyyatını öyrənməyin və onun çoxsahəli fəaliyyətini, zəngin repertuarını aşkarlamağın əsas yolu bu sənətin regional-mədəni və sosial mühit özünəməx¬sus¬luqlarına xüsusi diqqət yetirməklə mühitdə yetişmiş ustad aşıqların həyat yolunu və yaradıcılıqlarını fərdi olaraq araşdırıb elmi tədqiqata cəlb etməkdir.
Bu səbəbdən də düşünürük ki, Qazax aşıq mühitinin ustad aşıqlarından olan Aşıq Cəlal Qəhrəmanovun sənət yolunu və yaradıcılığının öyrənilməsi bu mühitin yaradıcılıq mənzərəsinin elmi baxımdan yaradılmasında mühüm rol oynayacaq. Aşıq yaradıcılığının regional və lokal kontekstdə öyrənilməsi folklorşünaslığın aktual problemləri olaraq qalmaqdadır. Elə bu səbəbdən də sənətkarların yaradıcılıqlarının fərdi şəkildə araşdırılması bütövlükdə Azərbaycan mədəni sisteminin mükəmməl öyrənilməsi üçün zəruridir.
Özünəməxsus ənənəsi, yaradıcılıq çalarları, tarixi inkişaf yolu olan Qazax aşıq mühiti Azərbaycan aşıq sənətində vacib qollardan biri olub, ustad aşıqların yaradıcılıqlarının öyrənilməsi öz aktuallığını qoruyur. Azərbaycan aşıq sənətinin inkişafında mühüm rolu olmuş Qazax aşıq mühitinin təşəkkül, təkamül və inkişaf dinamikası ilə bütövlükdə zəngin sənət ənənələrini nəsildən-nəslə ötürən ustad aşıqları vardır. Bu aşıqların yaradıcılığı müasir dövrümüzdə də diqqət çəkməkdədir. Zaman-zaman Qazax aşıq mühitində yaradıcılıqları, ideya-estetik, irfani-fəlsəfi və sənətkarlıq xüsusiyyətləri ilə bir-birindən fərqlənən ustad aşıqlar və el şairləri yetişib, bu gün də yetişməkdədir.
Aşıq Cəlal Qəhrəmanovun yaradıcılığının öyrənilməsi həm folklorun, həm də konkret olaraq aşıq ədəbiyyatının elmi mənzərəsini yaratmaq üçün vacibdir. Qazax aşıq mühiti ayrılıqda araşdırılsa da, XX yüzildə yaşayıb-yaratmış Qazax aşıqlarının fərdi yaradıcılığı indiyə qədər monoqrafik planda araşdırılmayıb. Bu baxımdan Aşıq Cəlal Qəhrəmanovun yaradıcılığına baxış tarixi inkişaf baxımından formalaşan özünəməxsus repertuarı, ustad-şəyird münasibəti, sənətkarlıq məsələləri, mövzu dairəsi, janr spesifikası və bütün bunların filoloji yöndən öyrənilməsi, monoqrafik səviyyədə araşdırılması zəruriyyətindən yaranıb. Bununla yanaşı Aşıq Cəlal Qəhrəmanovun özünəməxsus ifaçılıq yolu, yaratdığı havacatları və iki dastanı, məhəbbət və təbiət lirikası, klassik Vətən mövzulu şeirləri, dövrü və ustad-şəyird münasibətlərindəki rolunu araşdırmaq, ənənənin daşınması yollarında özünəməxsusluqlarını, fərqliliklərini tədqiq etmək araşdırmanın predmetini təşkil edir. Burada aşıq Cəlal Qəhrəmanovun sənətkarlıq xüsusiyyətləri, ustadı Aşıq Avdıdan, eləcə də dövrünün ustad aşıqlarından, Borçalı aşıq mühitinin ustad aşıqlarından bəhrələnməsi, mövzu-janr xüsusiyyətləri və dastan yaradıcılığının poetik xüsusiyyətləri təhlil edilir.
Qazax bölgəsinin ustad aşıqlarından biri olan Aşıq Cəlal Qəhrəmanovun yaradıcılığının ilk dəfə geniş araşdırılır. Aşıq Canallı Məmməd, Aşıq Məmmədyar Əminov, Mirzə Səməd, Çoban Əfqan, Misgin Əli, Aşıq Ədhəm Ərəbov, Şair Şeyda Əziz, Aşıq Məhəmməd Qocayev (Dərya Məhəmməd), Aşıq Avdı, Aşıq Bəhrəm, Aşıq Kərəm Nəsibov, Şair Hacı Qaracayev, şair Qulu Məşədiyev, şair-aşıq Temraz Novruzov, Aşıq Şəmistan Dərgahquliyev, Aşıq Zəkəriyyə Mehman, Aşıq Əli Bəşirov, Aşıq Ədalət Nəsibov, Aşıq Şadət Gülməmmədov (ustad aşıq 25 mart 2018-ci ildə 89 yaşında həyatdan gedib. Sinəsində neçə-neçə dastanlar, çoxlu şeirlər, qaravəllilər, nağıllar vardı. Onun yaradıcılığı və sənət yolu haqqında kitab nəşrə hazılanır - İ.Q.), Aşıq Yaqub Şıxlı və onlarla ustad aşıqların, el şairlərinin yaratdıqları sənət inciləri var. Bu mənada XX əsr Qazax aşıq mühitinin ustad aşıqlarının, el şairlərinin yaradıcılığının fərdi şəkildə mövzu və elmi yenilik baxımından tədqiq edilməsi gərəklidir. Aşıq Cəlal Məhəmməd oğlu Qəhrəmanovun yaradıcılığı indiyə qədər müstəqil tədqiqat mövzusu olmayıb və elmi dövriyyədən kənarda qalıb.
Aşıq Cəlal Qəhrəmanovun dövrü. Vaxtilə oymaq, sultanlıq, sonralar qəza mərkəzi olan Qazax mahalının qədim kəndlərindən biri də Gürcüstan və Ermənistanla həmsərhəd olan, qədim türk tayfalarından sayılan “İncu”ların məskunlaşdığı İncə dərəsidir. Qədimdə burada İncu-Aslanbəyli, Qamak-Qaymaqlı və Kimer-Kəmərli tayfaları yaşayıb ki, hazırda indiki üç kəndi əhatə edir. Bunlardan ən qədimi “İncu” tayfasıdır. Bu üç kəndin əhalisi etnoxronim kimi “incəlilər" adlanır. İncə dərəsi həm də Qazağın Ermənistanla sərhəd kəndlərindəndir.
Üç kəndi özündə birləşdirən İncə dərəsinin kəndlərindən biri də Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Kəmərli kəndidir. Bəzi mənbələrdən verilən məlumatlara görə kimmerlər tayfası ilə bağlı olan kimmerlər, yəni Kəmərlilər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşanlardır. Bu kəndlərin hamısının əhalisi Azərbaycan Türkləridir.
Qazax mahalının saf türk bölgələrindən olan, üç kəndi birləşdirən İncə dərəsinin kəndlərindən biri olan Kəmərli kəndi Qazağın ermənilərlə məsafə baxımdan ən yaxın kəndlərindəndir. Elə bu səbəbdəndir ki, zaman-zaman erməni təcavüzünə məruz qalıblar. Hər zaman torpaqlarımızı qorumaq uğrunda mübarizə aparıblar. Əhali sadə əməklə məşğul olur, əkinçilik və maldarlıqla dolanır. Kəndin əhalisi ta qədimdən Azərbaycan folklorunun, etnoqrafiyasının, mədəniyyətinin, ədəbiyyatının yaradıcısı və daşıyıcısı olub. Bu kəndin kişiləri ilə yanaşı qadınları da aşıq sənətini dərindən bilir, eləcə də folklorun müxtəlif sahələrinə böyük maraq göstərir. Kəmərlilər bütün bu dediklərimizi təbii şəkildə, ömrün ayrılmaz parçası, nəfəs kimi yaşamaqdadırlar.
Cəlal Qəhrəmanov 1928-ci ilin aprelin 28-də Qazax rayonunun Kəmərli kəndində müəllim ailəsində anadan olub. Uşaqlıq və gənclik illəri İkinci Dünya savaşı dövrünə təsadüf edib. Müharibə illəri aşıq Cəlalın da taleyində amansız izlərini qoyub. Belə ki, atası Məhəmməd müəllim savaşda iştirak etmək üçün gedib, nəticədə ailəsi başsız qalıb. Onun qara kağızı gələndən ailənin yükü Aşıq Cəlalın çiyinlərinə düşüb. Uşaqlığından məhrum olan, ata qayğısından məhrum olan Cəlal çətinliklərlə üz-üzə qalıb. Şeirlərində "Atamdan doymadım, gəzmədim qoşa", "Körpə ikən ümidimi itirdim", "Anam ilə ağır həyat keçirdim" - deməklə sanki, yaşadığı ağır günlərin tablosunu yaratmış olur. Bu mənzərədə acınacaqlı həyat yaşayan bir gəncin həyat hekayəsi əks olunur. Aşıq Cəlal müharibənin ağır günlərini "Yadında varmı" adlı lirik poemasında belə izah edir:

Sonra da başladı dava illəri,
Qəm-kədər çuğladı bütün elləri.
Ah-vaya döndərdi şad könülləri,
Hitlerin davası yadında varmı?

Körpəlik həyatı başa çatanda,
Uşaqlıq dövrümüz keçdi kotanda.
Boyunduruq üstdə hodaq yatanda,
Sırpıncın zopası yadında varmı?

Aşıq Cəlal bütün çətinliklərə baxmayaraq təhsilindən geri qalmayıb. Kəmərli kəndində məktəb olmadığı üçün ilk təhsilini kəndlərində məsciddə oxuyub, sonra isə təhsilini qonşu Qaymaqlı kəndində almalı olub. Orta təhsilini əla qiymətlərlə başa vurur. Humanitar fənlərə daha çox meyl edirmiş. Mütaliəni çox sevir, saza-sözə böyük maraq göstərirmiş.

İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -