Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cənubi Qafqaz regionunda hazırda ən güclü və peşəkar ordu Azərbaycandadır”

12.10.18, 12:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadə: “Ölkəmizin müdafiə qabiliyyətinin artırılmasında bundan sonra da islahatlar davam edəcək”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır: “Bununla yanaşı, əlbəttə ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib".
Politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin ölkənin sosial-iqtisadi vəziyyətinə həsr olunan iclasında Azərbaycan ordusu barədə qeyd etdikləri, ölkınin müdafiə imkanlarının yüksək səviyyədə olduğunun göstəricisidir: “Həqiqətən də bu gün ordumuz dünyanın ən güclü 50 ordusu arasında yer alıb. Cənubi Qafqaz regionunda hazırda ən güclü və peşəkar ordu Azərbaycandadır. Hesab edirəm ki, ölkəmizin müdafiə qabiliyyətinin artırılmasında bundan sonra da islahatlar davam edəcək. Qeyd edim ki, ölkəmizin dost və tərəfdaş ölkələrlə hərbi-texniki müqavilələri bu gün silah arsenalımızın yenilənməsinə səbəb olur. Bir məsələni qeyd edim ki, Qərb ölkələri məhz Qarabağ münaqişəsinə görə Azərbaycana silah embarqosu tətbiq etmişdi. Hazırda Fransa, Çexiya və Slovakiya ölkəmizə bu embarqonu aradan qaldırıb. Müasir silahların ixracını özündə ehtiva edən müqavilələr ölkəmizlə imzalanıb. Sirr deyil ki, Fransa Ermənistanla daima sıx siyasi əlaqələrə malikdir. Bu gün Fransanın ordumuzun silahlanmasında yer alması göstərir ki, Azərbaycan artıq regional gücdü. Bu embarqo nəinki Azərbaycana silah ixracını azaltdı, yerli istehsalın inkişafına təkan verdi. Bəli, qürurla qeyd etməliyik ki, yerli istehsal olan silahlarımız dünyanın silah sərgilərində nümayiş olunur. Ölkəmiz hazırda silah idxalçısından silah ixracatçısına çevrilib. Bu onu göstərir ki, müdafiə imkanlarımız, ordumuzun müasir raket və aviasiyamızın inkişafı dövlətin əsas pioritetlərindəndir”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib ki, Azərbaycan müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ən müasir hərbi texnikaları almaqdan çəkinməyəcək.
A.Quliyev bildirib ki, 9 ayda Azərbaycanın hərtərəfli inkişaf göstəricilərini Prezident İlham Əliyevin təqdimatından daha dolğun ifadə etmək mümkün deyil: “İqtisadi, siyasi, sosial, biznes sferaları və xarici siyasətə aid Prezidentin fikirlərini ayrı-ayrı təhlil edəndə daha konkret məqamlara çıxmaq mümkündür. Məsələn, cənab Prezident silah və hərbi texnika alışını nəzərdə tutaraq bildirdi ki, “bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik, bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır... Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq”.
Ekspert vurğulayıb ki, dövlət başçısı bu fikirlərlə çox əsaslı mahiyyətləri ortaya qoydu: “Heç bir şübhə yeri qalmır ki, Azərbaycan məruz qaldığı təcavüzü aradan qaldırmaq üçün özünün təbii haqqı olan silahlanmanı bundan sonra da davam etdirəcək. Nümayiş etdirilir ki, müdafiə potensialını davamlı şəkildə gücləndirmək üçün ölkənin yetərli iqtisadi-maliyyə gücü var, hətta ən müasir və təbii ki, ən bahalı hərbi texnikaları almaqdan çəkinməyəcək. Cənab Prezident hər kəsə aydın mesaj verdi ki, müdafiə qüdrətini gücləndirməyə imkan verən iqtisadiyyatın da dinamik artımı durmadan davam edəcək. Müasir hərbi texnika alışının dövlətlər arasında seçmə üsulla davam etdiriləcəyi barədə cənab
Prezidentin bəyanatındakı ən böyük məntiq Azərbaycanın mühum diplomatik qələbələrindən birini özündə əks etdirməsidir. Belə ki, bir vaxtlar dünya Qarabağ münaqişəsində Azərbaycanın və Ermənistanın statuslarını ziyanlı şəkildə eyniləşdirmişdi, bu səbəbdən hər ikisinə silah satışı məhdudlaşdırılmışdı. Azərbaycanın ətrafında düşmənlər əsl hərbi blokada mühiti yaratmışdılar”.
Ekspert əlavə edib ki, əgər bu gün ölkəmiz dövlətlər arasında seçim üsulu ilə ən müasir hərbi texnika almaq imkanına malikdirsə, deməli, hərbi blokada rejimi tam dağıdılıb, Azərbaycan Qarabağ probleminin əsl mahiyyətini dünyaya tanıdıb: “Dünya Dağlıq Qarabağ münaqişəsində Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalmış tərəf olduğuna əmin olub, Azərbaycanın özünü müdafiə naminə silahlanma haqqına malik olduğunu qəbul edib. Bu, Azərbaycanın dünya miqyasında Ermənistan üzərində şəksiz diplomatik üstünlük qazandığı məqamlardan biridir. Cənab Prezident çoxşaxəli xarici siyasətin nəticəsi olaraq məhz bu böyük diplomatik uğurun əldə edildiyini və ölkənin hərbi imkanlarının gücləndirildiyini dolğun şəkildə ifadə etdi”.
Şair Ramaldanov bildirib ki, ordumuzun dünyanın ən güclü ordular sırasına gəlib çıxması dövlətin və silahlı qüvvələrin Ali Baş Komandanının əməyinin və səyinin nəticəsidir: “Ümumiyyətlə, bu gün bizim ordumuzun nəyə qadir olduğunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı, cənab prezident İlham Əliyev dəfələrlə vurğulayıb. Bütün müşavirələrdə ordumuzun göstəricisi cənab prezident tərəfindən yüksək qiymətləndirilib. Hərbi sahə, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təchizatının günbəgün yaxşılaşdırılması ilə bağlı məsələlər Ali Baş Komandanın birbaşa nəzarətində, diqqəti altında olan məsələdir. Ölkə başçısının ordu ilə bağlı səsləndirdiyi yüksək fikirlərə qüvvət olaraq demək istəyirəm ki, son bir neçə ay ərzində Azərbaycan Ordusunun keçirdiyi iki hərbi parad dövlətimizin gücünün, qüdrətinin göstəricisi idi. Bizim gücümüz dünyaya və xalqımıza əyani şəkildə göstərildi. Paraddan sonra 20 mindən yuxarı şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirildi. Hazırda hər bir dövlətin bu miqyasda hərbi təlimlər keçirmək imkanı yoxdur. Sizə maraqlı bir faktı deyim, bu yaxınlarda bizim ordumuzun bölmələrindən birində tabur səviyyəsində təlimlər keçirilmişdi. Düşmənlərimiz həmin təlimləri elə qələmə vermişdi ki, guya böyük sayda şəxsi heyətin iştirakı ilə keçirilmişdi, qorxuya düşmüşdülər. Halbuki, bir taburda maksimum 400-500 nəfər iştirak edə bilər”.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib ki, öz hərbi qüdrətini ardıcıl olaraq artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır: “Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib.
Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Həmin arsenalın bir hissəsi Azərbaycan Pespublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 26-da keçirilən hərbi parad zamanı fəxrlə nümayiş etdirildi. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələr Ordumuzun imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hərbi təyinatlı məhsulların satışı üzrə müqavilələri ilbəil artır.
Bu il Bakıda iki dəfə möhtəşəm hərbi paradın keçirilməsi sadəcə Azərbaycanın hərbi imkanlarının təqdimatı olmadı, bu həm də xalqımızın müdafiə potensialının, gücünün nümayiş etdirilməsi ilə düşmənə ötürülən ən təsirli mesaj idi. Azərbaycan Pespublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: "Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir".

Əli

Bu xəbər oxundu
- - -