Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il AMEA-nın Naxçıvan Bölməsi üzrə 608 elmi əsəri nəşr edilib

12.10.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AMEA-nın Naxçıvan Bölməsinin 2018-ci ilin doqquz ayının yekunlarına həsr olunan iclası keçirilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Daha sonra bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov cari ilin tədqiqat dövründə həyata keçirilən işlərin yekunlarına dair hesabatla çıxış edib. Bildirib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələr layiqincə yerinə yetirilib.
O.Bağırov qeyd edib ki, 2018-ci ilin 9 ayı ərzində bölmə əməkdaşlarının 16 monoqrafiyası, 10 kitabı, 4 kitabçası, 415 elmi məqaləsi, 158 konfrans materialı, 5 tezisi olmaqla 608 elmi əsəri nəşr edilib. 127 əsər xaricdə işıq üzü görüb ki, onlardan impakt faktorlu jurnallarda dərc olunan elmi məqalələrin sayı 22-dir. O.Bağırov hesabat dövründə bölmənin “Xəbərlər”, “Axtarışlar” jurnallarının üç nömrəsinin çapdan çıxdığını, eləcə də qurum əməkdaşlarının “Naxçıvan” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan xüsusi nömrələrinin nəşrində iştirak etdiyini deyib. Eyni zamanda “Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanaraq çapa təqdim olunduğunu söyləyib.
Məruzəçi bölmənin Təbii ehtiyatlar laboratoriyasında hazırlanan müalicəvi əhəmiyyətli “Şorsu” palçığı haqqında da məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələr uğurla yerinə yetirilib, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib.
Tədbirdə, həmçinin qeyd olunub ki, bölmənin əməkdaşları Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası, Türkiyənin İstanbul, Bitlis-Ərən, Ərzurum, Sakarya, İğdır universitetləri, İranın Tehran Şəhid Beşişdi, Təbriz Dövlət universitetləri, Təbriz Milli Kitabxanası, Krım Astrоfizika Rəsədxanası və Rusiya Federasiyasının Moskva Dövlət, Tomsk universitetləri, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alimləri ilə sıx elmi əlaqələrdə olub. Hesabat dövründə 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 1-i beynəlxalq olmaqla 2 qrant layihəsinin icrası isə hazırda davam etdirilir. Bundan əlavə, Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etmək məqsədilə bölmədə tədqiqat qrupu yaradılıb, abidə haqqında üç dildə (Azərbaycan, ingilis və rus dillərində) “Qarabağlar Türbə Kompleksi” adlı kitab hazırlanıb.
AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova və Fərəh Heydərovanın müəllifi olduğu “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna, Fizzə Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına və Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü diplomuna layiq görülüb.
O.Bağırovun məruzəsi dinlənildikdən sonunda müzakirələr aparılıb. Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab edib, hesabatın qəbul olunmasını təklif ediblər.

Bu xəbər oxundu
- - -