Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Aşıq Cəlalın sənət yolu

15.10.18, 10:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Hər bir sənətkarın sənət yolunu və yaradıcılığını hərtərəfli araşdırmaq üçün öncə onun yaşadığı dövrü və yetişdiyi mühiti nəzərdən keçirmək gərəkdir. Bu mənada Aşıq Cəlal Qəhrəmanovu yetişdirən mühitin və yaşadığı dövrün araşdırılması zəruridir. Milli-etnik mədəniyyətimizin əsas qaynağı olan folklorumuz əcdadlarımızın bizlərə miras qoyub getdiyi tükənməz mənəvi sərvətimizdir. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında hər bir bölgəmizin özünəməxsus tarixi rolu olub. Qazax mahalı da bu sarıdan diqqəti xüsusi cəlb edir. Şübhəsiz, hər bir ərazinin, xalqın minillərin o üzündən yol alıb gələn qədim tarixi barədə ilkin bilgilər öncə mifik təfəkkürdə, bu təfəkkürün bədiiləşdirilmiş formaları olan əfsanə, rəvayət, dastan və s.-də yer alıb, zamanlar keçdikcə təbii olaraq müəyyən dəyişikliklərə uğrayıb, yeni məna və məzmun çaları qazanaraq dövrümüzə qədər gəlib çatıb.
Hər bir xalqın qeyri-maddi mədəniyyətinin, etnik-mədəni dünyasının, mənəviyyatının qaynağı, təməl nöqtəsi onun folklorudur. Hər bir xalqın folkloru özünəməxsusluqla yoğrulduğu kimi, hər bir bölgənin də folklor xəritəsində ayrıca diqqəti çəkən folklor hadisələri var.
Qazax mahalı Azərbaycanın zəngin folklor örnəklərinin yaşadıldığı, özünəməxsusluğu ilə seçilən bölgələrimizdəndir. Bu, özünü daha çox zirvə səviyyəsində aşıq sənətinin zənginliyində göstərir. Ayrıca olaraq son onillərdə araya-ərsəyə gələn aşıq sənəti, xalq şeiri haqqında yazılan monoqrafiyalar, kitablar da bu sənətin zənginliyi, mahiyyətcə tükənməzliyi ilə bağlıdır.
Bu el etnik mənsubluğu etibarilə həm başdan-başa türklük duyğusunu yaşatması, inkişaf etdirməsi, başlıcası, saza-sözə bağlılığı ilə fərqlənir. Ümumiyyətlə, saz - türkün həmişə mənəvi yolgöstərəni olub. Türk ruhundan yaranan aşıq sənəti bu gün də Türkü yaşatmaqdadır. İnanırıq, sabah da belə olacaq.
Folklor ənənələrimiz də sübut edir ki, bu bölgənin folklor örnəkləri, adət-ənənələri folklorun bir hissəsi kimi zaman-zaman ümumən xalqın inkişafinda və soy-kökünün, habelə milli adət-ənənəsinin qorunub saxlanmasında, eləcə də çağdaş dövrümüzə qədər gəlib çıxmasında mühüm rol oynayıb. O deməkdir ki, burada müəyyən bölgəvi keyfiyyət kimi təqdim olunan hadisə xəlqiliyi təsdiq etdiyi üçün o, ilk növbədə milli çalarlığını təsdiq edir.
Qazax folklor mühitinin bütün aspektləri ilə yanaşı aşıq yaradıcılığının tədqiqi də mühüm önəm daşıyır. Bu bölgənin aşıq mühitinin örnəkləri ümumən Azərbaycan aşıq sənətinin tərkib hissəsi olmaqla yanaşı, özünəməxsus regional spesifik xüsusiyyətləri ilə seçilir. Aşıq Cəlal məhz belə bir mühitdə yetişməklə ustadlıq zirvəsinə yüksələ bilib.
Bu səbəbdəndir ki, Aşıq Cəlalın yaradıcılığı, xalqdan topladığı, sinəsində yaşatdığı folklor materialları saflığı və ilkinliyi ilə daim diqqət mərkəzində olub. Əslində onun ilk ustadı elə onun yetişdiyi sazlı-sözlü mühit olub. Bu da təbiidir. "Aşıq gördüyünü çağırar" məsələ elə-belə yaranmayıb. "Gördüyünü çağırmaq" ilk növbədə dərin, fitri müşahidəçiliklə, başlıcası, folklorlaşmaqla bağlıdır. Xalq ruhunu özününkü bilən, onunla nəfəs alan, yaradıcılığının mayasını bundan tutan aşıq şübhəsiz, ciddi bir mənəvi bulaqdan su içdiyi üçün həmişə özünü ruhən güclü sayır. Bu bölgənin ruhunun cilalanmasında saz qədər yaxından iştirak edən, insalarının ruhunu cilalayan bir mənəvi qüdrət soraqçısı yoxdur. Sazın ruhundan yarananı saz həmişə yaşadır.

***

Aşıq sənəti keçmişdən günümüzə qədər məclislərdə, kənd toylarında, kənd evlərində inkişaf etmişdir. Ustad-şəyird ənənəsi içərisində yetişən bir şəyird, ustadının evində, kənd toylarında, evlərdə təşkil edilmiş məclislərdə, aşıq çayxanalarında və bəzən uzaqdan seyr edən şəyirdlər də vardır ki, onların ustadı məhz bu ortam olub. Aşıq Cəlal da belə bir ortamda-ustad Aşıq Avdının məclislərində yetişərək sonradan ustad aşıq Avdıya qulluq edib.
Məlumdur ki, Qazax mahalı Gəncəbasar aşıq mühitinin tərkib hissəsinə daxil edilib. Nəzərə alsaq ki, bu mahalın zəngin folklor nümunələri, coğrafı baxımdan iki - Göyçə və Borçalı aşıq mühitlərinin qarışımı ilə formalaşıb, onda Qazax aşıqlarının yaradıcılığında, ifa tərzində bu iki mühitin qarışımı ilə qarşılaşmış olarıq. Təbii ki, "Aşıqlıq sənətini seçənlər bütün varlıqları ilə ömürlərini saza-sözə həsr edərək həm ustadların yaradıcılıq sirlərini öyrənməyə çalışmış, həm də də¬yərli əsərlər yaradıblar".
Ayrı-ayrı sənətkarların yaradıcılığının fərdi şəkildə tədqiqi bütövlükdə Azərbaycan mədəni sisteminin mükəmməl öyrənilməsi üçün zəruri şərtdir. Bu baxımdan Aşıq Cəlalın yaradıcılığının öyrənilməsi də həm folklorumuzun, həm də konkret olaraq aşıq ədəbiyyatının gerçək elmi mənzərəsini yaradıb, gələcək nəsillərə ötürmək üçün vacibdir. Qazax mahalı deyəndə ilk növbədə saz yada düşür. Daha dəqiq desək, Canallı Məmməd, Mirzə Səməd, Məmmədyar Eminov, Çoban Əfqan, Aşıq Avdı, Dərya Məhəmməd, Aşıq Cəlal, Ədalət Nəsibovun Qara sazı, Vaqifin, Vidadinin, Vurğunun, Osman Sarıvəllinin diyarı kimi tanınan bu diyar həm də sazın-sözün beşiyi sayılır. Mayası sazdan-sözdən tutulan, saz havasına, söz müdrikliyinə güvənən Qazaxda bədii-estetik fikrin qaynaqları cilalanıb büllürlaşan müqəddəs xalq inamlarından, bayramlardan, adət-ənənələrdən, zəngin folklordan cılalanaraq günümüzə qədər gəlib çıxıb.
Burada yeri gəlmişkən demək lazımdır ki, aşıq mühitləri barədə yazan Məmmədhüseyn Təhma¬si¬b, Hənəfi Zeynallı, Salman Mümtaz, Əmin Abid, Mürsəl Həkimov, Azad Nəbiyev, Məhərrəm Qasımlı, Qara Namazov, Vaqif Vəliyev, Əminə Eldarova, Elxan Məmmədli, Nizami Xəlilov və b. bir-biri ilə uyğun gəlməyən fikirlər söyləsələr də, Qazax aşıq mühiti haqqında, mühitin formalaşmasında əməyi olan ustad aşıqların yaradıcılıqları haqqında elə bir tutarlı fikir deməyiblər. Demək olar ki, indiyə qədər Qazax aşıq mühitinin ustad aşıqlarından Mirzə Səmədin, Ədhəm Ərəbovun, Aşıq Ağköynək Məmmədyarın, Aşıq Avdının, Aşıq Məhəmmədin (Dərya Məhəmmədin), son dövrlərdə isə Aşıq Ədalət Nəsibovun sadəcə adları çəkilb, haqlarında demək olar, çox az yazılıb. Halbuki Qazax aşıq mühitinin ustad aşıqları, el şairləri var ki, Azərbaycan aşıq sənətində, sənətin inkişafında əvəzsiz xidmətləri olub.
Aşıq Cəlal Qəhrəmanov da belə aşıqlardan biridir. İndiyə qədər heç bir tədqiqatçı aşıq Cəlalın sənətkarlığı haqqında yazmayıb, onun yaradıcılığını elmi aspektdən təhlil etməyib. Tərəfimizdən "XX əsr Qazax aşıq mühiti" adlı dissertasiyada bu və başqa məsələlər araşdırılıb, müəyyən qənaətlərə gəlinib. (XX əsr Qazax aşıq mühiti, )
Aşıq mühitlərinin yaranması, onların fərqli cəhətləri haqqında Füzuli Bayatın fikirləri maraq doğurur. “Azərbaycanda aşıq poeziyasının yaranması və bəlli yerlərdə özünəməxsus inkişaf mərhələsi keçirməsi aşıq mü¬hitləri adlanır. Bu mühitlər öncə fərdi xarakter daşımış, zamanla mühitə xas sənətkarlıq prinsipləri işlənib hazırlanıb, ənənəvi söz, saz və ifa özəllikləri formalaşıb. Ancaq bugünə qədər Azərbaycan aşıq mühitlərinin bir-birindən fərqlənən sənətkarlıq yolu, mövzu və forması, şer şəkli və texnikası, musiqi özəlliyi tam aşkarlanmayıb. Buna bax¬mayaraq aşıq mühitlərinin yaranma tarixi və bəzi xüsu¬siyyətləri öyrənilib”.
Qazax camaatının çoxu sovetləşməyə qədər yazı yaylaqda, qışı qışlaqda keçirib. Təbiətin içində olmaq elin insanlarını təbii olaraq yaradıcılığa, ruhuyla bir olmağa sövq edib, daxilən kökləyib. Qazax eli həmişə saza-sözə böyük dəyər verib. Bu fikirlər ona əsas verir deyək ki, doğrudan da Qazax mahalında aşıqlıq sənətinin inkişafı üçün hər zaman münbit şərait olub.
Aşıq Cəlalın yaradıcılığında da arana köçmək, dəyə qurmaq, yayı yaylaqda, qışı qışlaqda qarşılamaq kimi xalq yaşamının özünüifadəsinə rast gəlirik. Yeri gəlmişkən, çox zaman türkü sevməyənlər onun köçəriliyini daha çox "yurdsuzluğu", "torpağa bağlı olmaması" və s. kimi yozmağa çalışıblar. Ancaq bütün bunların heç bir əsası yoxdur. Türk mədəniyyəti ciddi, köklü, əsaslı olmasaydı, bu dərəcədə böyük ənənə yarada bilməzdi. Saz bu böyük mədəniyyətin, babalarımızın öz böyük məskənlərində təbiətlə bir olmasının ən böyük sübutudur.

***
Son zamanlara kimi Qazax mahalında toyları və məclisləri aşıqlar idarə edərdi. Aşıqların xüsusi məclisi qurular, ibrətamiz fikirlər səsləndirilər, dastanlar danışılar, aralarında deyişmələr olar, sonda bir aşıq başqasını qıfılbənd edərdi. Əsl sınaq meydanı olardı. O vaxtın toyları hətta üç, yeddi bəzən qırx gün çəkirmiş.
Aşıqlar arasında gedən deyişmələr bədahətən, sinədən gələrdi. Aşıq yaradıcılığında deyişmə əvvəlcə sazın öz kökü üstə, sonra isə aşıq-ifaçının oxusu üstə gedir. Ən axırda küplə biləyi birləşdirən “beçə pərdə” üstündə deyişirlər. Kim beçə pərdədə oxuyardısa, ən uca səsli, ən gur nəfəsli aşıq hesab olunardı. Daim sadə xalqa yaxın olan, onların dərdini öz dərdləri, sevinclərini öz sevincləri bilən aşıqlar illər uzunu sinələrindəki sazı dilləndirməklə seiri musiqiyə çevirib sadə insanların dərdinə də, sevincinə də şərik olublar. Elə ona görə də haqlı olaraq aşıqlara bəzən "həmdəm-həmqəm" deyirlər.
Hər bir xalqın tarixinin və mədəniyyətinin başlanğıcı mahiyyətcə onun mifologiyası ilə şərtlənir. Bu baxımdan Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrimizi qoruyub saxlamasında Qazax mahalının rolu əvəzsızdir. Lakin onu da qeyd edəmək lazımdır ki, Qazax bölgəsinin ayrı-ayrı sənətkarları - el şairləri və aşıqlarının yaradıcılıqları, mühiti və sənəti haqqında təsəvvürləri məhdud olaraq qalır. Hətta demək olar ki, lazımı səviyyədə öyrənilməyib.
Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tarixi-coğrafi adın olmadığını nəzərə alaraq Goranboy-Daşkəsən, Gəncə-Şəmkir-Tovuz-Gədəbəy-Qazax boyundakı irimiqyaslı ərazini şərti olaraq “Gəncəbasar aşıq mühiti” adlandirır. Lakin bu mühitlərin ayrı-ayrılıqda zəngin folklorunu nəzərə alsaq, Qazax aşıq mühiti ustad aşıqları, el şairləri, söz biliciləri ilə yanaşı folklor nümunələrini və adət-ənənələrini hələ də özündə qoruyub saxlamaqla tədqiqatçıların diqqətini cəlb edir. Həm də “Bu el sənətkarları şifahi xalq ədəbiyyatımızın mühüm qolu olan aşıq yaradıcılığında heç şübhəsiz, müəyyən rol oynayıblar”.
Gəncəbasar aşıq mühiti və onun sənət sərhədləri haqqında yazılanlardan aydın olur ki, bu aşıq mühitinin adlanması da şərti xarakter daşıyır. Professor M. Qasımlı yazır: “Göyçə aşıq mühiti 1988-ci ildə Azərbaycan türklərinin zorla dədə-baba yurdlarından çıxarılması nəticəsində dağılmaq məcburiyyəti qarşısında qalmışlar. Qaçqınlıq, didərginlik məşəqqətləri çəkən Göyçə sənətkarları pərakəndə şəkildə Gəncə, Şəmkir, Daşkəsən, Şamaxı və Bakı ərazilərində məskunlaşıblar”.


İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -