Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dünyanın gənc geoloq alimləri Bakıda

15.10.18, 11:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” mövzusunda VII beynəlxalq elmi konfrans işə başlayıb. AMEA-nın Geologiya və Geofizika İnstitutunun yaradılmasının 80 illiyinə həsr olunan konfransda dünyanın 18 ölkəsindən 140-dan çox gənc tədqiqatçı iştirak edir.
Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək son illər ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin xüsusi önəm daşıdığını vurğulayıb. O, konfransın əsas məqsədinin dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, Yer elmləri sahəsində ortaq problemləri müzakirə etmək və onların həlli üçün təkliflər irəli sürmək olduğunu bildirib. F.Qədirov geologiya və geofizika sahəsində çalışan gənclərin müasir elmi yanaşma və metodologiyaları mənimsəmək imkanlarının artırılması baxımından konfransın əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra çıxış edən Geologiya və Geofizika İnstitutunun çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkpər Feyzullayev gənclərin elmə marağının artırılması və tədqiqat işlərinə cəlb olunmasının vacibliyini qeyd edib. O, konfransda aparılacaq müzakirələrin gənclərin gələcək fəaliyyəti üçün müsbət rol oynayacağını diqqətə çatdırıb. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Azərbaycan elminin inkişafında və dünya elminə inteqrasiyasında gənc alimlərin rolundan bəhs edib. O, iki ildən bir təşkil olunan beynəlxalq tədbirin gənc alimlərin yer elmləri sahəsində apardıqları elmi tədqiqat təcrübələrinin artması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə Geologiya və Geofizika İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov konfransın alimlərimizin xarici həmkarları ilə birgə elmi tədqiqat və təcrübə mübadiləsi aparmalarına şərait yaratdığını vurğulayıb. Daha sonra BP-nin səlahiyyətli nümayəndəsi Arzu Cavadova və Martin Lüter Universitetinin professoru İan Lörç təmsil etdikləri müəssisələrin fəaliyyətinə dair təqdimatla çıxış ediblər. Konfransda dörd panel üzrə gənclərin müxtəlif mövzularda elmi məruzələri dinlənilib, müzakirələr aparılıb. Tədbir oktyabrın 18-dək davam edəcək. Qeyd edək ki, beynəlxalq konfransda BP, TOTAL və SOCAR maliyyə dəstəyi verir.

Bu xəbər oxundu
- - -