Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olunub

15.10.18, 11:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Milli Məclis Aparatına təqdim olunub.
Qanun layihəsinin müəllifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevdir.
Qanun layihəsi 12 maddədən ibarətdir.
Sənəddə işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub.
Qanun layihəsini oxucularımıza təqdim edirik:

"Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" Azərbaycan Respublikasının Qanunu

Azərbaycan - suveren, vahid, bölünməz dövlətdir və onun ərazisində 1907-ci il Haaqa qaydalarına, 1947-ci il IV Cenevrə konvensiyasına, eləcə də müvafiq beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın könüllü və dəqiq ifadə edilmiş razılığı olmadan ölkə ərazisində hər hansı bir dövlətin silahlı qüvvələrinin mövcudluğu suveren dövlətin ərazisinin qanunsuz hərbi işğalı kimi qiymətləndirilir.

Maddə 1. Qanunun məqsədi

Bu qanunun məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusunu müəyyənləşdirməkdən və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini təmin etməkdən ibarətdir.

Maddə 2. İşğal edilmiş ərazilər

Bu qanunun məqsədinə uyğun olaraq, aşağıdakı ərazilər Azərbaycan Respublikasının işğal edilmiş əraziləri hesab olunur:
1. Ağdərə rayonunun işğal altında olan əraziləri
2. Hadrut rayonu
3. Xocavənd rayonunun işğal altında olan əraziləri
4. Xocalı rayonu
5. Xankəndi şəhəri
6. Şuşa şəhəri
7. Laçın rayonu
8. Kəlbəcər rayonu
9. Qubadlı rayonu
10. Zəngilan rayonu
11. Cəbrayıl rayonu
12. Füzuli rayonunun işğal altında olan əraziləri
13. Ağdam rayonunun işğal altında olan əraziləri
14. Qazax rayonunun işğal altında olan əraziləri
15. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi

Maddə 3. İşğal edilmiş ərazilərdəki hüquqi rejim

Bu qanunun qüvvədə olduğu müddət ərzində işğal edilmiş ərazilərə fövqəladə vəziyyət rejimi, eləcə də sərbəst hərəkətin məhdudlaşdırılması, bu qanunda nəzərdə tutulmuş iqtisadi fəaliyyət istiqamətləri, daşınmaz əmlak müqavilələri və digər məsələlərlə bağlı xüsusi hüquqi rejim tətbiq olunur.

Maddə 4. İşğal edilmiş ərazilərdə hərəkətin məhdudlaşdırılması

1. Xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin aşağıdakı hallarda işğal edilmiş ərazilərə getməsinə icazə verilir:
a) Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olmayan dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Xarici İşlər Hazirliyindən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərindən müvafiq qaydada viza almaqla və Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə;
b) Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətlərin vətəndaşları Azərbaycan Respublikasının Xarici İşlər Hazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Hazirliyi və Azərbaycan Respublikasının Müdafiə Hazirliyinin razılığı əsasında Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər.
2. Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə bu müddəanın "a" və "b" bəndlərində nəzərdə tutulmuş hüquqi prosedurlardan kənar daxil olan bütün xarici ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılırlar.
3. Yalnız xüsusi hallarda və Azərbaycan Respublikası Hazirlər Kabinetinin təsdiqlədiyi hüquqi aktda nəzərdə tutulmuş qaydalara uyğun olaraq xarici ölkə vətəndaşının, yaxud vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə bu müddəanın "a" və "b" bəndlərində nəzərdə tutulmuş hüquqi prosedurlara əməl edilmədən getməsinə xüsusi razılıq verilə bilər. Belə hallara o zaman icazə verilir ki, xarici ölkə vətəndaşının, yaxud vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səfəri yalnız Azərbaycan dövlətinin maraqlarına, münaqişənin sülh yolu ilə tənzimlənməsinə, işğala son qoyulmasına və humanitar niyyətlərə xidmət etsin.

Maddə 5. İşğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları

1. İşğal edilmiş ərazilərdə daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası qanunlarının pozulması yolu ilə həyata keçirilən istənilən razılaşma qanunsuz sayılır və hüquqi nəticə doğurmur.
2. İşğal edilmiş ərazilərdə mülkiyyət hüququnun əldə edilməsinə yalnız vərəsəlik yolu ilə və birbaşa vərəsəliyi təsdiq edən hüquqi aktların mövcud olduğu təqdirdə icazə verilir.

Maddə 6. İşğal edilmiş ərazilərdə iqtisadi fəaliyyətin məhdudlaşdırılması

1. İşğal edilmiş ərazilərdə aşağıdakı fəaliyyət növləri qadağan edilir:
a) gəlir, qazanc əldə etmə və kompensasiya məqsədi daşımasından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən lisenziyalaşdırılması, razılaşdırılması və qeydiyyatı tələb olunan istənilən iqtisadi (sahibkarlıq və qeyri sahibkarlıq) fəaliyyəti;
b) hərbi və təkrar istifadə məhsullarının gətirilməsi və çıxarılması;
v) beynəlxalq hava və dəmir yolu əlaqələri, eləcə də bütün nəqliyyat növləri vasitəsilə beynəlxalq yük daşınmaları;
q) dövlət resurslarından istifadə olunması;
d) pul köçürmələrinin təşkili;
e) bu müddəanın "a" və "d" bəndlərində nəzərdə tutulmuş fəaliyyətlərin maliyyələşdirilməsi, yaxud həmin fəaliyyətlərə dəstək verilməsi.
2. Yalnız xüsusi hallarda və Azərbaycan Respublikası Hazirlər Kabinetinin təsdiqlədiyi hüquqi aktda nəzərdə tutulmuş qaydalara əsasən, işğal edilmiş ərazilərdə bu müddəanın 1-ci bəndində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsinə xüsusi razılıq verilə bilər. Belə hallara o zaman icazə verilir ki, bu fəaliyyət yalnız Azərbaycan dövlətinin maraqlarına, münaqişənin sülh yolu ilə tənzimlənməsinə, işğala son qoyulmasına və humanitar niyyətlərə xidmət etsin.
3. Bu müddəanın tələblərinin pozulması Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti doğurur.
4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş sanksiyalar işğal edilmiş ərazilərdə bu müddəanın 1-ci bəndində qadağan olunan fəaliyyətlə məşğul olan, yaxud birbaşa və dolayısıyla bu fəaliyyətin həyata keçirilməsində, eləcə də bu fəaliyyətin həyata keçirilməsilə bağlı qərarların qəbulunda iştirak edən bütün mülki və hüquqi şəxslərə şamil olunur.

Maddə 7. İşğalçı dövlətlə münasibətlərin tənzimlənməsi

1. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən Azərbaycan Respublikasının mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət, özəl sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti daşıyırlar.
2. İşğalçı dövlətlə bu qanunun 6-maddəsinin 1-ci bəndində nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq edən, yaxud birbaşa və dolayısıyla bu fəaliyyətin həyata keçirilməsində, eləcə də bu fəaliyyətin həyata keçirilməsilə bağlı qərarların qəbulunda iştirak edən bütün xarici ölkələrin dövlət və qeyri dövlət subyektləri və onların təmsilçilərinin, həmçinin xarici dövlət vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi qadağan olunur.
3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş sanksiyalar işğalçı dövlətin ərazisində bu qanunun 6-maddəsinin 1-ci bəndində nəzərdə tutulan fəaliyyətlə məşğul olan, yaxud birbaşa və dolayısıyla bu fəaliyyətin həyata keçirilməsində, eləcə də bu fəaliyyətin həyata keçirilməsilə bağlı qərarların qəbulunda iştirak edən bütün mülki və hüquqi şəxslərə şamil olunur.

Maddə 8. İşğal edilmiş ərazilərdə insan hüquqlarının və mədəni irsin qorunması

1. İşğal edilmiş ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikasının qanunları həmin ərazilərə də şamil olunur. İşğal olunmuş ərazilərdə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan haqlarının pozulmasına görə bütün məsuliyyət beynəlxalq hüquq normalarına əsasən Ermənistan Respublikasının üzərinə düşür.
2. Azərbaycan Respublikasının icra hakimiyyəti işğal olunmuş ərazilərdə baş verən insan haqlarının pozulması faktları barədə beynəlxalq təşkilatlara mütəmadi məlumat verməyə borcludur.
3. İşğal edilmiş ərazilərdə yaşayan, həmin ərazilərdən köçkün düşmüş Azərbaycan vətəndaşlarına, vətəndaşlığı olmayan şəxslərə, eləcə də bu qanunun tələblərinə uyğun şəkildə işğal edilmiş ərazilərə gedən xarici ölkə vətəndaşlarına dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə görə bütün məsuliyyət hərbi təcavüzü həyata keçirən Ermənistan Respublikasının üzərinə düşür.
4. İşğal edilmiş ərazilərdəki mədəni irsin qorunmasına görə Ermənistan Respublikası məsuliyyət daşıyır.

Maddə 9. Qanunsuz orqanlar (vəzifəli şəxslər)

1. İşğal edilmiş ərazilərdə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydalara uyğun olmadan yaradılan, yaxud faktiki olaraq bu və ya digər şəkildə qanunverici, icra, məhkəmə və ya digər orqanların funksiyalarını yerinə yetirən istənilən qurum qanundan kənar hesab edilir.
2. Bu müddəanın 1-ci bəndində adıçəkilən orqanlar tərəfindən qəbul olunan istənilən akt qanunsuz sayılır və heç bir hüquqi nəticə doğurmur.

Maddə 10. Azərbaycan Respublikası hakimiyyət orqanlarının vəzifələri

1. Bu qanunun tələblərinin pozulduğu təqdirdə Azərbaycan Respublikasının hakimiyyət orqanları Azərbaycan Respublikasının qanuni maraqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan Respublikasının qanunlarında və beynəlxalq hüquq normalarında nəzərdə tutulan bütün mexanizmlərdən istifadə etməyə borcludurlar.
2. Azərbaycan Respublikasının hakimiyyət orqanları bu qanunun tələblərini pozan şəxslərə qarşı onların məskunlaşdığı, yaxud vətəndaşı olduğu dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuş sanksiyaların tətbiqi üçün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərlə müvafiq ikitərəfli müqavilələrin hazırlanmasına borcludurlar.

Maddə 11. Keçid müddəaları

1. Azərbaycan hökuməti bu qanunun qüvvəyə minməsindən sonra bir ay ərzində bu qanunda nəzərdə tutulan və işğal edilmiş ərazilərdə xüsusi rejimin tətbiq olunmasını təmin edən bütün hüquqi aktları qəbul etməlidir.

Maddə 12. Qanunun qüvvəyə minməsi

1. Bu qanun dərc olunduğu andan qüvvəyə minir.

Bu xəbər oxundu
- - -