Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cəbhə bölgəsindəki sakitlik müvəqqətidir”

15.10.18, 12:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabr ayının əvvəlindən bu günə qədər cəbhə xəttində atəşkəs rejiminin pozulması halları azalıb. Belə ki, bundan əvvəl atəşkəs gün ərzində minimum 90-100 dəfə pozulurdusa, hazırda bu rəqəm 20-30 arasında dəyişir.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov açıqlamasında bildirib ki, həmişə atəşkəsin pozulmasının səbəbkarı qarşı tərəf olub və ordumuz cavab atəşi açmaqla düşməni susdurub.
Polkovnikin sözlərinə görə, atəşkəs pozulmalarının azalması siyasi səbəblərlə əlaqədardır: “Son bir ay ərzində siyasi görüşlər keçirildi. Beynəlxalq qurumların, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı bəyanatları var idi. Prezident İlham Əliyev isə çıxışlarında Ermənistana faciə gətirəcək bəyanatlara son qoyulmasına çağırış edirdi. Dövlət başçısı xəbərdarlıq etmişdi ki, cəbhə bölgəsində yaranmış hər hansı vəziyyətə görə cavabdehlik Ermənistan tərəfində olacaq. Bundan sonra beynəlxalq qurumlar fəallaşdı. Paşinyan məcbur oldu ki, masa arxasına otursun. Düşünürəm ki, bu barədə ciddi söhbətlər olub. Prezident İlham Əliyev öz mövqeyini qəti şəkildə bildirib. Ölkə başçısı Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyini ifşa edib və ciddi formada danışıqlar aparılıb. Görüşdən sonra onlar atəşkəsin pozulmasına və cəbhə bölgəsində gərginliyin azalmasına nəzarət edəcəklərinə söz veriblər. Həmçinin Ermənistan rəhbərliyi real vəziyyəti nəzərə alaraq sərt ifadələr işlətməkdən çəkinib”.
Şair Ramaldanov hesab edir ki, cəbhə bölgəsindəki sakitlik müvəqqətidir. Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş torpaqları azad edilmiyənədək cəbhə bölgəsində gərginlik azalıb-artacaq.

Bu xəbər oxundu
- - -