Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ölkəmizdə azsaylı xalqlara məxsus folklor nümunələri təbliğ olunur

15.10.18, 12:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Universitetində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan elmi konfrans keçirilib. Universitetdən bildiriblər ki, tədbirdə ali məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova folklorun tədqiqinin XX əsr dünya elmində yeni səhifə açdığını söyləyib. Qeyd edilib ki, bu baxımdan folkloru araşdırmaq, ona yenidən qayıtmaq hər zaman faydalıdır.
AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin professoru, Əməkdar elm xadimi Kamran Əliyev bildirib ki, konfransın keçirilməsinin məqsədi azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanılması, tədqiqi və gələcək nəsillərə çatdırılmasıdır. Nəzərə çatdırılıb ki, AMEA Folklor İnstitutunun əməkdaşları və Azərbaycan Universitetinin tələbələri qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsi sayılan Lahıcın tarixi və təbiəti ilə tanış olub, bu unikal məkanın folkloru, adət-ənənələri ilə bağlı xeyli material toplayıblar. K.Əliyev Lahıcın turizm imkanlarından da danışıb. Dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi qorunan Lahıcın Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edildiyini söyləyib. Bildirib ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanılmasında onların yaratdıqları folklor nümunələrinin böyük rolu var.
Konfransda Kamran Əliyevin “Lahıc folklorunun özəllikləri”, Folklor İnstitutunun əməkdaşları, azsaylı xalqların folkloru şöbəsinin müdiri, dosent Afaq Ramazanovanın “Azərbaycanda yaşayan xalqlar SMOMPK məcmuəsində”, mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun “Lahıc bayatılarının lirosemantikası”, folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın “Müqayisəli folklorşünaslıq: Lahıc nümunələri əsasında”, universitetin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura tələbəsi Reyhan Mənəfovanın “Lahıc folklorunda bayatıların bədii xüsusiyyətləri” və bu ali məktəbin filologiya ixtisası üzrə IV kurs tələbəsi Afaq Aslanovanın “Lahıc lətifələrinin özünəməxsusluğu” mövzularında məruzələri dinlənilib. Konfransda dinlənilən məruzələr toplu şəklində çap olunaraq iştirakçılara təqdim ediləcək.

Bu xəbər oxundu
- - -